16 Oktyabr 2016 16:15
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” adlı layihəsi çərçivəsində Ağsu Rayon İcra Hakimiyyətinin, tibb işçilərinin, fertil yaşlı evdar qadınların, gənclərin və müəllimlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Ağsu Rayon İcra Hakimiyyəti başçının müavini Sevil Mirzəliyeva tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı və əhəmiyyəti, bu istiqamətdə rayonda həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.

Mərkəzin rəhbəri Pərvin Məmmədova bildirib ki, layihənin məqsədi rayonlarda əhali arasında reproduktiv sağlamlıq, sağlam analıq, ailə planlaşdırılması, abortların fəsadları və digər mövzularda icma səviyyəsində maarifləndirmə işi aparmaqla əhalinin, əsasən də yeniyetmələrin və reproduktiv yaş dövründə olan insanların bu sahədə müvafiq biliklərə yiyələnməsini təmin etməklə cinsi yolla yoluxan xəstəliklərin qarşısının alınmasına, abortların sayının azalmasına, körpələrin sağlam doğulmasına və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına nail olmaqdır.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katib vəzifəsini müvəqqəti icra edən Leyla Məmmədova tədbirdə ekspert qismində çıxış edərək Azərbaycanda ana və uşaq sağlamlığının qorunması işinin aktual bir problem kimi daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulamış, bu sahədə həyata keçirilən dövlət siyasəti, eləcə də reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə ətraflı məlumat verib. Leyla Məmmədova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulması hallarının arması cəmiyyətdə böyük narahatlığa səbəb olan problemlər sırasındadır. Bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.

Tədbirdə müraciət edən qadınlara fərdi qaydada məsləhət xidmətləri göstərilmiş, selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması ilə bağlı geniş müzakirələr aparılmış, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülüb.


Müəllif: