30 Sentyabr 2016 15:37
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzaladı. ABAD (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin yaradılmasında məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın yüksəlişinə, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməklə sosialyönümlü layihələr həyata keçirməkdir.

Fərmana əsasən, pilot layihə çərçivəsində ABAD mərkəzlərinin fəaliyyətə başlaması üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə bir milyon manat ayrılması nəzərdə tutulub.

Sentyabr ayının 3-də isə Masallı şəhərində “ASAN həyat” kompleksi açıldı. Kompleksdəki “ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. ABAD mərkəzi də ilk olaraq Masallıda qurulub.

Dünən “ASAN xidmət” Masallıya infotur təşkil etməklə jurnalistləri sözügedən “ASAN həyat” kompleksi və ABAD mərkəziylə tanış edib.

“ASAN həyat” kompleksi 4 mərtəbəli inzibati tikilidən və ictimai iaşə obyektləri yerləşən 6 binadan ibarətdir.

Tanışlıq çərçivəsində kompleksdə ilk olaraq nəzərə çarpan vətəndaşların istirahəti və əyləncəsi üçün nəzərdə tutulan müxtəlif iaşə obyektləri oldu. Bura kinoteatrdan tutmuş kafe, incəsənət məktəbi, bank, ASAN Brend dükanı və “ASAN İntelektual” gənclər mərkəzi daxildir.

Beləliklə, əhali “ASAN xidmət” mərkəzinin xidmətləriylə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcək.

Bununla yanaşı, ərazidə park, fontan və oturacaqlar, 80 avtomobil üçün avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb. Kompleksin kənarından keçən çayın quru hissəsində helikopter meydançası yaradılıb və vətəndaşların istirahəti üçün park salınıb. Kompleksdə balacalar da unudulmayıb, onların əylənə biləcəyi oyun sahəsi nəzərdə tutulub.

“ASAN” həyat kompleksində ekskursiyamız davam edir. Kompleksi təşkil edilən mərkəzlərlə tanışlıq zamanı onu da öyrənirik ki, bu kimi iaşə obyektlərinin təşkili rayonda bir ilkdir. Vətəndaşlar bir sıra xidmətlərdən ancaq bu kompleksdə yararlana bilərlər. Buraya xüsusilə gənclərin asudə vaxtlarını səmərəli keçirə biləcəyi Heydər Əliyev İncəsənət Məktəbini, “ASAN İntellektual” gənclər mərkəzini, kinoklubu da aid etmək olar. Gənclər mərkəzi onların vaxtlarını dəyərləndirməsinə yardımçı olmaqla yanaşı, gələcəkdə karyera qurmaları üçün lazım olan bilik və bacarıqları aşılayacaq.

“ASAN xidmət” mərkəzində vətəndaşlara 170 əməkdaş, 80 könüllü xidmət edir. Cənub bölgəsində yaşayan vətəndaşlar artıq bu mərkəzə müraciət etməyə başlayıblar. Vətəndaşlar onların işini asanlaşdıran bu xidmətlərdən razılıq edirlər. Xüsusilə də yaşlı vətəndaşlar...

Şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün mərkəzə müraciət edən 80 yaşlı Xanməmməd Babayev: “Bizim rayonumuzda belə bir mərkəzin açılmasından olduqca razıyıq. Camaata yaxşı xidmət göstərilir. Xidmətlər gəlib-gedənlərin də ürəyincədir, bütün işlər eyni yerdə həll olunur. Əməkdaşlar səbrlə, gülər üzlə suallarımızı cavablandırırlar. Bizə belə şərait yaratdıqlarına görə sağ olsunlar.

Kompleks barədə də müəyyən məlumatım var. Məncə, əhali o obyektlərdən də istifadə edəcək. Yəqin ki, gənclərimiz üçün daha maraqlı olar”.

“ASAN Xidmət” Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynovun sözlərinə görə, kompleksdəki iaşə obyektlərində qiymətlər regiona uyğun olaraq müəyyənləşdirilib: “Qiymətlər Bakıya nisbətən xeyli ucuzdur. Məsələn, Bakıda kino mərkəzlərində filmə baxmaq üçün 6-8 manat ödəməli oluruqsa, burda yerləşən kinoklubda bu qiymət 3-5 manatdır.

