Gənclər və İdman Nazirliyinin idman şöbəsinə yeni müdir təyin olunub. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, bu, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurovdur.
34 yaşlı mütəxəssis yeni vəzifədə dünyasını dəyişmiş Mirkamil Rəhimovu əvəzləyib.
Qeyd edək ki, Fərid Salman oğlu Mansurov 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub.
Olimpiya çempionu (Afina-2004), ikiqat Dünya çempionu (2007, 2009) və gümüş medalçısı (2002), Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin qalibi (2009), gənclər arasında Dünya çempionu (2001), yeniyetmələr arasında dünya çempionatının gümüş medalçısı (1997), 2010-2011-ci illərdə yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi olub. 2011-ci ildən Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti idi.
Azərbaycan Respublikası Prezidentinin Sərancamları ilə 2002-ci ildə “Tərəqqi” medalı, 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.