23 Noyabr 2016 16:14
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlar təbiətcə kişilərə nisbətən həssas olduqlarından mənəvi və psixoloji məsələlər onları daha çox narahat edir. Bu baxımdan psixoloq yanına elə daha çox qadınların yolu düşür.

Psixoloq Dəyanət Rzayev onları daha çox hansı problemlərin narahat etdiyindən danışıb: “Bizə daha çox qadınlar müraciət edirlər. Kişilər də müraciət edir, cavan oğlanlar və ya yaşlı nəslin nümayəndələri. Amma kişilər bizi, yəni digər bir kişi cinsinin nümayəndəsini özlərinə rəqib kimi gördüklərindən, qadınlara nisbətən bizə az üz tuturlar. Belə ki, onlar özlərinə sığışdırmırlar ki, hansısa kişi onu korrektə eləsin, onunla psixoteropiya, konsultasiya aparsın. Belə demək mümkünsə, qürurlarına sığışdırmırlar. Amma qadınlar üçün belə bir problem olmadığından onlar asanlıqla öz problemlərini gəlib bizimlə bölüşə bilirlər.

Demək olar ki, bizə 18-21 və 38-40 yaş arası olan qadınlar müraciət edirlər. Gənc qızlar daha çox sayrışan fikirlərinə görə problem yaşayırlar. Yaşı daha çox olanlar isə ailədə yaranan çətinliklərə görə.

Mənə müraciət edənlərdən işgüzar və evdar qadınların, demək olar ki, sayları eynidir. Lakin işgüzar qadınların problemi daha çox olur. Onlar işdə, cəmiyyət arasında daha çox olduqları üçün bir sıra problemlər yaşayır. Evdar qadınlar isə daha çox evdə oturur, daha çox ailədə yaranan problemlərə görə müraciət edirlər.

Onlarda əvvəlcə halsızlıq, heç bir şeyə marağın, işləmək həvəsinin olmaması kimi hallar müşahidə olunur. Sonra isə depressiv xarakter alır”.

Müasir qadınlar nə istəyir?

Psixoloq müasir qadınların istəklərindən də söz açıb: “Bilirsiniz, bizə qadınlar müraciət edir ki, ailəlidir, əri onunla yaxşı davranır, hər şey yaxşıdır. Ər vurmur, döymür. Amma ona lazımi diqqət göstərmir. Demək olar ki, kişi qadına nə lazım olduğunu bilmir. Deyir, sənə nə lazımdır, bahalı maşının var, villada yaşayırsan, heç nəyin əksik deyil. Əslində, ev o qədər böyük olur ki, heç qadın onu yığışdıra bilmir. Kişilər çox vaxt qadındakı ruh düşkünlüyünü anlaya bilmir. Adətən kişilərin əksəriyyəti ailə qurur və sevdiyi qadın onun üçün adiləşir. Qadın əvvəlcə olur sevgili, sonra həyat yoldaşı, sonra uşaqların anası, uşaqlar evlənəndən sonra gəlinin qayınanası. Nəhayətdə isə olurlar adi bacı-qardaş. Yəni bu qədər adiləşmə gedir və problemlər yaranmağa başlayır.

Bu gün bir problemlə daha çox qarşılaşmaq olur. Kişilər ya ehtirasına, ya da mal-dövlət hərisliyinə qalib gələ bilmir. Belə ki, kişi evli olur, başqa bir qızdan xoşu gəlir, onunla sevgili olur, qıza ev alır. Biabırçılıq odur ki, qanunsuz boşanma və saxta nikah halları çox artıb. Kişi öz həyat yoldaşını boşayır, heç qadının xəbəri də olmur. Sonra başqa bir qadınla saxta nikah kəsdirir. Əslində, nə baş verir, bilinmir. Mənim pasiyentlərimin bir neçəsinin başına belə hadisələr gəlib. Belə olanda onlara yardım etməsi üçün hüquqşünaslara yönəldirəm”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər