Əmlak Məsələləri Dövlət Komitəsinin torpaqların istifadəsinə və mühafizəsinə nəzarət üzrə dövlət müfəttişləri Salyan və Neftçala rayonlarında süni balıq göllərinin salındığı torpaq sahələrində monitorinq keçiriblər.
Komitədən Teleqraf.com-a verilən xəbərə görə, monitorinqlər zamanı aşkarlanan süni balıq gölləri ilə bağlı inzibati protokollar tərtib edilib, cərimələr tətbiq olunub. Bu istiqamətdə tədbirlər Azərbaycanın digər bölgələrində də davam etdirilir.
Araşdırmalar nəticəsində bugünədək ölkə üzrə bu qaydada 304 balıq gölünün yaradıldığı müəyyən edilib.
Belə süni balıq göllərinə ən çox Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, İmişli, Yevlax rayonlarında rast gəlinir. Həmin göllər vətəndaşların mülkiyyətinə pay torpağı kimi verilən əkin sahələrində, dövlət mülkiyyətinə aid qış otlaqlarında, dövlət ehtiyat fondu torpaqlarında və bələdiyyə mülkiyyətinə aid örüş-otlaq sahələrində yaradılıb.
Komitə Xəzər dənizinin sahilyanı mühafizə zolağında aparılmış özbaşına tikintilər və qeyri-qanuni istifadə hallarının qarşısının alınması ilə əlaqədar monitorinqlər də keçirir.
Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4000 manat, 8000 manat və 40000 manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində belə torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.
Torpağı özbaşına hasarlama, becərmə və ya dəyişdirməyə yol verənlər 8-10 min manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Torpağın vəziyyətinə zərərli təsir göstərən tikintilərə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimələnir.
İlhamə Əbülfət