Bu gün neftçilərin peşə bayramıdır. Bayram günü ömrünün 20 ilini neft sahəsinə həsr edən mədənçi İradə İsmayılova ilə söhbətləşdik.
Həmsöhbətim 1963-cü ildə Kəlbəcər rayonunda anadan olub. Həmişə neftçi olmaq istəyib, bu istəyini gec də olsa reallaşdırıb: “Ali təhsilim yoxdur. Kəlbəcərli bir oğlanla ailə həyatı qurdum, 3 il ailəli oldum, 1 qızım doğuldu. Həyat yoldaşım Qarabağ müharibəsində itkin düşdü.
Məcburiyyət qarşında qalıb, ali təhsilim olmasa da, iş axtarmağa başladım. Çünki kiməsə möhtac olmadan qızıma baxıb, onu böyütməli idim”.
İradə İsmayılova deyir ki, işləmək üçün SOCAR-a üz tutub və işə qəbul olub: “Ailə vəziyyətimi, çətinliyimi nəzərə alıb məni işə götürdülər. “Azneft” İstehsalat Birliyinin "Neft Daşları" neft-qaz çıxarma idarəsində fəhlə kimi işə başladım. Orada mədənçi işini dərindən öyrəndim. 20 ilə yaxındır mədənçiyəm.
Həyat elədir ki, insan hər bir çətinliyin öhdəsindən gələ bilir. İşin ağırlığına baxmayaraq çalışırsan, mübarizə aparasan. Təki namuslu ömür sürəsən. Bütün bunları nəzərə alıb Neft Daşlarında işlədim və işimdən peşman deyiləm”.
Dənizdə işləməyin çətinliklərinə baxmayaraq həmsöhbətim dəniz neftçisi olmağın məsuliyyətini anlayır: “Quruda işləyən adam yıxılanda torpağa düşür, dənizdə suya yıxılırsan. Bu, daha böyük narahatlqıdır. Yol gedib-gəlirsən, estakadanın üstündə işləyirsən, orada qaz, elektrik enerjisi və aşağı sudur. Adi bir diqqətsizlik böyük təhlükə yarada bilər. Onun üçün çox məsuliyyətlə çalışırıq ki, elə bir problemlə rastlaşmayaq”.
İradə İsmayılova deyir ki, dənizdə hər an hansı hadisə baş verəcəyi bilinmir: “Gün olub ki, dəniz vağzalından Neft Daşların gəmi ilə 5 saat yarım yol getmişik, amma qasırğaya düşmüşük və gəmi limana yan ala bilməyib. Məcbur olub geri qayıtmışıq. İş zamanı təhlükə ilə qarşılaşsaq da, artıq öyrəşmişik. İşlədiyim illər ərzində bir çox təhlükəli anlar yaşamışam. Yalnız bir hadisəni hələ də unuda bilmirəm.
Təxmini 6-7 il bundan əvvəl 810 saylı estakadada işləyirdim. Bir dəfə gecə vaxtı qaz yığan maşınlarda partlayış oldu. Bir neftçi o yanğından özünü xilas etmək üçün cəhdlər göstərsə də, alınmadı və yandı. Onun yanması anları hələ də fikrimdən çıxmır, buna görə də həmin meydançaya yaxın gedə bilmirəm. İşimiz elədir ki, hər təhlükəyə hər an hazır olub qorxunun içində biri-birinə doğmalaşırsan. Həyatımın əvvəlinə qayıtsam, yenə dənizdə işləyərəm”.
Həmsöhbətimin sözlərinə görə, işlədiyi müddətdə 1 dəfə də işə gecikməyib: “Növbəli rejim olduğu üçün vaxtında işdə olmalıyıq ki, digər növbə evə getsin. Mən gündüz növbəsində işləyirəm, amma zərurət yarananda gecə növbəsinə də çıxıram.
Kollektivimiz çox mehribandır. Biz təhlükə anlarını, qorxunu birlikdə yaşamışıq, həmişə biri-birimizə dəstək olmuşuq. Neçə illərdir kişi neftçilərlə çalışıram. Birdən işimizdə elə problem olur ki, o işi görməyə fiziki cəhətdən gücüm çatmır, kişi neftçiləri köməyə çağırıram. Əynimizdə kişi paltarı, başımızda kaska olur. İşimiz kişi işidir, bəzən qadın olduğumuzu unuduruq”.
İradə İsmayılova deyir ki, işini nə qədər sevsə də, 15 gün evdən nəvələrindən ayrı qalmaq onun üçün çətindir: “Bura mənim iş günlərimdə yaşadığım ikinci evimdir. Evdə nəvələrimlə oynayıram, əylənirəm. Hər dəfə dənizə gedəndə nəvələrimlə vidalaşıram. İş müddəti bitəndə, evə dönəcəyimiz gün sevinirik. Axı, quruda bizi əzizlərimiz və möhkəm torpaq gözləyir...”
Neft Daşlarına işə çatanda əvvəlcə təhlükəsizliyə görə təlim keçdiklərini deyən neftçi qadın əlavə edir ki, təlimdən sonra quyuların rejiminə baxırlar, neftin hasilatı ölçürlər: "Daha sonra neft quylarının tənzimləyicisini yoxlayıb yenisi ilə əvəz edirik. Əgər quyularda LW rejimində dəyişiklik olarsa, onu nizama salıb, öz qaydasına qayyarırıq. Quyuları gün ərzində nəzarətsiz qoymuruq. Çünki quyular qaz-layf üsulu ilə işləyir. İşıq sönsə, rejim pozular və neft xəttində neft dayana bilər”.
İradə İsmayılova hər il neftçilər gününü bayram edir: “Hər il bu günü qeyd edirik. Dənizçi, neftçi olmağımla fəxr duyuram. Bütün təhlükəli anlara baxmayaraq mən yenə də dənizdə işləyərəm. Ürəklə deyə bilərəm ki, burada işlədiyim müddətdə qorxu nədir bilməməyi öyrənmişəm”.
Həmsöhbətim neftçilər günü və bəzi bayramlarda şirkət tərəfindən mükafatlandırıldığını da vurğulayır: “Rəhbərlik heç vaxt bizi yaddan çıxarmır”.
İlhamə ƏBÜLFƏT