5 Noyabr 2016 15:51
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəyyumluq şöbələrindən birinə iddiaçı qismində müraciət edən Aygün Əliyeva (şərti ad) idarənin bəzi məmurlarının onun hüquqlarını tapdalağını söyləyir.

4 ildir ayrı yaşadığı həyat yoldaşının 2 övladını oğurladığını və ona göstərmədiyini deyən ana qəyyumluq şöbəsi işçilərinin qərəzli davranış nümayiş etdirdiklərini bildirir: “Onlar mənə danışmağa belə imkan vermirdilər. İclasda az qala fəryad qoparsam da, dinləmədən məni haqsız çıxarırdılar. Yalnız və yalnız oğlan tərəf dinlənirdi.

Mən onlara deyəndə ki, bu insan məni döyürdü, mən hər gün öldürülmə riski ilə üzbəüz qalırdım, qəyyumluq şöbəsinin qadın əməkdaşı mənə dedi ki, qızım, ailədir də, qadın hər şeyə dözməlidi”.

19 yaşında ailə həyatı quran Aygün Əliyeva (A.Ə.) 4 illik evlilik həyatında dəfələrlə şiddətə məruz qalıb. Aygün yemək süfrəyə on dəqiqə gec gələndə, çayın içindən qaynar buxar gəlməyəndə, öz fikrini söyləməyə çalışanda, evdən çıxan yoldaşının hara getdiyini öyrənmək istəyəndə, yoldaşının işi ilə maraqlananda və sair müxtəlif səbəblərdən başından vurulduğunu, döyüldüyünü söyləyir.

"Qadınsan, otur qadın yerində", "sənin bu evdən ancaq ölün çıxar" deyən həyat yoldaşının növbəti ağır zərbələrindən canını qurtarmağa çalışan gənc qadın səhər tezdən 2 körpə övladını götürərək anasının yaşadığı mənzilə qaçır.


"Təcrübəsiz olduğumu nəzərə alaraq yoldaşım daim məni qorxu içində saxlayıb, mən heç yerə müraciət edə bilməmişəm. Mənim uşağıma nəsə almağa haqqım yox idi. Yoldaşımın yaxşı əlaqələri var idi və mən bilirdim ki, o istədiyi anda hər şey edə bilər. Başa düşürdüm ki, harasa şikayət etsəm, yoldaşım gəlib səsimi birdəfəlik kəssə, heç kim köməyimə gələ bilməyəcək".

Aygün Əliyeva 2012-ci ildə uşaqlarını götürüb anasıgilə qaçsa da, çox keçmədən əri zor tətbiq edərək uşaqları ondan oğurlayır. 4 ildir uşaqlarını görə bilməyən ana imkansızlıq üzündən vəkil tuta bilmir və nəhayət, 2016-cı ildə tanış olduğu xanım vəkil ona pulsuz yardım edərək qəyyumluq və boşanma üçün müvafiq qurumlara müraciət edir.

Kimliyinin anonim qalmasını xahiş edən gənc ana Bakıdakı icra hakimiyyətlərindən birinin qəyyumluq şöbəsinin işçilərinin də adlarının məqalədə çəkilməsini istəmədiyini, özünə qarşı təzyiqlər yaranacağından qorxduğunu söyləyir.

Şiddətə məruz qalsanız, nə edərsiz?

Avropa Birliyi ölkələrində aparılan araşdırma ailədaxili zorakılığa məruz qalan qadınlardan yalnız 14 faizinin polisə müraciət etdiyini ortaya çıxarıb.

2016-cı ilin ilk doqquz ayında Azərbaycanda qadınlara qarşı 4552 cinayət hadisəsi (1747-si zorakılıqla bağlı) qeydə alınıb. Bu cinayətlərdən hər səkkizincisi isə ailə məişət münaqişəsi zəminində baş verib.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə, bu ilin 9 ayı ərzində 17 qadın xüsusi amansızlıqla öldürülüb ki, cinayət hadisələrinin çoxunun qısqanclıq zəminində baş verdiyi vurğulanır.

2010-cu ildə qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda məişət zorakılığı hallarına dair şikayətlərə baxılma və preventiv tədbirlər əhatə olunsa da, qadınları müdafiə etmək üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılmaması qanunun icrasını ləngidir.

Facebook sosial şəbəkəsinin "Körpəm və Mən" adlı qrupunda keçirilən "Şiddətə məruz qalsanız, polisə müraciət edərdinizmi?" başlıqlı sorğuya 21 iştirakçının hamısı "yox" cavabı verib. Qadınlar ancaq boşanacaqları təqdirdə polisə müraciət edəcəklərini bildiriblər.

Qrupun aktiv üzvlərindən Aynur Şahkərimova sorğu iştirakçıları ilə həmfikirdir: "Əvvəla, ondan sonra kişi beşqat daha artıq şiddət göstərəcək; ikincisi, özünə sığışdırmayacaq onu polisə verən qadınla normal münasibətdə olsun. Bunları da kənara qoysaq, necə polisə şikayət etdiyin kişiylə bir dam altında sonra həyat paylaşa bilərsən? Bizdə də boşanmaqdansa öldürülməyi üstün tutduqları üçün, əlac qalır "kişi döyər də, sevər də" prinsipi ilə yaşamağa".

"Azərbaycanda qadın təkdirsə, arxasızdırsa və pulsuzdursa, onun heç vaxt heç bir müraciətinə baxılmır" fikrini səsləndirən Aygün Əliyeva qadın iş yoldaşlarının da onunla eyni fikirdə olduğunu söyləyir: "Əri tərəfindən döyülən iş yoldaşım polisə ərizə yazmışdı. Ona təzyiq göstərilib və ərizəsini cırmağa məcbur olub".

BMT-nin Əhali Fondunun Gender üzrə Proqram Müşaviri Bəhicə Əliyeva qadının cəmiyyətdəki rolu ilə baglı əhali arasında mövcud tabuların zorakılığa məruz qalmış qadının hüquq-mühafizə orqanlarına müraciət etməməsinin səbəblərdən biri kimi dəyərləndirir.

Gender üzrə ekspert qanunun yerlərdə icrası məsələsində ciddi boşluqların olduğunu vurğulayır: "Hələ də mühafizə orderlərinin verilməsi prosedurları təkmilləşməyib. Məişət zorakılığına məruz qalmış qadının tibbi xidmətə, mühafizəyə, psixoloji reabilitasiyaya, müvəqqəti sığınacağa, hüquqi dəstəyə ehtiyacı var. Yerli icra hakimiyyətlərində mövzu üzrə ixtisaslaşmış aidiyyəti qurum və mütəxəssislər demək olar ki, yox səviyyəsindədir".

2014-cü ildə Azərbaycan hökumətinin dəvəti ilə ölkəyə səfər etmiş BMT-nin Qadına Qarşı Zorakılıq üzrə Xüsusi Məruzəçisi xanım Raşida Mancu yekun hesabatında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda bəzi boşluqların olmasını qeyd etmişdi. Bu boşluqlardan biri “araşdırmanın aparılması zamanı tərəflərin (zorakılığı törətmiş şəxs ilə zərərçəkən şəxsin) münasibətlərinin normallaşmasına və ailədə münasibətlərin bərpa olunmasına kömək göstərmək” maddəsinə aid idi. Beynəlxalq praktikaya əsasən, zorakılıq hadisəsinin araşdırılması dövründə tərəflərin münasibətlərinin normallaşdırılması vəzifəsi dövlətin üzərində dayanan vəzifə deyil.

Ekspert Bəhicə Əliyeva beynəlxalq praktikaya əsaslanaraq araşdırma aparıldıqsan sonra günahkarların müəyyənləşdirilməsi, varsa cəzalandırılması tədbirlərinin və yaxud hər hansı bir inzibati tədbirin həyata keçirilməli olduğunu vacib sayır: "İki şəxsin yenidən bir araya gəlməsi isə şəxsi seçim və istək əsasında olmalıdır, təzyiq altında deyil".

Qadın qətllərinə qarşı son aksiya

Zərdab rayon sakini, 23 yaşlı, 3 uşaq anası Rüxsanə Astanovanın həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla qətli hadisəyə biganə qala bilməyən hər kəsi silkələdi, "nə edə bilərik" sualı ilə qarşı-qarşıya qoydu.

31 oktyabr 2016-cı il tarixində vətəndaşlar, qadın təşkilatları və media nümayəndələri Facebook sosial şəbəkəsində "QadınQətllərinəSon" hashtagı altında virtual aksiyaya qatıldılar.

Aksiyanın əsas təşkilatçısı "Təmiz Dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova aksiyanın adidiyyatı qurumların və deputatların diqqətini problemə çəkmək məqsədilə təşkil olunduğunu söyləyib. Təşkilat sədri artan qətllərin qarşısını almaq məqsədilə qanunvericiliyin sərtləşdirilməsini və məsul şəxslərin öz işinə məsuliyyətlə yanaşmasını tələb edir.

Mehriban Zeynalova boşanmaların və ailədaxili şiddət hallarının azalması üçün zorakılıq törədən kişinin və ya zorakılığa rəvac verib kişini qıcıqlandıran qadının məcburi psixoloji yardımına tabe tutumlasını vacib sayır.

23 yaşlı ananın qətlini şərh edən gender üzrə ekspert Bəhicə Əliyeva hesab edir ki, hadisənin ən dəhşətli tərəfi hadisəyə vaxtında müdaxilə imkanları ola-ola bu imkanlardan istifadə edilməməsidir: "Hadisə üzrə araşdırmanın davam etdiyini nəzərə alaraq, bu mərhələdə hər hansı bir mülahizə irəli sürmək çox çətindir. Lakin məsələnin görünən tərəfi odur ki, qadın sistematik şəkildə həyat yoldaşı və digər ailə üzvləri tərəfindən zorakılığa məruz qalırmış, yerli səlahiyyət sahibləri bu məsələyə dair məlumata malik imiş, lakin həyatını qurtarmağa çalışan qurban nə rəsmilər, nə də ailəsi tərəfindən heç bir yardım almamış və zorakı mühitə qayıtmağa məcbur edilmişdir".


Ekspert təhsilə, peşəyə, hər hansı bir gəlir mənbəyinə malik olmanın qadının həyatında qoruyucu rol oynadığını vurğulayır.

Psixoloq Dürdanə Məmmədova qadına şiddət hallarının hər zaman olduğunu, sadəcə indi ictimailəşdirildiyinə diqqə çəkir. O, şiddət hallarının artmasını sosial durumun aşağı olması ilə əlaqələndirir və daha çox özünü təsdiq edə bilməyən kişilər tərəfindən törədildiyni qeyd edir.

Mediadakı şiddət xəbərləri...

Psixoloq Orxan Oruc heç bir maarifləndirmə əhəmiyyəti olmayan, "ər arvadının başını kəsdi" başlıqlı xəbərlərin yayımının mümkün olduqca dayandırılmasına tərəfdardır. Psixoloqun fikrincə, xəbərlərin kütləviləşməsi hadisələri adiləşdirir və verter effekti yaradır: "Dünyagörüşü zəif olan adamlar üçün qatillər nümunə ola bilər və onlar da eyni hərəkəti təkrarlaya bilərlər".


Media üzrə müstəqil ekspert Ələsgər Məmmədli də şiddət xəbərlərinin işıqlandırılmasında Kütləvi İnformasiya Vasitələrinin üzərinə böyük məsulliyyət düşdüyü fikrini təsdiqləyir. Ekspert hadisə yerinin və şiddət, ölüm, zorakılıq, intihar faktının detallı təsvirini vermək, məhkəmə qərarı olmadan hadisəni törədən şəxsi cinayətkar adlandırmağın yanlış olduğunu bildirir. Bundan əlavə, hüquqi ifadələrin də doğru işlədilməsinə diqqət edilməlidir: cinayət törətməkdə şübhəli bilinən şəxsə "Şübhəli şəxs", cinayət törətməkdə şübhəli bilinərək istintaqa cəlb olunan şəxsə "təqsirləndirilən şəxs" deyilməlidir. Medianın qəbul olunmuş beynəlxalq prinsipləri habelə hüquq normaları bunu tələb edir.

