27 Fevral 2017 12:31
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və güclü təsir edən maddənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Tehran-Bakı-Aktau aviareysi ilə Azərbaycana gələrək Qazaxıstana getmək istəyən Qazaxıstan vətəndaşı Kazak Akhmada məxsus baqaj yoxlanılıb.

Nəticədə üzərində "Methadone 25" sözləri yazılmış 250 qram şüşə qabda şəffaf rəngli xüsusi iyə malik su şəklində maddə və üzərində "200" rəqəmi əks olunmuş 39 ədəd ağ rəngli həb aşkar edilib.

Faktla bağlı izahatında adı çəkilən vətəndaş bildirib ki, şüşə qabda olan mayeni və həbləri müalicə məqsədilə İran İslam Respublikasının Qorqan şəhərində alıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, üzərində "Methadone 25" sözləri yazılmış 250 qram şüşə qabda şəffaf rəngli xüsusi iyə malik su şəklində maddə metadon məhluludur və həmin məhlulda metadonun quru maddəsinin ümumi təmiz çəkisi 0,3 qram təşkil edir. Üzərində "200" rəqəmi əks olunmuş 39 ədəd ağ rəngli həb isə tramadol həbləridir və onlarda təsiredici maddənin miqdarı isə 7,8 qram təşkil edir.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına, tramadol isə "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər