“Ermənistanın Rusiya istehsalı olan “İsgəndər” raketlərinə malik olması xəbərinin yayılmasına reaksiya Azərbaycan XİN-dən deyil, Müdafiə Nazirliyindən gəldi. Nazir Zakir Həsənovun sentyabrın 21-də prezidentin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə müşavirədə əsas cümləsi bu oldu: “Azərbaycan üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmalıyıq”.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu qeyd edib ki, bu cümlədə söhbət konkret Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdən getmir, “düşmənin bütün ərazisi” fikri işlədilir: “Yəni bu o deməkdir ki, cəbhə bölgəsində gələcək toqquşmada Ermənistan “İsgəndər” raketlərindən istifadə etsə, Azərbaycan ordusu bu dəfə Ermənistan ərazisini də vuracaq və bu zaman rəsmi Bakı İrəvanın istinad etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “ortaq müdafiə” prinsipinə məhəl qoymayacaq. Həm Zakir Həsənovun açıqlaması, həm də eyni gündə İlham Əliyevin Azərbaycan hərbi-sənaye kompleksinin istehsalı olan “Zərbə” pilotsuz uçuş aparatlarına baxış keçirməsi Ermənistanın “İsgəndər” raketlərinin nümayişinə verilən cavablar idi”.
Qeyd edək ki, sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda “İsgəndər” raketləri də nümayiş etdirilib. Lakin bu raketlərin Ermənistana, yoxsa Rusiyanın Gümrüdəki 102-ci bazasına məxsus olduğu açıqlanmayıb.
Səxavət