Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu bu günlərdə Bakıya gəlib.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Yalçın bəy, Azərbaycana xoş gəlmisiniz. Əvvəla səfərinizin məqsədini öyrənmək istərdik.
- Öncəliklə qəhrəman Azərbaycan xalqına təşəkkür edirəm. Çünki onlar 1944-cü ildə sürgün edilmiş Axısqa türklərinə qucaq açıblar. Mən özüm Axısqa türküyəm və Bakıya da Dünya Axısqa Türkləri Təşkilatının beşinci qurultayında iştirak üçün gəlmişəm.
- Maraqlıdır... Bu təşkilatın əsas məqsədləri nədir?
- Əsas məqsəd 1944-cü ildə 9 ölkəyə sürgün edilmiş axısqalıların vətəninə geri dönməsidir. Eyni zamanda, onların mədəni, təhsil, ümumilikdə isə təməl ehtiyaclarının həllinə yardım etmək qurumun əsas vəzifələrindəndir.
- Sürgün edilmiş türklər əsasən hansı ölkələrdə məskunlaşıb, onların geri dönüşü nə dərəcədə realdır?
- Çox təəssüf ki, 1944-cü ildə Gürcüstan Respublikasından sürgün olunan Axısqa türklərinin BMT qətnamələrinə rəğman geri dönüşünə şərait yaradılmır. Burada əsas günahkar Rusiya, BMT və Gürcüstandır. Axısqalıların dədə-baba yurdlarına dönmə haqqı tanınmır. Niyə? BMT Qarabağla bağlı sərgilədiyi mövqeyin eynisini təkrar edir. Qətnamə var, icra yoxdur.
Azərbaycan 30 ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi sayəsində torpaqlarına qovuşa bildi. Hesab edirik ki, Rusiya sözügedən məsələdə vasitəçi olmalıdır. Rəsmi Tbilisi inadından əl çəkməlidir.
Axısqa türkləri Gürcüstanın ərazi bütövlüyünə təhdid yaratmır. Bu, mümkünsüzdür. Soydaşlarımız da gürcü vətəndaşı kimi eyni hüquqa sahib olmalıdır. Onlar 80 il əvvəl ata-baba yurdlarından qovulub, yerinə ermənilər yerləşdirilib. Dünya bunu qəbul etməməlidir.
Axısqa türkləri hazırda Türkiyə, Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Rumınya kimi dövlətlərdə məskunlaşıblar.
- BMT-nin qətnamələri yerinə yetirilərsə, nə qədər Axısqa türkü geri qayıda bilər?
- Hazırda müxtəlif ölkələrdə 1 milyondan çox soydaşımız yaşayır. Onlar sovet vaxtı daimi öz türk kimliklərini qorumağa çalışıblar. Ona görə də başlarına belə zülmlər gətirilir. İmkan verməyiblər ki, pasportlarına qazax, ya tacik yazılsın.Tələb ediblər ki, ora mütləq şəkildə türk adı qeyd olunmalıdır.
- Gürcü hökumətinin məsələyə münasibəti necədir?
- Gürcüstan bəhs etdiyimiz qətnamələri tanıyır, ancaq icra etmir. Hazırda məlum olduğu kimi, adıçəkilən ölkədə vəziyyət stabil deyil. İstəyirik ki, daxili çaxnaşma səngisin.
Məsələyə ümumilikdə yanaşsaq, Gürcüstan dövlət ağılı ilə hərəkət etməlidir. Onlar axısqalıların təcrübəsindən yararlana bilərlər. Türklər onsuz da Azərbaycan və digər ölkələrdə məskunlaşıblar. Əksəriyyəti Gürcüstana qayıtmayacaq. Bununla belə haqları tanınmalıdır. Sürgün olunma vaxtından bu günə qədər bir neçə nəsil dəyişib.
1944-cü ildə doğulmuşların hazırda 80 yaşı var. Qayıdış haqlarıdır. Heç bir ölkə türklərin onlara ziyan verdiyini deyə bilməz. Biz dağı bağ etmişik, bataqlığı cənnətə çevirən xalqıq. Kiminsə bu məsələdə qorxmasına ehtiyac yoxdur.
- Axısqalıların Azərbaycandakı sayı barədə məlumat varmı, onların ictimai proseslərdə rolları nə qədərdir?
- Türk dünyasını ailə kimi təsəvvür etsək, 7 övladdan ibarət olduğunu deyə bilərik. Azərbaycan və Türkiyə isə əkiz qardaşlardır. Qardaş kimi daim bir-birimizə arxalanmışıq. Azərbaycanın sahiblənmə ənənəsi Nəriman Nərimanovun dövründən başlayıb.
Axısqalıların burada sayı təxmin edilən rəqəmlərə görə, 40-50 min civarındadır. Onlar özlərini yad hiss etmirlər. Hökumət daxilində və digər önəmli vəzifələrdə yer alan axısqalılar hər iki Qarabağ müharibəsində fəal iştirak etmişdilər. Onların arasında bir neçəsi də şəhid olub. Bununla qürur duyuruq.
- Maraqlıdır, Nəriman Nərimanovun adını çəkdiniz...
- O möhtəşəm insandır.
- Azərbaycan Cümhuriyyətinin süqutuna görə bizdə Nərimanova münasibət birmənalı deyil. Çox da sevilmir.
- Səhv edirlər. Onun Atatürkə məktubu var. Orada qeyd olunur ki, qardaş qardaşa borc verməz. Çətinlik zamanı əl uzadar. Allah ona rəhmət eləsin. Nərimanov şəhiddir. Bunu xüsusi qeyd etmək lazımdır. Xaincəsinə Moskvaya çağırıldı və şəhid edildi.
- Məlumata görə, Suriya ərazisində də Axısqa türkləri yaşayır. Məlumdur ki, hazırda həmin ölkədə vəziyyət stabil deyil. Onlarla koordinasiyalı işləyə bilirsinizmi?
- Əlaqələrimiz yüksək səviyyədədir. Suriya ərazisində əsasən Oğuz türkləri məskunlaşıb. Qarşıdurmanın ilk günündən onlarla əlaqədəyik, talelərini yaxından izləyirik.
Qatil Əsəd ölkəsini tərk etdi, hazırda Suriyada yeni dövr başlayır. İstəyimiz odur ki, orada yaşayan bütün etnik, dini qruplar, ümumilikdə isə bütün xalqlar mehriban şəkildə yaşasınlar. Suriya unitar dövlət olmalıdır. Ərazi bütövlüyü qorunmalı, hər kəs özünü sərbəst ifadə etməlidir. Hazırda hakimiyyəti ələ keçirənlər də bunun tərəfdarıdır. Onlar qeyd edirlər ki, suriyalılar xarici qüvvələrin nəzarətindən çıxmalıdırlar.
Burada əsas nəzərdə tutulanlar YPG və PKK-dır. Terrorçular ABŞ ilə bağlantılardan əl çəkməlidirlər. Əsəd farsa, rusa arxalandı, nəticəsi ortadadır. Hər kəs bundan dərs çıxarmalıdır.
- Qeyd etdiniz ki, Suriyanı unitar dövlət kimi görmək istəyirsiniz. Zaman-zaman Türkməneli Respublikasının, həmçinin kürdlərin dövlət yaratması ilə bağlı fikirlər dolaşıb. Ümumiyyətlə, Suriyanın gələcəyini necə görürüsünüz?
- Suriya ərazisində kənar qüvvələr nə xəyal edibsə, Türkiyə bunu kabusa çevirib. Sərhədlərimizdə, 100 il əvvəl bizim ərazilərimiz olan torpaqlarda terror dövləti qurula bilməz. Türkiyə rəsmiləri bunu müxtəlif tribunalardan bəyan ediblər. Bizi ən yaxşı Cənubi Koreya əsgəri tanıyır. Hamı bilməlidir ki, türklə savaşmaq onlara fayda verməz. Bizlə dost olmaq lazımdır. Hamı ağlını başına toplamalıdır.
Kimliyindən asılı olmayaraq, istənilən dövlətin Suriya ərazisində Türkiyənin maraqlarına zidd addım atmasına icazə verməyəcəyik. İmkan verilməlidir ki, suriyalılar azad şəkildə yaşasınlar. Boş xəyallardan vaz keçmək lazımdır, nəticəsi olmayacaq.
Nümunə istəyirlərsə, Çanaqqala, Sakariya, 15 iyul hadisələri buna misaldır. Sual edirəm, Suriyadan 11 min kilometr uzaqda yerləşən ABŞ-nin orada nə işi var? Və ya İsrail hansı maraqlar güdür? Yaxın Şərqin Vaşinqona hansısa təhdid yaratması başadüşülən deyil. Rusiyaya da eyni sualı vermək lazımdır. Onlar da bizə eyni sualla müraciət edirlər. Amma anlamırlar ki, 100 il əvvəl Şam, Hələb kimi ərazilər vilayətimiz idi. Bundan başqa, 900 km sərhəddimiz var.
Anadolu türklərindən belə deyim var: "Kimsə özünü Misirdə sultan görməsin!" Dədə-babalarının xatirələrinə baxsalar, bizim kim olduğumuzun fərqinə vararlar. Türkün nəyə qadir olduğunu ən yaxın zamanlarda Qarabağda nümayiş etdirdik.
- Ukrayna ərazisində, Krımda da Axısqa türkləri yaşayır. Təxminən saylarının 10 min olduğu deyilir. Ümumiyyətlə, müharibə onların həyatına necə təsir edib?
- Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra, Rəcəb Tayyib Ərdoğanın birbaşa göstərişi ilə 2000 nəfər axısqalı Türkiyə ərazisinə köçürüldü. Onların 1800-nə vətəndaşlıq verilib, evlə təmin olunublar. Bir-iki ilə bütün ailələr mənzilə sahib olacaqlar.
Məlumdur ki, Rusiya Krımı işğal edib. Sözügedən ərazi tatar türklərinin qədim yurdudur. "Dildə, fikirdə, işdə bir" deyən İsmayıl bəy Qaspiralının yurdudur. Rusiya ora çökdü, dünya bunu seyr etdi. Bu gün Ukraynanı silahlandıranlar onda ciddi reaksiya vermədilər. İndi onlar Rusiyanı zəiflətmək məqsədilə Ukraynaya yardım edirlər.
Türkiyənin bu məsələdə mövqeyi bəllidir. Ankara həm Moskva, həm də Kiyevlə danışıqlar aparır, ədalətli sülhün əldə edilməsinə çalışır. Yaxın günlərdə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş olacaq. Bu formatı Volodimir Zelenski də qəbul edir. Ən pis halda müharibə tərəflərin hazırda dayandıqları mövqelərdə dondurulmalıdır.
- Rusiya-Ukrayna müharibəsinə dair Türkiyənin rəsmi mövqeyini ifadə etdiniz. Məsələyə başqa prizmadan baxaq. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp iddia edirdi ki, müharibəni 24 saata yekunlaşdıra bilər. Hadisələrin bundan sonrakı inkişafını necə görürsünüz? Sizcə, bu mümkündür?
- Bu günə qədər deyilən sözlərə və atılan addımlara baxsaq, açığı, çox da ümidli deyiləm. Tramp sözünə nə qədər sadiq qalacaq, o da məlum deyil. Bunu zaman göstərəcək.
ABŞ xalqı hökumətə sual verməlidir ki, bizim milyonlarımız niyə Ukrayna ərazisində hədər edilir?
Müstəmləkəçilik siyasətindən əl çəkilməlidir. Döyüş silahlarına xərclənən pullar aclığa son qoya bilər. Hər kəs yerin altındakı sərvətləri düşünür, yerin üstündəki insanları fikirləşən yoxdur. Müstəmləkəçilik ABŞ və Qərbin fitrətində var. Müharibənin belə mədəniyyəti olmalıdır.
Əmir Teymurdan başlayaraq indiyə qədər bu, türklərdə davam edir. Dediyim kimi, ABŞ-nin yeni adminstrasiyası bunu bacaracaqsa, yaxşı olacaq.
- Son günlər belə fikirlər səsləndirilir ki, guya Suriyada Rusiya və Türkiyənin maraqları toqquşub, Rusiya ilə Türkiyə arasında narazılıq yaranıb. Bunu nə dərəcədə doğru hesab etmək olar?
- Biz qonşularımızla heç zaman qarşıdurmaya girmərik. Dünyada qədim dostluq və ya düşmənçilik ənənələri olmur. Sadəcə müəyyən məsələlərdə fikir ayrılıqları yaşana bilər. Rusiya ilə Türkiyə arasında geniş mənada anlaşılmazlıq ola bilməz. Aleksandr Dugin yaxın günlərdə əsassız açıqlama vermişdi və sonra səhvini başa düşdü. Dövlət ağılı ilə düşünmək lazımdır. 40 dəfə düşün, bir dəfə danış.
İki ölkənin prezidentlərinin də münasibətləri olduqca yaxşıdır. Bu, ölkələrin əlaqələrinə təsir edib. Sanksiyalar fonunda Rusiya Türkiyə üzərindən nəfəs alır. Belə olan halda, boş sözlərə nə ehtiyac var?
- Suriya məsələsinə görə İran da incik görünür...
