Tərtər Rayon İcra Hakimiyyətinin başçısı rayonun rəhbər işçiləri, Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli və “Yeni Üfiq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli ilə birlikdə N saylı hərbi hissədə olub, onlara bayram sovqatı aparıblar.
Teleqraf.com-un xəbərinə görə, hərbçiləri Qurban bayramı münasibəti ilə təbrik edən rayon rəhbəri Müstəqim Məmmədov Ali Baş Komandan tərəfindən orduya, cəbhə bölgəsi olan Tərtər rayonuna göstərilən diqqət və qayğıdan söhbət açıb, ölkə rəhbərinə qəhrəman tərtərlilər adından öz minnətdarlığını bildirib. Sonra Qarabağ Seyid Ocaqları Birliyinin rəhbəri Seyid Camal Əzimbəyli, “Yeni Üfiq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli, rayonun hərbi prokuroru Fuad Məmmədov, N saylı hərbi hissənin komandiri Qiyas Abbasov rayon prokuroru Azər Hətəmov, polis rəisi Rauf Məcidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Ruslan Quliyev çıxış edərək əsgər və zabitləri müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edib, gənclərə öz tövsiyələrini veriblər.
Qonaqlar hərbçilərlə bayram süfrəsi arxasında əyləşib, sonra Müdafiə Nazirliyinin hərbi orkestrinin iştirakı ilə bayram konserti olub. Polkovnik Abdulla Qurbaninin təqdimatı ilə olan konsert proqramı hərbçilər tərəfindən böyük coşqu ilə qarşılanıb.