Kinoklub iki mərtəbədən ibarətdir. Aşağı mərtəbədəki zal 136 nəfərlik, yuxarı mərtəbədəki isə 53 nəfərlikdir. Burda yerli və xarici dildə, həmçinin 3D formatında filmlər nümayiş etdirilir”.

İndi isə ASAN – Brand Store dükanına baş çəkirik. Burada xüsusi dizaynlı, “ASAN xidmət” brendli geyimlər, aksessuarlar, suvenirlərin satışı təşkil edilib: “Dünya təcrübəsində belə bir tendensiya var ki, hər bir brendin özünəməxsus məhsulları olur. Həm də ASAN brendinin təbliğatı üçün mövcud imklanlardan istifadə etməklə belə məhsullar ortaya qoyduq. Bu mağaza ASAN brendi altında yerli və türk istehsalı olan geyim və digər məhsulların satışı üçün nəzərdə tutulub. Satışda daha çox gündəlik istifadə edə biləcəyimiz geyimlər olacaq. Qiymətlər 10-12 manatdan başlayacaq. Daxili bazara nisbətən qiymətlər ucuzdur. Bu mağazanın açılmasında məqsəd maliyyə əldə etmək deyil”.

Kompleksdə vətəndaşların istirahəti üçün açıq zona hesab olunan geniş park da yerləşir.

Daha sonra ABAD Mərkəzi və onun iş prinsipləri ilə tanış oluruq. ABAD cənub regionunda ailə təsərrüfatlarının qurulmasında məsləhət, əlaqələndirmə və prosesə nəzarət funksiyasını həyata keçirəcək. Məqsəd regionların sosial-iqtisadi inkişafına dəstək vermək, regional inkişafda vətəndaş iştirakını təmin etmək, bölgə əhalisinin məşğulluq səviyyəsinin artırılmasına nail olmaqdır.

Anar Hüseynovun sözlərinə görə, ABAD ailə bizneslərində müasir texnologiyaların tətbiqini təmin etmək, ailə brendlərinin formalaşmasına dəstək verəcək.

Layihə çərçivəsində kənd təsərrüfatı, əl işi və sənətkarlıq sahələrində ailə bizneslərinin, brendlərinin formalaşdırılmasına maddi və texniki yardım olunacaq. Bu layihənin icrası ilə Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq: “ABAD-ın fəaliyyəti resurslardan səmərəli istifadəyə, innovativ yeniliklərin və metodların tətbiqinə əsaslanır. Mərkəz beynəlxalq səviyyədə rəqabət qabiliyyətli məhsulların istehsalını təmin edən ailə bizneslərinin və digər sahibkarlıq fəaliyyəti növlərinin təşkilini təmin edir, məhsulların istehsalı, satışı və xarici bazarlara çıxarılmasında vasitəçi rolunu oynayır. Bununla da mərkəz regional inkişaf proqramına təkanverici qüvvə olmaqla, eyni zamanda əhalinin məşğulluq səviyyəsinin və rifah halının artırılmasında da əlaqələndirici və nəzarət funksiyalarının həyata keçirir.

Mərkəz biznes konsaltinq, marketinq, hüquqi yardım, satışın təşkili və bir sıra digər xidmətlər göstərir. ABAD öz fəaliyyətini fərdi brendləşmə, müştəriyə və təlabata yönümlülük, keyfiyyət, vahid yanaşma və innovasiya prinsipləri əsasında təşkil edir.

Bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun ailələr seçilir. Seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir. Seçilmiş ailələr müasir istehsal avadanlıqlara malik konteynerlərlə təmin olunurlar.

ABAD konteynerlərindən biri də kolbasa istehsalı konteyneridir. Kolbasa istehsalında gigiyena qaydalarına riayət edilir. ABAD Mərkəzində cem və mürəbbə, meyvə-tərəvəz konseri, süd məhsullarının istehsalı üçün konteynerlər mövcuddur”.

Anar Hüseynov deyir ki, fərdi ailə biznesləri ABAD Mərkəzdən müasir texnoloji avadanlıqlar və mütəxəssis dəstəyi almaqla regionların sosial-iqtisadi inkişafında önəmli rol oynayacaq: “Layihə özünü doğrultuğu təqdirdə pilot layihədən sonra artıq yeni investorlar cəlb olunacaq və mərkəz fəaliyyətini bu şəkildə davam etdirəcək”.

Sevinc Fədai


Müəllif: