10 Avqust 2016 18:37
2 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda arıçılığın tarixi qədimdir. Deyir, hara güllü-çiçəkdirsə, orda bal olur. Həmsöhbətimiz güllü-gülüstan bir diyarın–Astara rayonunun Siyakü kənd sakini Famil Həbibovdur. Orta məktəbdə oxuyanda Quran kursuna gedib. Hazırda Astarada arıçılıqla məşğul olur.

-Famil bəy, neçə ildir arıçılıq təsərrüfatı ilə məşğul olursunuz ?

-On ildən çoxdur. Bu sahədə bilmədiklərimi böyük əmimdən soruşub öyrənirəm. İki əmim 45 il arı saxlayıb.

-Təmiz bal anlayışı varmı? Yəni hansı bala tam təmiz bal demək olar?

-Bütün ballar təmiz olur. Bəzi arıçılar insanlara təmiz sözünü əsas gətirərək şirə və bəzi qatqısı olan məhsullar verirlər. Çünki şirə və bəzi qatqılar təmiz olur, amma təbii olmur.

-Təmiz bal ən yaxşı baldırmı?

-Əsl bal arının şirə və bəzi qatqılar görmədən meşədən, təbiətdən gül-çiçəkdən çəkdiyi məhsuldur.

-Bəs təbii balı saxta baldan neçə seçmək olur?

-Bir çay qaşığı təbii balı atırsan suya. Əgər qarışdıranda su bulanıq limon rəngi verirsə, deməli, təbii baldır. Əgər şəffaf su qalırsa, onda o balın tərkibində çiçək, efir yağları yoxdur ki, o su bulanmır. Başqa bir metod odur ki, balı qəzetin üstünə çəkirsən, qəzetin o biri tərəfi yaş olsa, o, təbii bal deyil. Təmiz bal qış aylarında xarlanır, balı ağzına qoyan zaman çiçəklərin ətrini ağzında hiss edirsən.

-Famil bəy, arıçılıq təsərrüfatı ilə məşğul olan insan digər insanlardan necə seçilir?

-Bir insanın əl barmaqlarının üstündə döyənək varsa, bilin ki, o, arıçılıqla məşğul olur. Əlindəki döyənək çoxdursa, deməli, bu işlə uzun illərdir məşğul olur.

-Arıçının inventarı nədir?

-Birincisi papaq. Arı üzümüzü sancmasın deyə papaq geyinirik. Ana arı üçün qəfəs ana arının bir yerdən digər yerə daşınmasında və anasız pətəklərə verilməsində istifadə olunur. Bu qəfəsdə ana arı işçi arılarla 10-15 gün qala bilər.

Tüstü qabı arıxanada iş zamanı körükdən verilən tüstü zamanı arıları sakitləşdirmək üçün istifadə olunur. Həmçinin bəzi tüstü dərmanlarının verilməsi zamanı da kara gəlir.

Əymə dəmir pətək gövdəsini və başqa hissəsini bir-birindən ayırmaq, yaxud çərçivələri yerindən tərpətmək, pətəyin dibini, divarını və çərçivələri təmizləmək üçün işlədilir.

Arıçı bıçağı ballı çərçivələri bal süzmə aparatına qoymamışdan onların üstünü açmaq üçündür.

Yardımçı pətək 4-6 çərçivəlik yeşikdir. Pöhrə tutmaq üçün istifadə olunur.

-Bal hansı xəstəliklərin dərmanıdır?

-Mədə-bağırsaq, qaraciyər, öd kisəsi xəstəliklərini balla müalicə etmək mümkündür.

- Süzülmüş bal necə hazırlanır?

-Çərçivədən şanı çıxarılır, üzərindəki arılar təmizlənir. Daha sonra şanının üzünü təmizləyirsən, bal süzən aparata yerləşdirisən ki, süzülmüş bal alınsın. Şanının üzünü götürməsən, bal qabın içinə süzülməyəcək. Həmin şanın üstü balın qaymağı sayılır. Əsasən, mədə-bağırsaq xəstəliyinə xeyirdir. Qeyd edim ki, hər bir çərçivədə bir ana arı olur.

-Famil bəy, bu il arıda məhsul necədir?

