Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ölüm hadisəsi baş verib.
Şöbənin baş həkimi Tünzalə Quliyeva Teleqraf.com-a açıqlamasında bildirib ki, doğuş zamanı göbək ciyəsi uşağın boğazına iki dəfə dolanıb: “22 yaşlı Mənzər Məmmədova hamiləlik müddətində 3 dəfə ultrasəs müayinəsindən keçib. Onu müayinə edən həkim göbək ciyəsinin uşağın boğazına dolandığını deyib. Amma neçə dəfə dolandığını bilməyiblər. Əgər qadın birinci doğuş dövründə müraciət etsəydi, biz onu müayinə edib, qeysəriyyə əməliyyatı ilə uşağın həyatını xilas edə bilərdik”.
Baş həkim bildirib ki, qadın xəstəxanaya ikinci dövr doğuşla gətirilib: “Hamiləliyin 39-40-cı həftəsində idi, doğuş üçün normal vaxt idi. Doğuş zamanı göbək ciyəsi uşağın başına dolandığından bərk boğulma müşahidə edilib. Uşaq doğulanda zəif də olsa ürək döyüntüləri var idi. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, körpəni xilas edə bilmədik”.
Tünzalə Quliyeva qeyd edib ki, Mənzər Məmmədovanın birinci hamiləliyi olub.
Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov isə bildirib ki, Bərdədə baş verən uşaq ölümü ilə bağlı araşdırma aparılır: “Araşdırmanın nəticəsindən sonra fikrimi deyə bilərəm”.
İlhamə ƏBÜLFƏT