Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı "Azəravtoyol” ASC tərəfindən müvafiq işlər davam etdirilir.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, təmirinə başlanan Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun uzunluğu 28.7 km-dir. Tikinti layihəsi çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Hazırda qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində Qaraçayvə Qapıçay çayları üzərində yeni körpülər inşa edilib. Müvafiq olaraq körpülərin uzunluqları 12 və 24 metr təşkil edir. Bundan başqa zəruri olan yerlərdə suötürücü boruların tikintisi də aparılır. Ümumilikdə yol boyu 410 metr müxtəlif diametrli su borularının tikintisinin aparılması nəzərdə tutulub.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Tikinti işləri bitdikdən sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun tikintisi ilə yük və sərnişin daşımasını xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.