22 Oktyabr 2016 13:46
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada gedən qanlı döyüşlər Azərbaycandan da narahatlıqla izlənilir. Üsyançılar və hökumət qüvvələrinin Hələb şəhərinə nəzarəti ələ keçirmək uğrunda apardığı qanlı müharibədə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin buradakı məzarının dağıdılması haqda xəbərlər dolaşır. Savaş gedən və bombalanan Hələbdən olan son görüntülər də bu fikrə gəlməyə əsas verir.

Hələ 2014-cü ildə Suriyanın İnformasiya Nazirliyindən verilən bilgidə məzarın salamat olması haqda heç bir məlumatın daxil olmadığı bildirilmişdi.

Bütün bunlar isə dahi Azərbaycan şairi, görkəmli söz ustadı Nəsiminin məzarının Azərbaycana daşınmalı olduğu haqda fikirləri gücləndirir. Ümumiyyətlə, Nəsiminin qəbrinin Azərbaycana gətirilməsi mümkündürmü, əgər mümkündürsə, bu, necə həyata keçirilməlidir?

Teleqraf.com bununla bağlı ictimai-siyasi xadimlərin mövqelərini öyrənib.

Türkoloq alim, professor Firudin Cəlilov deyir ki, şəxsən onun özü vəfat edən şəxsin dəfn olunduğu yerdən çıxarılaraq başqa bir ərazidə dəfn edilməsini doğru hesab etmir. Professor buna səbəb kimi məzarı açılan insanların ruhunun inciməsini göstərir: “Teologiya elminin bizə anlatdığı məqam var. Məzarı açılan insanların ruhu inciyir və başlayır öc almağa. Bununla bağlı rəvayətlər və həm də gerçək tarixi faktlar var. Məsələn, Əmir Teymurun məzarı açılanda II Dünya Müharibəsi başladı. Halbuki öncədən SSRİ rəhbərliyinə xəbərdarlıq edilmişdi ki, buna getmək olmaz. Eləcə də, Altayda türk kraliçasının məzarını açanda zəlzələ olmuşdu. Yəni konkret faktlar var və bu, bizə deyir ki, məzarı açmaq olmaz. O da qala məzarın bir ölkədən başqa ölkəyə gətirilməsi. Bu, mənim şəxsi mövqeyimdir”.

Bununla belə sabiq nazir hesab edir ki, Azərbaycan xalqının tanınmış şəxsiyyətlərinin simvolik anıt məzarlığı olmalıdır: “Bizim böyüklərimizin belə bir simvolik məkanı olmalıdır. Bu anıt mərkəzdə vətəndən uzaqda vəfat edən şəxslərin heykəlləri qoyulmalı və ziyarət edilməlidir. Məncə, bu, lazımdır”.

F.Cəlilov qeyd edir ki, Nəsiminin Hələbdə olan məzarının dağıdılması haqda xəbərlər olsa da, buna şübhə ilə yanaşır: “Mən dəqiq bilirəm ki, Suriyada Nəsimi tanıyan yoxdur, hətta türkmən soydaşlarımızın da çoxu Nəsiminin qəbrinin harada olduğunu bilmirlər. Şübhəsiz ki, Nəsimi bizim xalqın böyük fikir adamıdır. Ona hörmət olaraq Bakıda heykəli də qoyulub. Ancaq mən dediyim simvolik anıt mərkəzi olarsa, burada Nəsimini, Füzulini, Rəsulzadəni, Düdənginskini və digər böyüklərimizi ziyarət etmək olar”.

Xalq şairi Sabir Rüstəmxanlı deyir ki, özü Hələbdə olub və Nəsiminin məzarını ziyarət edib. Onun sözlərinə görə, söz imamının məzarı qalanın böyür hissəsində yerləşir: “Mən orada 25 il əvvəl olmuşam. Ancaq o zaman da Nəsiminin layiqli məzarı yox idi. Düzdür, orada yaşayanlar Nəsiminin nəslindən olan insanlar olub və məzar tanınan bir yerdədir. Ancaq ona layiq abidə yox idi. Mən məzarların daşınmasının tərəfdarı deyiləm. Orada savaş gedir deyə Nəsiminin qəbrini Bakıya köçürməyin tərəfdarı deyiləm. Bu, Nəsiminin son nişanəsidir, Azərbaycanla o torpaqları bağlayan bağdır. O dövrdə Azərbaycan türklərinin yaşama arealının və coğrafiyası baxımından məzarlar bir tarixdir. Onu daşımağın mənası və məntiqini anlamıram. Bir ara deyirdilər ki, Füzulinin məzarını Bakıya gətirək. Füzulini İmam Hüseyn məqbərəsinin içərisində divara dəfn ediblər. Mən bunu da qəbul etmirəm. Əslində, Füzuli özü söz aləminin imamıdır. Onun məzarı ayrı olmalıdır. Hər halda orada dəfn ediblər, gələnlər görür, bilir”.

Xalq şairi deyib ki, bu gün Suriyada və Quzey İraqda əsas hədəf və məhv edilənlər türkmənlərdir: “Yəni bizim soydan olan insanlardır, Azərbaycan türkləridir. Heç kim də onlara sahib çıxmır. Kərkük və ya Kərbəla özü əsrlər boyu tarixi Azərbaycan dövlətlərinin tərkibində olub, bəzi hallarda Osmanlının əlinə keçib. Bu da bizim tariximizdir. Məncə, İraqda Füzuliyə, Suriyada Nəsimiyə layiqli abidələrin və məqbərələrin tikilməsi haqda danışmalıyıq. Hələbdə bu gün savaş gedir, amma bu əbədi savaş deyil. Sabah savaş dayanacaq və Hələb də yerində qalacaq. Nəsiminin orada dağıdılası abidəsi yox idi. Həm də eşitmişdim ki, məzarı son illər pis vəziyyətdədir. Onu yenidən bərpa etmək, məqbərə ucaltmaq olar”.

Qeyd edək ki, YUNESKO-nun 2016-ci ili Nəsimi ili elan edəcəyi haqda xəbərlər yayılmış, Mədəniyyət və Turzim Naziri Əbülfəz Qarayev YUNESKO-nun xətti ilə qüdrətli şairimizin anılmasının Azərbaycan üçün dəyərli hadisə olacağını bildirmişdi.

Nemət


Müəllif: