11 Fevral 2017 23:25
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələrinin XİN və Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Cocuq Mərcanlı kəndinə təşkil olunan səfərinin nəticəsində İspaniyanın Efe agentliyi tərəfindən "Qarabağ cəbhəsində bir kəndə həyat qayıdır" adlı məqalə hazırlanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məqalə İspanıyanın Lavanguardia, ElConfidencial, Kolumbiyanın "Wradio" və digər çoxsaylı ispandilli mətbuat orqanlarında dərc olunub.

Məqalədə deyilir:

İyirmi ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin cəbhə bölgəsində ailəsi ilə birgə yaşayan Azərbaycan kəndlisi Oqtay Həziyev doğma kəndində bərpa işləri başlandıqdan sonra həmvətənlərinin qayıdışını səbrsizliklə gözləyir.

“Əsgərlərimiz kəndi erməni işğalçılarından azad edən kimi geri qayıdıb evimizi yenidən tikmişdik. Həmin vaxtdan etibarən artıq iyirmi ildən çoxdur ki, burada tək yaşayırıq”, deyə 49 yaşlı Həziyev bildirir.

Üç aylıq erməni işğalından sonra xarabalığa çevrilmiş Cocuq Mərcanlı kəndi 1994-cü ildə Azərbaycan ordusu tərəfindən azad ediləndə vaxtilə orada yaşayan 283 ailədən yalnız Həziyevlər ailəsi kəndə qayıtmışdır.

Digər sakinlərin narahatlığı isə kifayət qədər əsaslı idi. Belə ki, Cocuq Mərcanlıdan çıxandan sonra erməni hərbi qüvvələri yaxınlıqdakı Lələ Təpə yüksəkliyində möhkəmlənmişdilər və oradan onlar yalnız ötən ilin aprel ayında çıxarılmışlar.

Ayın əvvəlində başlanmış və kəndin yenidən canlanmasına şərait yaradacaq minadan təmizləmə işlərinə görə daha da ümidlənən kənd sakini “İndi vəziyyət nisbətən daha sakitdir”, deyə bildirir.

Azərbaycanda adət olduğu kimi, Həziyev ailəsi birlikdə kiçik qardaşı Arif də ailəsi ilə yaşayır və hər ailədə iki övlad olmaqla ev toplam səkkiz nəfərdən ibarətdir.

Köhnə qonşularından bəziləri işlərin gedişinə baxmaq üçün artıq Cocuq Mərcanlıya gəlməyə başlayırlar.

“İmkan yaranan kimi qayıdacağıq. Bizim evimiz tamamilə dağılmışdı”, deyə, müharibə nəticəsində məcburi köçkün olmuş və hazırda qonşu Fizuli şəhərində yaşayan Məhəmmməd Mirzəliyev EFE-ə bildirir. Fizulidə dünyaya gəlmiş 14 yaşlı oğlu Azadxan da onunla birlikdə kəndə gəlmişdir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) bildirdiyinə görə, Cocuq Mərcanlıda aparılan işlərin birinci mərhələsi 100.000 kvadrat metr ərazinin minalardan təmizlənməsi və orada 50 evin inşasını nəzərdə tutur.

ANAMA-nın mütəxəssisləri artıq əkin sahələri də daxil olmaqla 3 kv. kilometrlik ərazinin minalardan təmizlənməsi üçün plan hazırlamışlar.

“Cocuq Mərcanlının bərpası layihəsi məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesində bir pilot layihə olacaq” deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev EFE-ə bildirmişdir. Onun sözlərinə görə bu təşəbbüs bir sıra beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.

Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu günə qədər həyata keçirilmiş dövlət proqramları sayəsində 95 qəsəbə salınmış, hazırda erməni işğalı altında olan ərazilərdən və qoşunların təmas xəttinə yaxın ərazilərdən didərgin düşmüş 250 min nəfər qaçqın və məcburi köçkün evlə təmin edilmişdir.

Komitənin sədr müavini Fuad Hüseynovun sözlərinə görə, Cocuq Mərcanlının bərpası Böyük Qayıdış konsepsiyasına şübhə ilə yanaşanlara “ən tutarlı cavabdır”.

“Bəzi beynəlxalq təşkilatlar qaçqın və məcburi köçkünlərin uzun illərdən və dövlətin onlara göstərdiyi qayğıdan sonra doğma torpaqlarına qayıdacaqlarına şübhə ilə yanaşırdılar”, deyə Hüseynov EFE-ə bildirmişdir.

O əlavə etmişdir ki, artıq 200-dən çox Cocuq Mərcanlı sakini doğma kəndlərinə qayıtmaq üçün ölkə rəhbərliyinə müraciət edib.

Cocuq Mərcanlı kəndi 1994-cü ilin avqustunda işğal olunmuş Cəbrayıl rayonunun eyni adlı mərkəzi şəhərindən 35 kilometr aralıda yerləşir.

Azərbaycan bildirir ki, Ermənistanla sözügedən münaqişənin həllinin yeganə yolu işğal olunmuş ərazilərin azad edilməsidir və bu tələb BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrində də öz əksini tapmışdır.


Müəllif:

Oxşar xəbərlər