27 Oktyabr 2016 16:25
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağır və çətin işlər, adətən, kişilərə tapşırılır. Amma o qədər də asan olmayan işlərin öhdəsindən gəlməyi bacaran qadınlarımız da var. Belə qadınlardan biri də Neftçala rayonunda fermer təsərrüfatı ilə məşğul olan Səadət Ağayevadır.

Fermer qadınla söhbətləşmək, işinin öhdəsindən necə gəldiyini öyrənmək üçün Neftçala rayonunun Aşağı Qaraymanlı kəndinə yollandıq.

Biz onun evinə çatanda artıq hava qaralırdı. Səadət xanımla həyətin girişində rastlaşdıq. Əlindəki yoncanı yerə qoydu: “Heyvanları tövləyə salmaqda çobana kömək edirdim. Gəlin, evdə danışaq, hava soyuqdur”.

-Fermer təsərrüfatınız həyətinizdədir?

-Hə. Həyat yoldaşımla qərar verdik ki, fermer təsərrüfatını elə həyətimizdə quraq.

"Bakıdan Neftçalaya köçdük..."

Kənddə heyvandarlıqla məşğul olan Səadət Ağayeva Bakı Mühasibat Uçotu Kollecini bitirib. Hazırda kitabxanada işləyir. 3 ilə yaxındır fermer təsərrüfatı ilə məşğuldur: “Çox kasib yaşayırdıq. Həyat yoldaşım usta işləyirdi. Onun qazancından 200 manat pul yığdım ki, 1 baş da olsa inək alaq. Qonşu bir gün dedi ki, tanışı 250 manata inək satır. Getdim, dedim, cəmi 200 manatım var, razısansa inəyi aparıb bağlayım həyətə. Sonda qiymətləşib razılaşdıq.

İnək çox arıq idi. Hamı deyirdi ki nahaq yerə pulu verib o inəyi almısan, tələf olacaq. Ancaq onlar deyən olmadı, inək cana gəldi, bala verməyə başladı...”

Fermer qadın deyir ki, lap əvvəldən heyvandarlıqla məşğul olmaq istəsə də, buna maddi imkanı çatmayıb: “Həyat yoldaşımla hər şeyə çətinliklə nail olmuşuq. 26 ildir evliliyik, biri-birimizə həmişə dəstək dayanmışıq. Bu həyətə köçəndə ev cəmi bir otaqlı yarımtikili idi. Burada yaşadıq, həyat yoldaşım işlədi, mən işdən sonra pambığa getdim və pul yığıb bu evi düzəltdik”.

Səadət Ağayeva deyir, fermer təsərrüfatı ilə məşğul olmaq üçün Bakıdan Neftçala rayonuna köçüblər: “Həyat yoldaşımı müqavilə ilə şəhərdə tikinti şirkətlərinin birinə usta kimi dəvət etdilər. Uşaqlarımız da götürüb paytaxta getdik. Yoldaşım 5 il işlədi, dolanışığımız pis deyildi. Müqavilə bitdikdən sonra maddi vəziyyət baxımından şəhərdə qalmağımız çətinləşdi.

Yoldaşıma dedim ki, fermer təsərrüfat ilə məşğul olmaq istəyirəm, gəl rayona qayıdaq. O da mənim fikrimlə razılaşdı. Beləcə yükümüzü yığıb Neftçalada 5 il qapısı bağlı olan evimizə qayıtdıq”.

Səadət Ağayeva fermer təsərrüfatı ilə məşğul olmaq üçün İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna müraciət edib. Fond onlara saxlamaq və sayını artırmaq məqsədi ilə 20 baş qoyun verib: “Sahibkarlığa Kömək Milli Fondu müraciətimə biganə yanaşmadı, mənə kömək etdilər. Saxlamaq üçün 20 baş qoyun verdilər. Bundan əlavə, Fond 1 il ərzində qoyunları otla, arpa ilə təmin etdi, baytarlıq xidmətinin pulunu ödədi. Daha sonra qoyunlar balaladı, sayı artırdıq. Elə indinin özündə də qoca heyvanları satdıqda, ya tələf olduqda cavanını alıb, sayı artırırıq”.

“Bütün çətinliyə qatlaşmaq lazımdır”

Səadət Ağayevanın fermer təsərrüfatı çoxsahəlidir. Burda iribuynuzlu heyvanla yanaşı, qoyun və quş da saxlanılır.

Həmsöhbətim bildirdi ki, yumurtadan çıxan cücələr damda böyüdülür: “Cücələri dama yerləşdirməzdən 2-3 gün əvvəl oranı dezinfeksiya edirik. Saxlanan yer sıx olmamalı, normal istiliklə təmin edilməlidir. Çünki saxlama qaydasına düzgün əməl etməsək cücələr tez tələf olar. Döşəməyə saman səririk və samanı tez-tez dəyişirik. Cücələri satışda olan yemlərlə yemləyirik. Düzgün qaydada saxladıqda cücə tez böyüyür, 2 aydan sonra onları kəsmək olar. Biz daha çox satmağa üstünlük veririk”.

Səadət Ağayeva deyir ki, hər gün səhər saat 7-də oyanır, heyvanları çobana təhvil verir: “Yay aylarında yuxudan səhər saat 6-da qalxıram. Qoyunun balalarını əmizdirəndə çobana özüm kömək edirəm. Sonra çoban heyvanları sahəyə aparır.

Fermerlik çətin olsa da, bu işlə sevərək məşğulam. Yağışlı havalarda bataqlıq olur, heyvanı çölə çıxarmırıq, qaldıqları yeri təmizləmək çətin olur. Hər gün tövlə təmizlənir.

Heyvan qulluq tələb edir. Heyvanlara yem çatdırmaq üçün torpaq sahəmiz yoxdur. Olsa, orada yonca əkərik. Fermer təsərrüfatımız üçün yemi pulla alırıq.

Heyvanı satmaqda da problem var. Məsələn, mən qoyunu, ya quzunu satmaq istəsəm, onu tək bazara çıxara bilmərəm. Gərək mənə həyat yoldaşım və ya çoban kömək etsin. Bu cəhətdən fermer qadın olmaq çətindir. Amma çətinliklər məni qorxutmur. Çətinlik çəkməsən, qazanc götürə bilməzsən. Bizim insanlar bəzən kənddə də şəhər həyatı yaşamaq istəyir. Halbuki şəhərin öz həyat tərzi, kəndin fərqli yaşayışı var”.

“Bütün heyvanlara özüm baxıram”

Fermer qadın planlarından da söz açdı. Bildirdi ki, təsərrüfatını genişləndirmək istəyir:

-Əvvəlcə, heyvanları saxlamaq üçün onların qalacağı yeri böyütmək lazımdır, sonra heyvan alacağıq. Hələlik işlər qaydasında gedir. Heyvanlara baxmaq üçün həyat yoldaşım, çoban kömək edir. Bəzən onların işi olduqda bütün heyvanlara özüm baxıram.

-Necə baxırsız?..

-Onlardan da yaxşı baxıram (gülür). Kişilər səbirsiz olur, heyvanı çubuqla vururlar, amma mən elə eləmirəm... Həyat yoldaşıma həmişə hörmətlə yanaşmışam. Hansısa bir işə başladıqda ilk olaraq onunla məsləhətləşirəm. Heyvanların yemi, yeri, saxlanması barədə mübahisəmiz olanda o, güzəştə gedir.

Həmsöhbətimiz deyir ki, fermada heyvanlar və quşlar ildə iki dəfə baytarlıq xidmətindən keçir. Onlara müvafiq dərmanlar verilir.

Səadət Ağayeva kənd yerində yaşayan insanların kənd təsərrüfatı məhsullarını pulla almasını anlaya bilmir: “Bağda meyvə-tərəvəz əkirik, inəkdən süd sağıram, pendir düzəldirəm. Kənddə yaşaya-yaşaya bu məhsulları da pulla alacağıqsa, onda biz daha niyə kəndçiyik?”

Kişiyə çöl işi, qadına evin içi...

Həmsöhbətim deyir ki, fermer qadınlar daha bacarıqlı və işgüzardırlar: “Düzdür, sahibkarlıqla, xüsusilə fermer təsərrüfatı kimi ağır bir sahə ilə məşğul olmaq asan deyil. Bu və ya başqa səbəbdən qadınlar təsərrüfata yaxın durmaq istəmirlər. Düşünürəm ki, dövlət dəstək versə, hər bir sahədə böyük uğurlara imza atan Azərbaycan qadını bu sahədə də ciddi uğurlar qazanar. Bilirsiniz, bu, elə bərəkətli sahədir ki, həm biz qadınların öz iş yerləri olar, həm yaşayışımızı daim təmin edərik, həm də qazancımız çıxar”.

Boş vaxtlarında qadın sahibkarlarla bağlı araşdırma aparan müsahibim bildirir ki, qadın sahibkarların sayı bütün dünyada lazımi səviyyədə deyil: “Fikrimcə, bu səbəb qadına qədimdən ayrılmış rolla bağlıdır. Nənəm həmişə deyirdi ki, kişi çöl işi görməlidir, qadın da evin içində çalışmalıdır. Bizim cəmiyyətdə belə düşünürlər ki, ev qadını qoruyur. Ancaq mən elə düşünmürəm. Hər bir qadın öz ayaqlarının üstündə durmalıdır”.

“Özümü xoşbəxt qadın hesab edirəm”

Səadət Ağayeva bildirdi ki, fermer təsərrüfatlarının təbliğinə ehtiyac var: “Düşünürəm ki, sahibkar qadınlar üçün ayrıca qurum yaradılması daha yaxşı olardı. Qadın sahibkarlığının təbliğinə ehtiyac böyükdür. Çünki əksər qadınlarımız müstəqil addım atmağa çəkinir. Əslində Azərbaycanda sahibkar qadın olmaq asan deyil. Amma bu cığır açılıb və onu genişləndirmək lazımdır. Mən şəxsən sahibkar qadın kimi özümü xoşbəxt hiss edirəm”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər