Qədim yunanlar musiqini tanrıların töhfəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən ecazkar qüvvə kimi yanaşırdılar. Həqiqətən gözəl musiqi insanın ülvi duyğularını ifadə edir. Musiqi bəzilərimiz üçün əyləncə, bəzilərimiz üçün istirahətdir. Əslində, sözlə deyilməyənlər musiqi ilə rahatlıqla ifadə olunur...
Musiqinin incəliklərini çatdıran isə musiqi alətləridir. Biz də bu dəfə yolumuzu musiqi alətlərini bir yerə toplandığı məkana saldıq. Musiqi mağazasındayıq.
Mağazanın bir hissəsi milli musiqi alətlərə həsr edilib. Tar, kamança gözə dəyir.
Marketinq üzrə menecer Samir İsmayılov deyir ki, mağazaya musiqi alətləri birbaşa gətirilir: “Hər cür musiqi alətləri satırıq. Simli, zərb, nəfəsli, elektron alətlər, bütün aksessuarlar, müxtəlif musiqi avadanlıqlarının satışı təşkil olunur. Xarici ölkələrin şirkətləri ilə müqavilə bağlamışıq. Brend malları, fabrikdən alınan alətləri birbaşa idxal edirik. Arada vasitəçi olmadığı üçün mağazada qiymətlər münasibdir. Mümükündürsə, endirim də edirik”.
Mağazadakı musiqi alətləri Bolqarıstan, Türkiyə, İspaniya, Yaponiya, İndoneziya, Çindən gətirilir.
Menecer deyir ki, Azərbaycan tarı, kamançası, balabanı tək ölkəmizdə yox, bütün dünyada məşhurdur: “Əcnəbilərin milli alətlərimizə marağı böyükdür. Bir dəfə Cefri adında bir amerikalı musiqiçi mağazamıza gəlmişdi. Azərbaycan dilində sərbəst danışırdı. Kamançanı əlinə alıb bizim mahnılara ifa etməyə başladı. Sonra tar istədi. Düşündüm ki, tarı ifa etməyi bacarmaz. Amma gözəl ifa etdi. Tara vurğun olduğunu bildirdi. Dedi ki, hər yerdə bu aləti təbliğ edir”.
Samir İsmayılovun sözlərinə görə, bəzən turistlər balabanın, tarın, tütəyin erməni aləti olduğunu deyirlər: “Onlara izah edirik ki, bu, bizim milli musiqi alətimizidir. Balabana düdük deyirlər. Biz onun düdük yox, balaban adlandığını və milli alətimiz olduğunu izah edirik. Çalışırıq hər zaman təbliğat aparaq.
Bəzən musiqi alətini elektron sifariş vermək istəyirlər. Mən bu alətləri elektron şəkildə almağı doğru hesab etmirəm. Musiqi alətini ifa etdikdən sonra onun səsini hiss edirsən. Elektron şəkildə alış bu sahədə uğurlu deyil.
Hər bir alətin öz gözəlliyi var. Onu ancaq əlinə alıb, ifa etdikdə hiss eləmək mümkündür. Onda sonra aləti almaq olar”.
Mağazada xarici ölkələrin musiqi alətləri də var. Meksikada istehsal olunan cembe, qriliand, reinstik alətləri var ki, ağacdan hazırlanıb, səslənməsi daha gözəldir. Bu cür alətləri hədiyyə kimi almağa üstünlük verənlər də var.
Daha sonra satıcı Natəvan Abışova bizə milli musiqi alətlərimiz haqda məlumat verdi.
Deyir ki, milli musiqi alətləri arasında tara və saza daha çox tələbat var: “Zurna, tütək, balaban da satılır. Turistlər bizim milli musiqi alətlərinə maraq göstərirlər. Daha çox balaban, zurna və saz alırlar. Tarları əsasən Şəki, Bakı ustalarından alırıq. Vətəndaşların fərdi satdığı aləti almaqdan imtina edirik. Birbaşa ustalarla işləyirik. Ustalar da alətləri düzəldir, kökləyir, hazır şəkildə gətirib, bizə satırlar. Nəfəs alətlərinə tələbat zəifdir”.
Satıcı deyir ki, milli musiqi alətlərimizin yaşı çoxaldıqca səsləndirilməsi daha da gözəlləşir: “ Məsələn, sədəflə işlənmiş tarlarımız satılır ki, 100 yaşı var. Qiyməti 1500 manatdır. Sədəflə düzələn qədimi alətlərin qiyməti hər zaman baha olur. Milli tarların ölçülərinə görə qiymətləri dəyişir. Balaca ölçülərin qiyməti 195, böyük ölçülər isə 320 manatdan başlayır”.
Mağazada kamança musiqi aləti də satılır. Sədəfli düzələn kamançanın yaşı 100, qiyməti isə 2200 manatdır...
Natəvan Abışova deyir ki, gənclər daha çox gitara almaq istəyirlər: “Skripka, pianino, gitara daha çox satılır. Gənc nəsil klassik gitaralara üstünlük verirlər. Milli musiqi alətlərinə tələbat bəzən zəifləsə də , gitaraya meyl heç vaxt azalmır”.
Musiqi alətlərinin qiymətləri müxtəlifdir. Klassik gitaralar, 120, akustik gitaralar 218, elektron gitaralar 390 manatdan başlayır. Skripkaların qiyməti ölçülərindən asılı olaraq dəyişir. Qiyməti 143 manatla 900 manat arasındadır.
Mağazada zərb alətinin qiyməti 1100 manatdır. Bu aləti əsasən toy ifaçıları alır.
Həmsöhbətimiz deyir ki, mağaza Qazaxıstandan qarmonlar gətirirlərmiş, amma indi orada qarmon istehsalı dayanıb. Yaxşı qarmonların qiyməti 2400 manatdır. Bahalısı royaldır - qiyməti 8 min manatdan başlayır.
Bu alətlər insan əlinə düşməyincə dəyər qazanmır. Məsələ də bundadır...
İlhamə ƏBÜLFƏT
Foto: Elçin MURAD