İraqdan heç də xoş olmayan xəbərlər gəlir.
Teleqraf.com-un xəbərinə görə, kürdlərin lideri Məsud Bərzani bəyan edib ki, İraq Kürd Muxtariyyətinin ərazisinə daxil olmayan, ancaq 2014-cü ildən bu yana peşmərgənin nəzarətində olan Kərkükün gələcəyi üçün referendum keçiriləcək.
Onun dediyinə görə, İraq Kürd Muxtariyyəti rəsmi Bağdad ilə Kərkük mövzusunda “razılıq” əldə edib. Məhz bu razılığın əsasənda bölgədə referendum keçiriləcək.
Bərzani qeyd edib ki, referendumda Kərkükdə yaşayan insanlara “Bağdad idarəçiliyində, yoxsa Kürd muxtariyyətinin idarəçiliyində yaşamaq istəyirsiniz” sualı veriləcək.
Məsud Bərzani Kərküklə bağlı fikirlərini France 24 televiziya kanalına müsahibəsində deyib.
Qeyd edək ki, İraq konstitusiyasına əsasən, Kərkük şəhəri Şimali İraq Kürd Muxtariyyətinin ərazisi sayılmır. Lakin 2014-cü ildə İŞİD qüvvələrinin hücumları səbəbindən Kərkük de-fakto kürd peşmərgələrinin nəzarətinə keçib.
Ən son xəbərlərə görə Kərkükün gələcəkdə kimin nəzarətinə keçəcəyi mövzusunda İraq kürdlərinin öz arasında ciddi fikir ayrılığı yaranıb. Hazırda iraqlı kürdlər Cəlal Təlabaninin lideri olduğu Kürdüstan Yurdsevərlər Partiyası və Məsud Bərzaninin sədri olduğu Kürdüstan Demokratik Partiyada birləşirlər. Kərkükün gələcəkdə hansı partiyanın nəzarətinə keçə biləcəyinə dair fikir ayrılığı da bu qrupların maraqları ilə əlaqəlidir. Kürdüstan Yurdsevərlər Partiyası Məsud Bərzanini açıq ittiham edib. Partiyanın nümayəndəsi Ranj Təlabani bəyan edib ki, 2014-cü ildə İŞİD hücumları zamanı Cəlal Təlabaniyə bağlı qüvvələr Kərkük şəhərini xilas etmək üçün savaşlar apardığı zaman Məsud Bərzaniyə bağlı silahlı dəstələr ancaq ərazidəki neftlə zəngin olan yerləri müdafiə etmək xəttini seçiblər.
Cavad