28 Mart 2017 13:20
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun yeni kitabı çapa hazırlanır. “Aprel atəş(kəs)i” adlanan yeni kitabda müəllif 2016-cı ilin aprelində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən qanlı toqquşmalara, il ərzində münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesinə və digər vacib nüanslara toxunub, ötən il danışıqlar prosesində ictimaiyyət üçün ziddiyyətli görünən məsələlərə, verilən açıqlamalara aydınlıq gətirməyə çalışıb. E.Şahinoğlu ilə söhbətimizdə məqsəd sırf kitabla bağlı oxucuları məlumatlandırmaq idi və müsahibə şəklində yazmaq nəzərdə tutulmamışdı. Ancaq söhbətimiz zamanı səslənən fikirlərin hər birini səhifələrə köçürmək zərurəti hiss etdim. Beləliklə, Elxan Şahinoğlu ilə müsahibəni təqdim edirik.

– Elxan bəy, yeni kitabınız barədə oxuculara məlumat verməyinizi xahiş edirik...
– Ötən il şərti olaraq “aprel müharibəsi” adlandırdığımız hərbi əməliyyatlar zamanı bizi – Azərbaycan cəmiyyətini sonrakı proseslər də xeyli dərəcədə maraqlandırırdı. Cəmiyyətin bir hissəsində belə bir düşüncə var idi ki, artıq böyük dövlətlər işğalçı Ermənistana təsir və təzyiq edərək münaqişənin həllini sürətləndirəcəklər. Xatirinizdədirsə, əvvəlcə Vyanada, sonra isə Sankt-Peterburqda prezidentlərin görüşü oldu. Ancaq heç bir nəticə əldə edilmədi. Ümumiyyətlə, 2016-cı il dördgünlük müharibə ilə bərabər Qarabağ münaqişəsi baxımından çox hərəkətli bir il oldu. Bilirsiniz ki, mən 2005-ci ildə “Atlas” Araşdırmalar Mərkəzini təsis etmişəm və hələ tələbəlik illərimdən Qarabağ prosesinin daimi monitorinqini aparıram və bu məsələləri şərh edirəm. Amma ötən il çox qəribə il olduğundan, yəni həm 22 ildən sonra ciddi toqquşmalar baş verdiyindən, həm də proseslər sürətlə cərəyan etdiyindən qərara gəldim ki, bunu bir kitab halına salım. Bu, mənim 2010-cu ildə çap olunmuş “Dağlıq Qarabağ: Statussuz status” kitabımdan sonra Qarabağ mövzusunda yazdığım ikinci, ümumiyyətlə isə üçüncü kitabımdır. Digər kitabım 2015-c ildə çap olunmuş və şahidi olduğum Ukraynadakı hadisələrdən bəhs edən “Maydandan Maydana” kitabıdır. Hazırda çapa hazırlanan kitabımla bağlı xeyli material toplamışdım. Bir qədər də üzərində işlədim. İlin sonunda kitabı çap etmək üçün artıq bütün materiallar hazır idi. Amma bu ilin başlanğıcında da Qarabağla bağlı maraqlı hadisələrin cərəyan etdiyini gördüm. Ona görə bu ilin bir neçə ayının da monitorinqini aparıb kitabı yekunlaşdırıb nəşriyyata təhvil verdim.

– Yəqin ki, 2016-cı ilin son günlərində və bu ilin başlanğıcında cəbhədə baş verən toqquşmaları nəzərdə tutursunuz...
– Bəli, qeyd etdiyiniz dövrdə də toqquşmalar oldu. Danışıqlar prosesində guya hansısa hərəkətlənmələr qeydə alındı. Onları da analiz edib, toparlayıb artıq son variantı nəşriyata verdim və çox çalışıram ki, kitab məhz bugünlərdə ərsəyə gəlsin. İstəyirəm ki, bu kitabı aprel döyüşlərinin ildönümü günlərində oxuculara təqdim edim. Bunu özümə həm də mənəvi borc bilirəm. Çünki biz bu döyüşlərdə iştirak etməsək də, düşündüm ki, mən də bu işə hansısa töhfəmi verim. Biz aprel döyüşləri zamanı xeyli soydaşımızı itirdik. Özümə borc bildim ki, onların ruhu qarşısında belə bir kitab ərsəyə gətirim. Cüzi də olsa,mən də öz əməyimi ortaya qoymağa çalışdım.

