12 Sentyabr 2016 14:42
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 11 oktyabr tarixində keçiriləcək yeni hərrac elan edilib.

Komitədən “Report”a verilən xəbərə görə, budəfəki hərraca 85 dövlət müəssisə və obyekti çıxarılıb. Hərraca çıxarılan dövlət əmlaklarının 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılan kapitalının nəzarət səhm paketinin 30-45%-ni təşkil edən, Bakı, Gəncə, Sumqayıt şəhərləri, habelə Salyan, Ucar, Beyləqan, Ağdaş, Yevlax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, dəmir beton, sənaye, emal və digər sahələri əhatə edir.
Bundan əlavə, oktyabrın 11-də keçiriləcək hərraca 30 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən qeyri-yaşayış sahələri, habelə ictimai iaşə və ticarət müəssisələri var. Eyni zamanda, hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi də yer alıb.

Komitənin özəlləşdirmə portalı, habelə rəsmi internet saytı vasitəsi ilə satışa çıxarılan əmlaklar barədə ətraflı məlumat əldə edərək istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəyərək iştirakçı hüququnu əldə etmək kifayətdir. Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda iştirak edə bilər.

ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.


Müəllif:

Oxşar xəbərlər