“SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov SSRİ-i konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq, fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Prokurorunun birinci müavini Rüstəm Usubov deyib.
Onun sözlərinə görə, hərbçilər fərman əsasında yanvarın 19-u gecə saat 12-dən başlayaraq keçmiş Əzizbəyov metrosu ətrafında Sumqayıt şəhəri istiqamətində şəhərə daxil olub, dinc əhalini qırıblar: “132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 814 nəfər qanunsuz həbs olunub. Binalara və digər qurumlara ciddi ziyan dəyib. Bakıda yetərincə hərbçi olduğu halda 66 min qoşun yeridilib. Bunlar SSRİ-nin, Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbçiləri və kursantları idi. Onların arasında çoxlu erməni vardı”.
Rüstəm Usubov qeyd edib ki, həmin il yanvarın 24-ü Elmlər Akademiyasının alimləri öldürülüb. Azərbaycan Televiziyasının enerji blokunun partladılmasının təşkilatçısı Azərbaycanın DTK-nin o vaxt ki rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub: “O vaxt işi Rusiya prokurorluğu aparırdı. Azərbaycan prokurorluğu işə 14 fevral 1992-ci ildə - gec başlamışdı. Bu da o vaxtkı rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi, müəyyən sübutları aradan qaldırılmışdı. Təzədən dindirilmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burda, həm Moskvada aparıldı. Yanvarın 19-da Bakıya ezam olunan SSRİ-nin mərkəzi komitənin rəhbər işçiləri dindirildi. Ancaq Qorbaçovu və Vladimir Bakatini dindirmək mümkün olmadı. O qaçıb gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər. Qorbaçov istintaqdan yayındı. 1992-ci ildə 68 cild əsas iş bizə verilmədi. İndiyə qədər Azərbaycan prokurorluğu 68 cild işi tələb edir. Amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa gələndən sonra ona tam qiymət verib, qalanlar məhkəmə veriləcək”.
Nərgiz