Bu gün respublikamızdakı hərbi hissələrdə “Açıq qapı” günü tədbiri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Puta qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə olub. Nazir əsgər valideynləri və yaxınları ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər və digər məsələlər barədə söhbət edib.
Ziyarətçilər hərbi hissədə əsgərlərin yaşayış və məişəti üçün yaradılan şəraitlə tanış olaraq xidməti və inzibati binaları gəzib, bayram münasibətilə təşkil edilən konsert proqramında iştirak etdikdən sonra əsgər yeməkxanasında nahar ediblər.
Keçirilən tədbirdən və hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qalan valideynlər dövlət başçısına Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib. Təşkil olunan tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olublar.
Rəhbər heyətin iştirakı ilə bütün hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.