Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 18-də növbəti hərrac keçiriləcək.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərraca 141 dövlət əmlakı olmaqla, 25 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisə və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi və 16 nəqliyyat vasitəsi çıxarılacaq.
43 kiçik dövlət müəssisəsi və obyektin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılır. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, habelə Şəmkir, Lənkəran, Zaqatala, Tərtər, Balakən və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən “3 saylı avtomobillərə qaz doldurma stansiyası”, Lənkəranda yerləşən “2 saylı yanacaq doldurma məntəqəsi”, Şəmkir rayonunda yerləşən “Çinar soyuducular zavodunun Şəmkir filialı” kimi iri müəssisələr var.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Balakəndə yerləşən “Əmlak kompleksi”nə aiddir. 1 milyon 017 min manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 11266,4 kv.m., torpaq sahəsi isə 37602 kv.m.-dir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 26-sı paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Nəsimi rayonunda yerləşir. Belə ki, bu əmlak 110 min manat start qiyməti ilə hərraca çıxarılıb.
Bu dəfəki hərracda 25 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Tikinti Quraşdırma”, “Beyləqan Sənaye Kombinatı”, “Yevlax Tikinti”, “Salyan Aqrotexservis”, “Salyan Broyler”, “İsmayıllı Sənaye İstehsal” kimi səhmdar cəmiyyətlər var. Özəlləşdirmə portalına daxil olmaqla ( privatization.az) səhmdar cəmiyyətlərin nizamnamə kapitalının həcmi, buraxılmış səhmlərin ümumi sayı, satışa çıxarılan səhmlərin nominal dəyəri barədə geniş informasiya əldə etmək olar.