Bir neçə aydır paytaxtda xanımların ixtiyarına “Zərif taksi” xidməti verilib. “Zərif taksi”nin sürücüləri də xanımdır. Xidmətin başında duran isə ATV kanalının “Qonaq gəl bizə” verilişinin aparıcısı Elcan Məmmədlidir.
Teleqraf.com Elcan Məmmədliylə müsahibəni təqdim edir:
-Elcan bəy, “Zərif taksi” xidməti göstərmək qərarına necə gəldiniz?
-Əslində, bu ideya bizdən çox-çox əvvəl bir sıra ölkələrdə, Avropanın özündə, inkişaf etmiş ərəb dövlətlərində, Asiyada yayılıb, müxtəlif adlarla fəaliyyət göstərir: “Pink taxi”, “Taxi woman” və sair. Konsepsiya isə birdir. Bu xidmətin özəlliyi ondan ibarətdir ki, sürücülər xanmlardır. Biz adət etmişik ki, taksi sifariş edəndə kişi sürücü gəlsin.
Hazırda Azərbaycanda belə bir spesifik xidmət və fəaliyyət ancaq bizə aiddir, ilk bizik. İdeya dediyim kimi, dünya ölkələrindən gəldi. Fikirləşdik ki, Azərbaycan inkişaf edir, xidmət sektorunda da inkişaf və yenilik olmalıdır. Nəzərə alsaq ki, son bir neçə ildə Azərbaycana böyük turist axını var. Həm ərəb, həm Avropa, həm Asiya ölkələrindən... Məncə, bu xidmətə ehtiyac böyükdür.
-Uzun illərdir gender bərabərliyi uğrunda çalışırıq, deyirik ki, qadın və kişi bərabərdir, bir yerdə fəaliyyət göstərməlidirlər. Bu mənada bu xidmətin özü nə dərəcədə inkişafdan xəbər verir? Sanki geriyə gedirik...
-Əksinə, o qadınlar ki cəmiyyətdə öz statuslarını təsdiqlətmək istəyirlər, cəmiyyətdə gender bərabərsizliyi ilə qarşılaşırlar, bizim xidmətimiz onlar üçün bir dəstək oldu. Biz bir növ bayraq qaldırdıq ki, heç bir məsələdə, heç bir peşədə kişilərdən geri qalmadıqlarını göstərmək istəyən xanımlar bizə qoşulsunlar. Bu baxımdan xanımlardan da çox böyük dəstək gördük. Əslində bu iş asan deyil. Təsəvvür edin, bir xanım səkkiz saat sükan arxasında oturur, müxtəlif xarakterli müştərilərlə ünsiyyət qurmalı olur.
Şəhərdəki tıxacları, sürücü ədalətsizliyi, mədəniyyətsizliyini nəzərə alsaq bu işin çətinlikləri daha tez nəzərə çarpar. İlk dövrlərdə bizim xidmətin xanımları şikayət edirdilər ki, kişi sürücülər bizi psixoloji cəhətdən sıxışdırırlar, təzyiq göstərirlər. Deyirlər ki, bircə bu iş qalmışdı məşğul olmadığınız... Artıq hiss edirik ki, kişi sürücülər xanımlarımızı sükan arxasında görməyə öyrəşirlər.
-Xanımlardan dəstək gəldi deyəndə sürücüləri nəzərdə tuturdunuz, yoxsa sərnişinləri?
-Sərnişin xanımlardan. Burda söhbət təkcə xanımlardan da getmir. Bir Azərbaycan mentallığı var. Azərbaycan kişisi həm də qısqancdır. Bu xidmətin yaranmasıyla qısqanc kişilərimizdə bir arxayınlıq yarandı. Düşünəndə ki, mənim həyat yoldaşıma, övladlarıma xanım xidmət göstərəcək, psixoloji cəhətdən rahatlıq tapdılar. İnanmazsınız ki, biz kişilərdən təşəkkür zəngi alırıq. Deyirlər ki, siz bizim böyük bir problemimizi həll elədiniz. Çünki işləyən kişilər vaxt tapıb xanımlarını, uşaqlarını lazımi yerlərə apara bilmirlər. Biz bu problemi öz çiynimizə götürdük.
Digər məsələ, cəmiyyətdə son vaxtlar bir çox xoşagəlməz hallar yaşandı. Kişi sürücülərlə xanımlar arasında yaşanan bu vəziyyət geniş müzakirəyə də səbəb oldu. Xanımlar da bundan əziyyət çəkirdi. Bu tərəfdən biz hədəfi vurduq.
-Maraqlıdır ki, bu sektorun başında bir kişi dayanır və o özü də media adamıdır. Biz adətən yazılarımızla, verilişlər vasitəsilə mentallığa qarşı çıxırıq.
-Bilirsiniz, bu məsələdə “Zərif taksi”nin özəlliyi nədən ibarətdir? Bu xidməti qurmaqla biz hər kəsə öz istədiyini verdik. Özünü isbat etmək istəyən xanımlar sükan arxasına keçdilər, digər tərəfdən mentallığın tərəfində dayandıq. Gender ədalətsizliyi olan məqamda ədalətin tərəfində durduq. Yəni bu, universal bir xidmətə çevrildi. Bu, həm kişilər, həm də xanımlar üçün tapıntıdır. Həm də turizmin inkişafına faydadır.
Son aylarda ölkəmizə gələn turistlərin əksəriyyəti ərəblərdir. Onlar biləndə ki, bizdə belə bir taksi xidməti var, çox sevindilər.
-Burda həm də din faktoru var...
-Yox, tək din məsələsiylə bağlamayaq. Mən bu fikirlə qətiyyən razı deyiləm. Heç bir dini mənsubiyyəti, konkret inanc sahibi olamyanlar da öz xanımlarını bizim xidmətə yönəldirlər. Çünki onlara belə rahatdır. Artıq o işdə oturub fikirləşmir ki, filan saatda həyat yoldaşımı gözəllik salonundan gətirməliyəm. Bu, universal xidmətdir, hər kəs istifadə edə builir. Ona görə bizim xidməti çərçivəyə salmayaq.
-Amma siz özünüz məhz ərəblərin adını çəkdiniz, ingilislərin, almanların yox...
-Yox niyə ki? Avropa ölkələrinin özündə gender problemləri azdır ki? Sürücülərlə bağlı neqativ hadisələr təkcə bizdə baş vermir ki. Qadınlara qarşı zorakılıq orda da var. Ona görə universal deyirəm ki, hər kəs bu xidmətdən öz payını götürür. Mən sadəcə konkret bir misal gətirdim.
-Sizin xanım sürücülərdən biri müsahibəsində demişdi ki, bizə daha çox hicablı xanımlar müraciət edir.
-Artıq elə deyil. Son gələn zənglərə əsasən təhlil apardıq, gördük ki, cəmiyyətin hər statusda olan xanımları bizə müraciət edir. Ona görə mən belə əminliklə danışıram.
-Bəs xanım sürücüləri işə götürərkən sürücülük qabiliyyətindən əlavə hansı xüsusiyyətləri nəzərə alınır?
-İctimai nəqliyyat sahəsində çalışan sürücü həm də psixoloq olmalıdır. Çünki ictimai nəqliyyatdan müxtəlif xarakterli insanlar istifadə edir. Əsəbisi də olur, evdən, işdən dalaşıb çıxanı da... Hər cür adam olur. Gərək onlarla dil tapa biləsən. Bütün bunları sürücü həzm etməyi bacarmalıdır. İlk növbədə təmkinli, soyuqqanlı, insanların hər halını qəbul edən sürücülərə üstünlük veririk.
Həmçinin, yaş məsələsini nəzərə alırıq. Orta yaş və orta yaşdan yuxarı xanımlar işə qəbul olunur. Çünki onlar daha dünyagörüşlü, daha təcrübəlidirlər. Həyatda bərkə-boşa düşüblər.
-Konkret yaş həddi neçədir?
-Yaşı 23-25-dən aşağı olan xanımları işə götürmürük.
-İşə qəbul etdiyiniz, ancaq öhdəsindən gəlməyən xanımlar oldumu?
-Oldu. Bir neçə xanımla artıq əməkdaşlığımızı dayandırmışıq.
-Onlara çətin gələn nə idi?
-Daha çox ünvanları tapmaqda çətinlik çəkirdilər. Şəhəri yaxşı tanımır, naviqasiya sistemiylə işləyə bilmirdilər.
-Feysbuk səhifənizdə hələ də xanım sürücü axtarmağınızla bağlı elanlar yer alır. Sürücü çatışmazlığı var, ya necə?
-Bu, xidmətimizi genişləndirmək istəyimizlə bağlıdır. Eyni zamanda, xidmətdə xanım sürücülərin sayı çoxaldıqca bizim seleksiya imkanlarımız da genişlənir. Artıq tələb və şərtlərimiz mövcud bazara uyğunlaşır. Biri var, tələbatı ödəmək üçün on nəfər işçiylə işləməyə məcbur olasan. Biri də var, sənin iyirmi işçi arasında seçim edirsən ki, bu sahədə kim çalışa bilər, kim yox. Bu axtarış bizim əleyhimizə yox, lehimizədir.
-Xanım sürücülərin ailə statusları necədir, bu məlumatlarla tanışsınızmı? Həyat yoldaşları işə müdaxilə edirmi?
-Bizdə evli xanımlar da çalışır, subay xanımlar da, boşanmış xanımlar da. Heç biriylə heç bir problemimiz yoxdur. İş qrafiki məcburi deyil. Xanımlar istədikləri vaxt naviqasiya vasitəsiylə xidmətə qoşulur. Biz xəritədə görürük ki, onlar artıq iş başındadırlar.
-Avtomobil onların özlərində qalır?
-Öz avtomobilləridir. Bizim avtomobillərimiz də var.
-Bunun əmək haqqına, qazanca təsiri var yəqin ki...
-Bu, artıq işin kommersiya tərəfi olduğu üçün açıqlamayacam.
-Hər hansı şikayət əsasında işdən uzaqlaşdırdığınız xanım olubmu? Şikayətlər əsasən hansı xarakterli olur?
-Şikayət əsasən sürücünün ünvana vaxtında çatmamasıyla bağlı olur. Bu da xanımların səriştəsizliyindən irəli gəlir. Xanımlar üçün bu, yeni sahədir. Başlanğıcdır, bu problemi də aradan qaldıracağıq. Amma istənilən halda bütün mübahisələr müştərinin xeyrinə həll olunur. Çünki müştəri hər zaman haqlıdır.
-Bəs ünvana vaxtında çatmayan sürücünün aqibəti necə olur?
-O, artıq özü üçün nəticə çıxarır, boş vaxtında sosial şəbəkələrdə yox, xəritənin qarşısında dayanır. Xəritədə ünvanları araşdırır ki, hansı küçə, hansı obyekt hardadır.
-Bir ara metroda da xanımlara məxsus vaqonlarının qatara qoşulması təklifi müzakirəyə çıxarıldı, amma birmənalı qarşılanmadı. “Zərif taksi”yə də belə yanaşanlar var...
-Taksi ictimai nəqliyyat olmaqla yanaşı, həm də fərdi nəqliyyat vasitəsidir.
-Elə ona görə adətən avtobus sürücüləri deyir ki, xoşun gəlmir, düş taksiylə get...
-Eynən. Bu baxımdan bizdə vəziyyət başqadır. Hər şey öz əndazəsində gözəldir. Kim istəyirsə, o da bu xidmətdən istifadə edir. Əvvəllər qadın toyları olurdu, indi də bu ənənə var. Bu toylarda çalğıçılar da, xidmət edənlər də hamısı xanım olur. Qadınlar bu məclislərdə özlərini daha rahat hiss edir, istədikləri kimi deyib-gülür, oynayırlar. Xanım özünü harda rahat hiss edirsə, o şəraiti ona yaratmaq lazımdır.
-Yəqin maraq xatirinə sizə kişilər də müraciət etmiş olar...
-Biz demirik ki, bizim xidmətdən kişilər istifadə edə bilməz. Edə bilərlər, ancaq xanımları, ailələri ilə birlikdə. Biz deyə bilmərik ki, xanımınız bizim taksidə getsin, siz başqa xidmətdən istifadə edin. Tək olan kişilərə isə xidmət göstərmirik.
-Heç kişilərdən sifariş zəngi gəlmir?
-Olur, o da olur. Bir dəfə xanım sürücü ünvana çatanda görüb ki, iki kişi dayanıb. Sürücümüz mənimlə əlaqə saxlayıb dedi ki, mən neyləyim? Dedim, bəylərdən üzr istəyin, xidmətimizin özəlliyini izah edib qayıdın. Çünki bu, qaydadır, onu pozmaq olmaz. Bu qaydanı pozan sürücü olsa, bizim “qaynar xətt”ə müraciət edib xəbər versinlər.
-Xanım sürücülərin xanım sərnişinlərlə problemi yaranırmı heç?
-Qadınlar bir-biriləriylə dil tapırlar. Kişilərdən fərqli, qadınlar daha tez güzəştə gedirlər. Onu da deyim ki, bizim taksilərdə siqaret qəti qadağandır.
-Sürücülər xanım olduqları üçün yəqin ki, yollarda dara düşdükləri olur. Xüsusən gecələr. Onların köməyinə çatırsınızmı?
-“Zərif taksi” gecələr işləmir. Bizim iş prinsipimiz budur ki, normal, orta statistik Azərbaycan xanımlarına və ailələrinə xidmət göstəririk. Buna görə bizim iş saatımız səhər saat 7-də gecə saat 11-ə kimidir. Gecə xidmətimiz dayanır.
İstisna hallarda xanımlarımız xidməti bir qədər gec başa vura bilərlər.
-Yəni siz elə düşünürsünüz ki, saat 11-dən sonra normal xanımın bayırda işi olmaz...
-Bəli. Gecə saat 2-3-də nə iş olacaq axı? Ekstremal hallarda başqa xidmətlərdən istifadə edə bilərlər. Bizim niyyətimiz təmizdir.
-Siz özünüz ailə başçısı kimi belə xidmətə ehtiyac duyursunuzmu?
-Bəli, çox istəmişəm ki, belə bir xidmət olsun. Hazırda mənim xanımım, ailəm bu xidmətdən istifadə edir. Artıq onların sevimli sürücüləri də var.
-Siz həm də ATV telekanalında çalışırsınız. Bu xidmət sahəsi sizin televiziyadakı işinizi arxa plana atmayıb ki?
-Atıb, çox atıb. Hazırda “Zərif taksi” mənim bütün vaxtımı alır. Nə ailəmə, nə də işimə-kariyerama yetərincə vaxt ayıra bilirəm. Ancaq bu, müvəqqətidir. Mənə deyirlər ki, nə əcəb belə bir xidmətin başında kişi dayanır? Bizdə sürücülər də, dispetçer də, proqramçı da xanımdır. Sadəcə onlara istiqamət göstərən biri lazımdır. Ən son nöqtədə müdaxilə edirəm. İşlər yoluna düşəndən sonra yəqin mənim yerimdə də xanım olacaq...
Sevinc Fədai