17 Yanvar 2017 13:33
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) sədri Mahmudəli Çöhrəqanlı İranın sabiq prezidenti Rəfsəncaninin vəfatı ilə bağlı maraqlı status paylaşıb.

“1995-ci ilin noyabr-dekabr aylarında İran parlament seçkilərinin ilk mərhələsini yaşayırdı. Azərbaycanlılar baş-başa ayaqda idi, onun mədəni, siyasi hüquqlarını qoruyan oğlunun arxasında idi. Bu, Tehran hökumətini ciddi narahat edirdi və onlar vəziyyətdən çıxış yolu axtarırdı. Onlar mənə verilən səsləri heçə sayaraq yüz minlərlə səs qazanmağıma rəğmən, birinci mərhələdə Təbrizdən millət vəkili seçilməyimin qarşısını almağa çalışırdılar. Baxmayaraq ki, mənim Təbriz Universitetində və Təbriz valiliyində işləyən tələbələrim qeyri-rəsmi bildirmişdi ki, seçkilərdə 480 min səs almışam. Onlar məni və daha 5 nəfər namizədi seçkinin ikinci mərhələsinə buraxmışdılar”, - deyə Çöhrəqanlı xatırladıb.

GAMOH lideri qeyd edir ki, 1996-cı ilin yanvar-fevral aylarında seçkinin ikinci mərhələsinə hazırlıq prosesi gedirdi: “Hüquq-mühafizə orqanlarının təhdid və hədə-qorxularına, əngəl törətmələrinə baxmayaraq, Təbrizin ətrafında üç şəhərdə 30 min nəfər, Təbrizin 40 metr məhəlləsində isə 50 min insan mənim çıxışımı dinləmək üçün toplanmışdı. Qeyd edim ki, parlament seçkiləri prosesi 4 ay müddəti əhatə etdi və mən 400-dən çox toplantı keçirə, 100 min azərbaycanlı ilə təmas qura bildim. Amma bu müddətdə təhdid, maneə, hədə-qorxu da davam edirdi. Mənim arxamda bir partiya və təşkilatın olmamasına baxmayaraq, dirənməkdə davam edirdim. Fevralın sonlarında ikinci mərhələ seçki günü gəldi. Səhər tezdən qapımız döyüldü. Məlum oldu ki, Tehrandan əmr gəlib və qapını döyən xüsusi xidmət orqanlarının məmurlarıdır. Mənə dedilər ki, paltarını geyin, səni önəmli bir yerə aparmalıyıq. Avtomobilə əyləşdim, öncə məni Təbrizin yaxınlığında bir yerə apardılar və dedilər ki, sən Tehrana köçməlisən. Əlavə etdilər ki, Təbrizdən millət vəkili deyil, cümhuriyyət başçısının mədəniyyət məsələləri üzrə köməkçisi olacaqsan. Bildirdilər ki, Haşimi söz verib ki, əgər yazılı olaraq bir də Təbriz televiziyasına çıxaraq, seçkilərdən istefa edib çəkilərəmsə cümhuriyyət rəisinin mədəniyyət məsələləri üzrə müavini olacağam. Açıq söylədilər ki, sənin Tehranda evin, avtmobilin, gözəl yaşam imkanların olacaq”.

Çöhrəqanlı yazır ki, ona olan bu təklifi rədd edib: “Dedim, mən 4 aydır yüzlərlə seçki toplantısında yüz minlərlə təbrizli ilə gülüb ağlaşaraq və onların gözünün içinə baxaraq söz vermişəm ki, son nəfəsimə qədər qanuni haqlarını Tehranda yerləşən İran məclisində qoruyacağam. Əgər mən ağayi Haşiminin təklifii qəbul edərəmsə, bir daha millətimin üzünə baxa bilmərəm. Həm də bu milli marağı şəxsi marağa qurban verməkdir və satqınlıq sayılır. Beləcə qarşı-qarşıya deyilən fikirlər çox uzandı və bu arada mən gözəl bir xəbər aldım. Məlum oldu ki, millət Təbrizdə valilik qarşısında, xiyabanlardadır, on minlərlə azərbaycanlı mənim adımı seçki günü seçim mərkəzlərində olan aday siyahısından silinməsinə etiraz edir. Bu xəbəri yanımda olan məmurun telefon söhbəti zamanı eşitdim. Və bu mənim dirəniş gücümü artırdı, onların məni razı salmaq imkanlarını zəiflətdi. Açıq dedim ki, məni quyuya atın ki, millətimə xəyanətdən qurtulum. Və o gün mənim adım namizədlər siyahısından silinməsinə rəğmən şərəfli və igid təbrizli sözündə duraraq öz sadiq və satılmaz oğluna seçkilərdə rekord olaraq 612 min səs verdi”.

Sonda GAMOH lideri əlavə edib ki, yaxın gələcəkdə onun başına bu oyunları gətirənlər ağır cəzalanacaqlar.

Cavad


Müəllif:

Oxşar xəbərlər