27 Fevral 2017 10:39
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-cı ildə və cari ilin ötən dövründə ölkəmizin sosial-iqtisadi inkişafının davam etməsinə şərait yaratmaqla, əmək bazarında sabitliyin qorunub saxlanmasına, işsizlik və yoxsulluğun artmasının qarşısının alınmasına imkan verib”.

Teleqraf.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, ötən il ölkədə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yerinin açılması iqtisadi fəallığın və əmək bazarının qeyd olunan böhranın mənfi təsirlərindən qorunmasında mühüm faktor olub: “Xüsusən də dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünün müsbət nəticəsi kimi, dövlət təşkilatlarında 40 minədək iş yeri yaradılaraq bu barədə məşğulluq orqanlarına vakansiyalar təqdim edilib.

Həmin vakant iş yerlərinə göndərişlərin verilməsində şəffaflıq tam təmin olunub. İlk növbədə işsiz və işaxtaran kimi uzun müddət qeydiyyatda olan, iş tapmaqda çətinik çəkən şəxslərin məşğulluğu diqqətdə saxlanılmaqla, bu və ya digər ixtisarlar nəticəsində sərbəstləşmiş işçi qüvvəsinin dərhal vakant iş yerlərində yerləşdirilməsi prosesi həyata keçirilib”.

Səlim Müsülmov qeyd edib ki, nazirliyin məşğulluq orqanları tərəfindən aktiv məşğulluq tədbirləri ötən il daha da gücləndirilib, bu orqanlar vasitəsilə 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfərin məşğulluğu təmin edilib: “Görülən kompleks tədbirlərin müsbət nəticəsi kimi, bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Belə ki, işsizlik səviyyəsi İspaniyada 19,6 faiz, Fransada 9,9 faiz, Finlandiyada 8,8 faiz, Xorvatiyada 12,8 faiz, Belçikada 8 faiz, Bolqarıstanda 7,7 faiz, Danimarkada 6,2 faiz, Latviyada 9,7 faiz, Litvada 8 faiz, Portuqaliyada 11,2 faiz, Slovakiyada 9,7 faiz, Sloveniyada 7,9 faiz, İsveçdə 6,9 faiz, Rumıniyada 6 faiz, Niderlandda 6 faiz təşkil etdiyi halda, Azərbaycanda 5 faiz həddindədir”.

Nazir bildirib ki, aparılan sosial-iqtisadi siyasət ötən dövrdə yoxsulluğun kəskin şəkildə azaldılması sahəsində əldə olunmuş nailiyyətin də qorunub saxlanmasına imkan verib: "Dünya ölkələrinin 2015-ci il üzrə aidiyyəti statistik göstəricilərinin təhlili Azərbaycanın dünya üzrə ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deməyə əsas verir. Bu göstərici ölkəmizdə 5,9 faiz səviyyəsində olduğu halda, məsələn, Macarıstanda 14,5 faiz, Portuqaliyada 19,5 faiz, Rumıniyada 25,4 faiz, Latviyada 22,5 faiz, Litvada 22,2 faiz, Yunanıstanda 21,4 faiz və s. səviyyəsindədir”.

Nazirin sözlərinə görə, bu ilin yanvar ayında məşğulluq orqanlarının xətti ilə artıq 17 410 nəfər işsiz və işaxtaran şəxsin iş yerləri ilə təminatı həyata keçirilib. 103 nəfər işsiz və işaxtaran şəxs ailə təsərrüfatlarının qurulması üçün aktivlərlə təmin olunub.

Bu məqsədlər üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 6 milyon manat ayrılıb. Həmin vəsait hesabına ölkə üzrə təqribən 1400-dən yuxarı ailənin özünüməşğulluq layihələrinə cəlb edilməsi təmin olunacaq. Əgər hər ailədə orta hesabla 4-5 nəfər ailə üzvünün olduğunu nəzərə alsaq, bu proqram 6 mindən artıq insanın rifahında müsbət dəyişikliklərə imkan yaradacaq”.

İlhamə ƏBÜLFƏT


Müəllif: