Bu gün Azərbaycan Mətbuat Şurasının (AMŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Şuradan Teleqraf.com-a verilən məlumata görə, AMŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 5 məsələ ilə bağlı müraciətləri müzakirə ediblər.
Əvvəlcə Dəniz Administrasiyasının "Haqqınsesi.com" saytı barədə şikayəti araşdırılıb. Komissiyanın fikrincə, həmin kütləvi informasiya vasitəsinin narazılıq doğuran yazını oradan götürməsi müsbət haldır. Lakin sayt qarşı tərəfdən üzr istəməyib, onun mövqeyinin öyrənilməsinə və təqdim olunmasına cəhd göstərməyib.
Komissiya məsələyə belə məsuliyyətsiz yanaşmanın, həmçinin həmin KİV-in "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq rekvizitləri göstərməməsini, orada yayımlanan materialların əksəriyyətində etik pozuntulara yol verilməsini "reket jurnalistika"ya xas cəhətlər kimi dəyərləndirib.
"Haqqın səsi" saytına Mətbuat Şurasının ciddi xəbərdarlığının edilməsi, məsələnin MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında da müzakirə olunması məqsədə müvafiq sayılıb.
Komissiya "Dünyaxeber.com" saytı barədə də eyni ölçünü götürüb. Bildirilib ki, bu KİV-in Bakı şəhər 275 saylı orta məktəb barədə yayımladığı yazıda "reket jurnalistika"ya xas dəst-xətt aydın nəzərə çarpır.
"Anaxeber.az" saytı ilə bağlı məsələnin də həmin komissiyada baxılması barədə razılığa gəlinib. İclasda vurğulanıb ki, bu KİV-in Kürdəmir rayon icra hakimiyyətinin başçısı Çeyhun Cəfərov barədə yayımladığı materialda "Azərbaycan Jurnalistikanın Peşə Davranış Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələbləri pozulub.
İclasda "Discoveri Azerbaycan" jurnalının əməkdaşı Aida Eyvazovanın və "Femida.az" saytının müxbiri Mircəlal Məcidovun "Aztehsil.com" saytının plagiata yol verməsi barədə müraciətlərinin müzakirəsində cavabdeh tərəfin hər iki jurnalistin müəlliflik hüququnu pozduğunu müəyyənləşdirilib. Belə ki, sayt onların vətənpərvərlik mövzusunda yazdığı publisistik materialların bir qismini nöqtəsinə, vergülünə toxunmadan əməkdaşı Leyla Həsənovanın imzası ilə yayımlayıb. Komissiya plagiat faktını ciddi irad kimi "Aztehsil.com"un rəhbərliyinin nəzərinə çatdırıb.
Sayta yazıların hər iki müəllifindən üzr istənilməsi, təkzib verilməsi, həmin nümunələrin oradan götürülməsi tövsiyə olunub.