- İranın etdikləri bəllidir. Düzdür, onlar indi bəyanat yayırlar ki, Suriyada birlik və bərabərlik istəyirlər. Bunlar alqışlanasıdır. İranın təxminən yarısı türklərdən ibarətdir. Onların bizdən incik düşməsi, Azərbaycan və Türkiyəyə qeyri-dost münasibət sərgiləməsi Tehrana nə qazandıra bilər? İran dövləti bəzi məsələləri dərk etməlidir. Xoş olmayan davranışlar ancaq onlara ziyandır.
- Türkiyə ərazisində milyonlarla suriyalı qaçqın yaşayır. Suriyada hakimiyyət dəyişdikdən sonra onların geri dönməsi aktuallaşıb. Türkiyədə müəyyən qisim insanlar qaçqınların ölkədə qalmasına razı deyil. Hazırda onların geridönüş məsələsi nə yerdədir?
- Hər millətin olduğu kimi, türklərin də öz fitrəti var. Biz hər zaman yıxılana əl uzatmışıq. Türkiyədə olan qrupun qaçqınlar üzərindən siyasət aparması doğru deyil. Düzdür, onlar ölkələrinə qayıdacaqlar. Hətta artıq proses başlayıb. 13-14 ildir ölkəmizdə təhsil alan, bizim dildə danışan minlərlə insan var. Onların birdən-birə göndərilməsi qəbuledilməzdir.
Sizin dediyiniz həmin qrup bir zamanlar bütün mənfi hadisələri suriyalılarla əlaqələndirirdi. Ancaq araşdırdıqda bunun tamamilə səhv olduğu ortaya çıxırdı. Türkiyədə hazırda 5 milyondan çox qaçqın var. Biz dövlət ağılı ilə hərəkət edirik. Suriya ərazisində artıq minlərlə insan türk dilində danışacaq. Bəzi dövlətləri də bu narahat edir.
Suriya ilə Türkiyə arasında ciddi bağ qurulub. Daha əvvəl bu coğrafiyada təxribat törətmək istəyənlər buna nail olmayacaqlar. Ümumiyyətlə, kim olur-olsun, bölgədə bizim xəbərimiz olmadan ölkəmizə zidd addımlar ata bilməyəcək. Bu, beyinlərə həkk olunmalıdır.
- Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edək. Bildiyiniz kimi, rəsmi Bakı sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Ancaq Azərbaycanın dəyişməz şərtləri var. Təəssüf ki, erməni tərəfindən eyni addımı görmürük. Bəzi Qərb ölkələri rəsmi İrəvanı silahlandırır, hətta bəzən sülhə zərbə vuracaq bəyanatlar da verilir. Onu da qeyd etmək lazımdır ki, sülh müqaviləsinin 90 faizlik hissəsi razılaşdırılıb. Ümumiyyətlə, ölkələr arasındakı münasibətlərin perspektivini necə görürsünüz?
- Paşinyanın qeyd etdiyi kimi, İrəvanda kafelərdə oturub xəyallar qurmaq lazım deyil. Ermənistanın inkişafı Azərbaycanla əldə ediləcək sülhdən keçir. Onlar şanslıdırlar ki, İlham Əliyev kimi vizionu geniş olan lider onlara barışıq əli uzadır. Başa düşməlidirlər ki, rifah və sabitlik istəyirlərsə, Azərbaycanla münasibətləri normallaşdırmalıdırlar.
Ancaq fərqli paytaxtların, diasporların təxribatlarına uyarlarsa, 10 qat artıq ziyan görəcəklər. Nə Bakı, nə də Ankara əvvəlkidir. Müxtəlif platformalardan ermənilərə tövsiyə etmişik ki, Azərbaycanın sülh əlini tutsunlar. Qarabağda dünyanın ən böyük faciələrindən birini törədiblər. 12-13 yaşlı uşağın dərisini soyublar. Bütün bunların fonunda Bakı qalıcı sülh istəyir.
- Türkiyə-Ermənistan sərhədinin açılması zaman-zaman gündəmə gəlir və hər iki ölkənin rəsmiləri müxtəlif vaxtlarda görüşüblər. Ümumiyyətlə, bu məsələ rəsmi Bakı və Ankara arasında tam koordinasiya edilirmi?
- Təbii ki. Ermənistan Türkiyə sayəsində Avropaya çıxmaq istəyir. Biz də tələb edirik ki, o zaman Azərbaycanın sülh əlini tutacaqsınız. Məsələn, Zəngəzur dəhlizinin açılmasına niyə mane olurlar? Bu, Azərbaycandan çox Ermənistana sərf edir. Rəhmətlik nənəm deyirdi ki, biz ermənilərlə mehriban idik. Nə vaxt onlar ruslara arxalandı, münasibətlər korlandı.
Xülasə, Ermənistan rəhbərliyində zərrə qədər ağıl varsa, Azərbaycanla razılığa gəlməlidirlər. Paşinyanın son açıqlamaları ümidvericidir. Sülh olacaqsa, sərhədlər də açılacaq.
- Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı düşüncələriniz nədir? Bəzən bu, Turan quruculuğu ilə əlaqələndirilir...
- Biz Avropa İttifaqı (Aİ) ilə bağlı neqativ fikir səsləndiririk? Aİ-nin qurucularının tarixinə baxsaq, 100 il bir-biri ilə müharibə aparıblar. Türk ölkələri isə biri-biriylə döyüşməyib. Deməyim odur ki, tarix ərzində düşmən olan ölkələr təşkilat qura bilirlərsə, TDT niyə formalaşmasın? Bu, hansısa quruma alternativ deyil. Sadəcə türklər birlikdə siyasət, iqtisadiyyat aparmaq istəyirlər.
Bunun nümunəsi varmı? Bəli, var - İpək yolu. Çin səddindən Avropanın mərkəzinə qədər uzanan, hər kəsin etibar etdiyi ticarət yolundan hamı faydalanıb. TDT-nin da bütün dünyaya faydası olacaq. Bunu xalqlar anlayır, hökumətlər də başa düşməlidir.
Azərbaycan və ya Türkiyə ilə düşmənçilik kimlərəsə nəsə qazandırmayacaq. Azərbaycanın neftindən faydalanmaq istəyirlər, dostca yaxınlaşsınlar.
- Türkiyə siyasi sferasında Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezidentliyə namizəd olacağı ilə bağlı fikirlər səsləndirilir. Bu fikirlərə münasibətinizi öyrənmək istərdik.
- İnsan olaraq nəfəsimizin bir anına belə sahib deyilik. Ancaq Ərdoğan həm Türkiyə, həm Türk dünyası, həm də İslam üçün önəmli liderdir.
Yeni seçimlər zamanı siyasi vəziyyətin, həmçinin prezidentin səhhətinin necə olacağı məlum deyil. Lakin reallıq olur ki, Türkiyə müxalifətində prezidentə alternativ yoxdur. Ərdoğanla eyni sırada olmaq, tək millət, tək vətən, tək bayraq olmaq deməkdir. Təəssüf ki, Atatürkün kürsüsündə əyləşənlər bu gün terroristlərlə əl sıxışır. Ərdoğanın alternativi qlobal viziona sahib olmalıdır. Bizim keçmişimiz var.
CHP-nin sabiq sədri "Türkiyənin Suriyada nə işi var" kimi fikirlər səsləndirirdi. Ancaq eyni sualı ABŞ-yə vermirdi. O gözlərini qapadıb 100 il geriyə getsə, görər ki, indiki Suriya əraziləri - Şam, Hələb Türkiyə vilayəti olub. Allah belə müxalifətlə mübarizədə Ərdoğana ömür versin.
Baxın, Ulu Öndər Heydər Əliyevin sayəsində müasir Azərbaycan qurulub. 12 dekabr onun anım günümüdür. Allah mərhum prezidentə rəhmət eləsin.
Ümumiyyətlə, hər xalqın öz qədəri var. Xoşbəxtik ki, "uzun adamlar" (İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan nəzərdə tutulur) ölkələrimiz üçün hər zaman yaxşı addımlar atıblar. Onlar tarix yazıblar. Təəssüf ki, biz insanların qədrini öldükdən sonra bilirik. Allah hər birinə uzun ömür versin. Varlıqları bizim üçün önəmlidir.
- Mümkün hakimiyyət dəyişikliyi fonunda Azərbaycan-Türkiyə münasibətləri korlana bilər?
- "Uzun adamlar"ın münasibəti ölkələrimizin inkişafına da yansıyır. Ümid edirik ki, bundan sonra da belə olar.
Olmasa nə olacaq? Hər bir halda xalqlarımız qardaşdır. Əlaqələrimizi kimsə poza bilməz. Bakı mənim üçün Ankara kimidir. Bunu fərqli düşünə bilmərik. Mümkün hakimiyyət dəyişikliyi zamanı da yeni prezident xalqın istəyinə uyğun davranmalıdır. Əks halda, onun rəhbərliyi davam edə bilməz.