- Keçən il yaxşı idi, bu il məhsul zəifdir. . İl ərzində hər normal arı ailəsindən 10-12 kiloqram məhsul almaq olur. 20 arı ailəsindən 20-30 kiloqram məhsul götürsək, yaxşıdır. Amma bu il 20 arı ailəsinin hərəsindən 2-3 kiloqram bal oldu. Məndə ancaq bal, arı südü, güləm, propolis, mum olur.

-Arıçılıq təsərrüfatınızda nə qədər arı ailəsi var?

- Hazirda 20 ari ailəsi var. İnşallah, bir-iki ilə 150-200 arı ailəsi olacaq.

-Balı neçəyə satırsız?

-Balın qiyməti satıcının insafından asılıdır. Mən süzülmüş balın 2 kilosunu 20 manata, şanı ilə birlikdə 1 kilosunu 30 manata satıram. Elə insanlar var ki, ağır xəstəsi olanların vəziyyətindən istifadə edib 1 kilo balı 100-150 manata satır. Amma alan insan bilsə ki, o bal 20-30 manata satılan balla eyni keyfiyyətdədir, yəqin çox təəccüblənər.

-Satdığınız balı hansı bazara çıxarırsız?

-Heç bir bazara çıxarmıram. Müştərilər balı evdən alıb aparır, yaxud sifariş edirlər, göndərirəm. Sifariş çox olanda özüm ünvana çatdırıram. Demək olar ki, Azərbaycanın müxtəlif rayonlarına bal satmışam. Satdığım balın 70-80 faizi Bakıya gedir. Bundan əlavə, iki dəfə Rusiyaya, bir dəfə Almaniyaya, bir dəfə də Türkiyəyə bal satmışam. Allaha şükür, arıdan götürdüyüm məhsul gələn ilə qalmadan satılır.

-Tanınmış kimlərə bal satmısız?

- Azərbaycanda bir çox tanınmış şirkət rəhbərlərinə, məmurlara bal satmışam. Azercell-in bas ofisi, Kapitalbank, Atabank-dan müştərilərim var. Bir dəfə SOCAR prezidenti Rövnəq Abdullayev məndən bal alıb. 10 kilo balı 3 çərçivədə şanı ilə birlikdə satmışam. Balın kilosunu şanı ilə birlikdə 30 manatdan vermişəm. Kasıblara neçəyə satmışamsa, ona da həmin qiymətə satmışam. Yəni imkanlının imkanından istifadə edib baha qiymət deməmişəm. Aldadıb pul almaq mənlik deyil. Elə pul haram sayılır.

-Bu işlə məşğul olmaq çətindir?

-Əlbəttə, çətindir. Günün istisində kondisionerli evdə oturmaq olmur. Biz arıçılar isə yayın istisində uzunqol köynək geyib, başımızda qoruyucu papaq arı təsərrüfatı ilə məşğul oluruq.

-Deyirlər, arı təsərrüfatına girən zaman ağ paltar geyinməlisən. Bu nə dərəcədə düzdür?

-Düzdür. Arıların ağ paltardan xoşu gəlir. Arı qoxuya həssasdır. Əgər geyimdən ətir iyi gəlsə, arılar insanın üstünə hücum edir.

-Kötük balı necə olur?

-Kötük balı təsadüfdən asılıdır. Ana arılar beçə verən vaxtı bəzən uçub köhnə ağacların kötüyündə özünə yuva salır. Meşələri gəzən zaman belə ağacları tapıb balı götürürük. Bir kötükdən təxminən on kilo bal yığmaq olur. Kötükdən alınan bal şəkər, böyrək xəstəliklərinin dərmanıdır.

-Bəs arılar necə artır?

-Yumurtalıqların içərisinə arı maya qoyur. 24 günə həmin mayadan işçi arı çıxmalıdır. Yaz aylarında daha çox arı çıxır. Amma içindən 8, 9 və ya 10 min arı çıxdığını bilmirik. Çünki biz onu saymırıq. 24 günə bal arısı, 12 günə şah arı çıxır. İşçi arı 30 günündə bal daşımağa başlayır. Arı şahı çərçivədəki ailəni idarə edir.

-İşiniz daha çox hansı fəsildə olur?

-May ayında.

-Sizi arı vurubmu?

-Dəfələrlə. Gün ərzində 4-5 dənə arı birdən vurur, bəzi hallarda 20-dən çox arı vurub. Amma ziyanını görməmişəm.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər