“Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ətraf mühiti çirkləndirdiyinə görə Qaradağ Qaz Emalı Zavoduna 6 min manatdan çox cərimə tətbiq edib”.
Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin nümayəndəsi Mirsalam Qəmbərov deyib.
Onun sözlərinə görə, bütün ekoloji ekspertizanın obyekti olan müəssisələr haqqında onların ətraf mühitə vurduğu ziyana görə tədbir görülür: “Qaz emalı, Neft emalı zavodları, eləcə də Neft-Qaz çıxarma İdarələri barədə davamlı olaraq tədbirlərimizi görürük. Hansı obyektdə ekoloji pozuntu varsa, nazirlik tərəfindən qiymətləndirilir və onlara qarşı tədbir görülür”.
Nazirlik rəsmisi qeyd edib ki, Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində baş verən yanğını ekologiya ilə bağlamaq düzgün deyil: “Partlayış zamanı atmosferə müəyyən zərərli tullantılar atılıb. Ancaq bunun niyə partlaması, qəza baş verməsi tamami ilə ayrı məsələdir. Hazırda partlayış baş verən ərazidə istintaq işi aparılır. Onlar müəyyənləşdikdən sonra ətraf mühitə vurulan ziyan hesablanacaq”.
Qeyd edək ki, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. Magistral qaz kəmərində son 2 ayda artıq 3-cü partlayışdır.
İlhamə ƏBÜLFƏT