13 Oktyabr 2016 17:38
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com aktiv feysbuk istifadəçiləri arasında belə bir sorğu keçirib: sizi feysbukda daha çox hansı paylaşım, status və şərh qıcıqlandırır? Cavabları təqdim edirik:

Neftçi Şəkər Yusifli: Ümumiyyətlə, feysbukda və ya feysbukdan kənar olsun, din, xəstəlik, pul haqda söhbətləri sevmirəm və belə söhbətlərə qoşulmamağa çalışıram. Bəsit məişət mövzuları məni qıcıqlandırır. Çox bəsit, yəni “Əsl qadın odur ki” ilə başlayan fikirlər...

Adamı sərgilədiyi mövqeyə görə ittiham edən şərhləri anlamıram. Bir də, həyat o qədər problemli və mürəkkəbdir ki, feysbuk münasibətlərinin həddindın artıq yüklənməməsinə tərəfdaram. Mümkün qədər pozitiv, sevinc, işıq saçan yazıları oxuyuram.

Mühasib Çingiz Özgür: Həddindən artıq dini motivlə, çox açıq və lazımsız söyüş yazanlar məni qıcıqlandırır. Bir də kim olduğunu yaxşı bildiyimiz siyasi liderlərlə gözümüzü qabar edənlər məni əsəbiləşdirir. Ümumiyyətlə, kim nəyisə və kimisə olduğundan artıq göstərəndə qıcıq yaradır. Ən çox sevdiyim isə uşaqlarla bağlı paylaşımlardır.

Marketoloq Pərviz Əzimov: Feysbukda məni daha çox trend xatirinə yazılmış paylaşımlar qıcıqlandırır. Ümumilikdə isə xalq tənqiddən o qədər məhrum olub ki, təhlükəsiz tənqid görəndə dərhal bu fürsəti əldən verməməyə çalışırlar. Ona görə də “mız” qoymaq məsələsi yaranır. Ümumiləşdirsək, hər şeyə “mız” qoymaq formasında olan paylaşımlar da bir ayrı dərddir.

Radio aparıcısı Kəmalə Onur: Məni daha çox qanlı, baxılması mümkün olmayan qoca, uşaq və xəstə şəkilləri ilə layk va paylaşım sayı toplayanlar, bildi-bilmədi hansısa mövzuda mübahisə edib qan qaraldan, xüsusilə insanların inanclarına asi mövqe bildirərərək “cool” görünməyə çalışan, dəxlisiz müxalif, dəxlisiz tənqidiçi “ictimai” fiqurlar, ağlı-qaralı, qocalı-cavanlı bütün xanımlarla ünsiyyətdə olmağa çalışıb bunu özünə fəxr bilən kişi cinsinin nümayəndələri, bir sözlə, psixoloji yaraları ilə ürək bulandıran istifadəçilər qıcıqlandırır. Belələrini görən kimi blok edirəm.

Müəllim Kamran Nizami: Feysbukda məni ən çox işlədiyi saytın bütün reklamlarını, xəbərlərini paylaşanlar qıcıqlandırır.

Jurnalist Nəzakət Zeynallı: Məni səmimi olmayan, yaltaqlıq üçün yazılan və kiminsə şəxsiyyətini təhqir edən, lağa qoyan statuslar qıcıqlandırır.

Sevinc


Müəllif: