Ölkədə 200 min hektardan çox istifadəsiz torpaq dövlət fonduna qaytarılıb.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda məlumat verib.
"Mən əvvəllər də demişəm, zəbt edilmiş torpaqlar da var, amma onların böyük bir hissəsi artıq qaytarılıb. Mənə verilən məlumata görə, 200 min hektardan çox zəbt edilmiş, istifadəsiz torpaq artıq qaytarılıb. Qanunsuz icarə müqavilələri bağlanılıb. Kim ki, o torpaqları əkib-becərir, biz buna ancaq şad olarıq. Amma kim bunu zəbt edib və möhtəkirliklə məşğuldur, əmanət kimi saxlayır və gözləyir ki, qiyməti qalxandan sonra satsın və ya bölsün, yaxud da ev tiksin buna yol vermək olmaz. Ona görə, bu göstərişlər verilib, bu iş də davam etdirilməlidir.
Qanunsuz zəbt edilmiş torpaqlar dövlət fonduna qaytarılmalıdır. Kim ki, istifadə edir, çox yaxşı, ona dövlət tərəfindən dəstək verilməlidir. Bütün bu işlərə əlbəttə ki, dövlət dəstəyi, o cümlədən maliyyə dəstəyi verilməlidir", - deyə dövlət başçısı bildirib.
O, həmçinin sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərildiyini diqqətə çatdırıb:
"Bu il artıq 120 milyon manat güzəştli kreditlər verilib. Ancaq ilin sonuna qədər fondda nəzərdə tutulan layihələrə tam həcmdə kreditlər verilməlidir və gələn il kifayət qədər böyük vəsait nəzərdə tutulmalıdır".