Satışda olan mənşəyi məlum olmayan məktəbli formalarının laborator sınaq nəticələri məlum olub
Bu barədə Teleqraf.com-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin – məktəbli formalarının standartların tələblərinə uyğun olmadığı, əmtəə nişanının saxtalaşdırılaraq istifadəsi barədə şikayət daxil olunub və araşdırılıb.
Müəyyən olunub ki, “Binə”, “Sədərək” ticarət mərkəzlərində, Əhmədli qəsəbəsində yerləşən ticarət mərkəzində, 8-ci kilometr qəsəbəsində yerləşən bazar, həmçinin Şəki, Oğuz, Göyçay şəhərlərinin geyim-satış məntəqələrində mənşəyi bilinməyən, başqasına məxsus əmtəə nişanını özününküləşdirərək, keyfiyyətsiz məktəbli geyimləri satılır.
“Binə” və “Sədərək” ticarət mərkəzlərindəki satış məntəqələrindən götürülmüş nümunələr Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yüngül sənaye məhsullarının sınağı laboratoriyasına təqdim olunub. Laborator müayinələrin nəticəsində müəyyən olunub ki, məktəbli formaların üzlük və içlik parçaları mövcud normativ sənədlərin tələblərinə uyğun deyil.
Normativ sənədlərə əsasən içlik parçanın tərkibində kimyəvi liflərin (sintetikanın) miqdarının 50%-dən və üzlük parçanın tərkibində kimyəvi liflərin (sintetikanın) miqdarının 67%-dən çox olmaması nəzərdə tutulmasına baxmayaraq, sınaqların nəticələrinə görə kimyəvi liflərin (sintetikanın) miqdarı müvafiq olaraq 98,9% və 93,7% olub.
Satışdakı mənşəyi bilinməyən bütün məhsulların üzərində “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanından qeyri-qanuni istifadə olunduğu aşkar olunub. Hazırda araşdırmanın nəticələri əsasında qanunvericiliyə uyğun tədbirlər görülür.
Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (ГОСТ 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələblərinə uyğun istehsal edilir.
İlhamə ƏBÜLFƏT