Hüquqşünas Asima Nəsirli mediada seksist/mizoqinist (qadına nifrət-red.) üslubun aradan qaldırılmasını zəruri hesab edir. Hüquqşünas sosial media da daxil olmaqla, Kütləvi İnformasiya Vasitələrinə dair qanunvericilikdə nifrət çıxışları/ifadələrinin qadağan edilməsi üçün müvafiq dəyişikliklər edilməsini və seksist/mizoqinist ritorikanı çəkindirən hüquq normaları müəyyən olunmasını zəruri sayır.

Qadın hüquqları və mövcud qanunvericilik

Ekspertlərin fikrincə, ilk növbədə mövcud qanunvericilik təkmilləşdirilməli və qanunların real icrası təmin edilməlidir. Qanunvericilik tədbirləri həm zorakılıqla bağlı müdafiə və mühafizəni, qurbanın sonrakı reabilitasiyası və zorakılıq törədənin təqibini, həm də ümumilikdə ölkədə gender bərabərliyinin təminatı və qadınların səlahiyyətləndirilməsi əhatə etməlidir.

Ekspertlər vəziyyətin mütəmadi şəkildə qiymətləndirilməsini təmin etmək üçün məlumatların toplanması və qadınlara qarşı nifrət cinayətlərinin statistikasının aparmasını vacib sayırlar. Eyni zamanda, əhali arasında, medianin da təsirindən istifadə etməklə qadına şiddətə ictimai qınaq yaradacaq geniş və sistematik təbliğat kampaniyaları keçirilməlidir.

Hüquqşünas Asima Nasirli hesab edir ki, seksist motivlə qadınlara qarşı törədilmiş cinayətlərə (nifrət cinayətləri) görə cəza müəyyən edilməlidir və həmin cinayətin törədilməsinə səbəb olmuş motiv (nifrət motivi) cəzanı ağırlaşdıran hal kimi Cinayət Məcəlləsində nəzərdə tutulmalıdır.

BMT-nin eksperti Bəhicə Əlyeva isə məişət zorakılığı ilə mübarizədə İstanbul Konvensiyasının ratifikasiyasını həlledici və vacib hesab edir. Məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş və hüquqi qüvvəyə malik yeganə beynəlxalq sənəd olan Konvensiya açıq-aydın məişət zorakılığı hallarının insan hüquqlarının pozulması olduğunu vurğulayır. Bundan əlavə, adı çəkilən sənəd qadınlara qarşı zorakılıq üzrə geniş hüquqi çərçivəni hazır şəkildə üzv olacaq ölkələrə təqdim edir.

Konvensiyada üç əsas istiqamət əhatə olunub: zorakılığın qarşısının alınması, qurbanların müdafiə olunması və zorakılıq törədənlərin təqib edilməsi.

Xüsusi diqqət çəkən məqam odur ki, Konvensiya qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı kimi məsələləri səmərəli şəkildə həll edilməsi üçün işə cəlb olunmuş bütün müvafiq dövlət qurumları, xidmət qruplarını və qeyri-hökumət təşkilatlarını fəaliyyətini əlaqələndirən rəsmi dövlət qurumunun formalaşdırılmasını şərt kimi müəyyən edir. Eyni zamanda, Konvensiyanın GREVİO adlı monitorinq mexanizmi də yaradılıb ki, bu mexanizm çərçivəsində mütəxəssislər qrupu bir araya gətirərək üzv öklələrin bu istiqamətdəki addımlarını mütəmadi əsaslarda qiymətləndirir və mövcud boşluqları aradan qaldırmaq üçün müvafiq tövsiyələr verir.

Bəhicə Əliyeva İstanbul Konvensiyasının məişət zorakılığı ilə mübarizə üzrə ən mükəmməl hüquqi çərçivəni təsvir etməsi faktının beynəlxalq səviyyədə də etiraf olunduğunu qeyd edir: “Qadın hüquqlarının müdafiəsində maraqlı olan istənilən dövlətin İstanbul Konvensiyasını imzalaması şərtdir. Ölkəmizdə son illərdə bu istiqamətdə atılan addımları və mövcud siyasi iradəni nəzərə alaraq, ümid edirəm ki, Konvensiyanın ratifikasiyası yaxın vaxtlarda baş tutacaq”.

Nəzakət Zeynallı


Müəllif:

Oxşar xəbərlər