Bu gün AMEA-da görkəmli səfəvişünas alim, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbir AMEA Tarix İnstitutunun təşkilatçılığı ilə baş tutub. Tədbirdə giriş sözü ilə çıxış edən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” əsəri Azərbaycan tarixinə verilmiş ən böyük töhfədir: “Uzun illər Tarix İnstitutunda "Azərbaycanın orta əsdlər tarixi" şöbəsinə rəhbərlik edən Oqtay Əfəndiyev xarici ölkələrdə tarix elmimizi layiqincə təmsil edib".
Y.Mahmudovun sözlərinə görə, Oqtay Əfəndiyevin araşdırmaları bu gün də aktualdır: "Oqtay Əfəndiyevin bizim tarix elmi qarşısında xidməti ondan ibarətdir ki, o, Səfəvilərin Azərbaycan dövləti olması barədə ilk monoqrafiyanı 1961-ci ildə rus dilində çap etdirib. Sonradan "Azərbaycan Səfəvilər Dövləti" monoqrafiyası dəfələrlə Azərbaycan dilində çap olundu. Oqtay Əfəndiyev Azərbaycan tarixinə səfəvişünaslıq möhürünü vurdu".
AMEA-nın müxbir üzvü Nərgiz Axundova qeyd edib ki, Oqtay Əfəndiyev səfəvişünaslıqda böyük iz qoyub: "Onun bir sıra tədqiqatları dünya dillərinə tərcümə olunub. Həmin əsərlərə dünyanın tanınmış alimləri bu gün də istinad edir. Oqtay Əfəndiyev Səfəvilərin etnik mənsubiyyətini, tarixdə qoyduqları izləri Şərq mənbələri əsasında öyrənib və kitablar çap etdirib. Nəinki Azərbaycan tarixində, dünya tarixində ilk dəfə olaraq Səfəvilərin Azərbaycana mənsub olmasını araşdırıb. Ən böyük işlərdən biri də odur ki, Oqtay Əfəndiyev Səfəvilərin Ağqoyunlu və Qaraqoyunlu sülalələrinin davamçısı olduğunu sübut edib".
Daha sonra Tarix İnstitutunun direktor müavini, dosent Tofiq Nəcəfli, professor Şahin Fazil, tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov və başqaları çıxış edib.
Qeyd edək ki, O. Əfəndiyev 87 yaşında 2013-cü il fevralın 27-də vəfat edib.