– Kitab neçə bölümdən ibarətdir?
– Bölümlər çoxdur. Çünki bir ilin bütün proseslərini aybaay, həftəbəhəftə, günbəgün izləmişəm. Çox maraqlı hadisələr baş verib. Məsələn, bəlkə də bunun Qarabağ məsələsinə az aidiyyatı var. 2016-cı ilin aprelin 25-27-də Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilirdi. BMT-nin o zamankı baş katibi Pan Ki Mun da forumda iştirak etmək məqsədilə Bakıya gəlməli idi. Amma o gəlmədi. Mən bunun səbəblərini araşdırdım və bunun daha çox elə aprel döyüşləri ilə əlaqəli olduğunu gördüm. Yaxud, Vyana və Sankt-Peterburq görüşlərində həmsədrlər çox çalışdılar ki, prezidentləri ikilikdə görüşdürsünlər. Bu da baş tutmadı. Bunun səbəblərini araşdırdım. Xatirinizdədirdə, aprel döyüşləri zamanı Rusiya-Türkiyə münasibətləri gərgin idi. Münasibətlər hələ normallaşmamışdı. Rusiyadan belə ittihamlar səslənirdi ki, guya atəşkəsin pozulmasının arxasında Türkiyə dayanır. Rusiyanın bu mövqedən çıxış etməsinin səbəblərini araşdırdım. Ümumiyyətlə, Rusiyanın mövqeyini kitabda daha geniş işıqlandırmışam. Çünki əslində Vladimir Putinin zəngindən sonra atəşkəsə yenidən riayət olundu. Sergey Lavrovun səfərləri baş verdi. Amma gəldiyim nəticə bu oldu ki, Rusiya münaqişənin ədalətli həllini sürətləndirmək istəmir. Əksinə, yenə də Ermənistanı müdafiə edir. Kitabda o analizin nəticələri ilə də tanış ola bilərsiz. Hətta, kitabda bir məqam da var; Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi aprelin 12-də Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinə nota təqdim edərək Bakını atəşkəs razılaşmalarına əməl etməyə çağırdı. Mən araşdırdım: həmin nota yalnız Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinə göndərilib. Ermənistanın ATƏT-dəki nümayəndəliyinə belə bir nota təqdim edilməyib. Bunun özü də ondan xəbər verir ki, Rusiya atəşkəsin pozulmasında dolayısıyla məhz Azərbaycanı ittiham edir.

Amma bütün hallarda kitabın ümumi məğzindən bir sıra məqamlar aydın olur. Bəli, biz Bişkekdə protokola imza atmışıq. Amma biz üzərimizə “atəşkəsə əbədiyyətə qədər riayət edəcəyik” məsuliyyətini götürməmişik. Əslində, mən bunu hər zaman açıq şəkildə vurğulayıram. Çünki Dağlıq Qarabağ ətrafındakı rayonlar mütləq şəkildə boşaldılmalıdır. Ermənistan da boşaltmaq istəmir. Buna görə də işğalçı daim təzyiq altında olmalıdır. Bəli, “apreldə nə baş verdi” sualı indi də bizim cəmiyyəti maraqlandırır. Mənim bu suala cavabım belədir ki, Ermənistanın növbəti təxribatına Azərbaycan ordusu ciddi əks-hücumla cavab vermək qərarına gəldi və düşməni yerində oturtdu, bəzi strateji yüksəklikləri ələ keçirdi. İndi bəziləri bunu çox böyük nəticə kimi qiymətləndirməsələr də, bu, 22-23 ildən sonra bizim uğurumuz idi və Ermənistan bunu həzm etmək məcburiyyətində qaldı. Kitabda bu kimi suallara da cavab tapmağa çalışmışam.

– Kitab neçə səhifədən ibarətdir?
– Təxminən 200 səhifədən ibarətdir. Kitabın adı ilə bağlı da çox düşündüm. “Aprel” sözünü kitabın adında mütləq mənada işlətməyə qərar verdim. Çünki döyüşlər apreldə baş verib. Amma apreldən sonrakı proseslər də maraqlıdır. Ona görə kitabın adını “Aprel atəş(kəs)i” qoydum. “Kəs” sözünü də mötərizəyə aldım. Çünki əslində apreldə atəşkəsə heç riayət olunmadı. Kitabın adı buna işarədir. Heç bir təminat yoxdur ki, bundan sonra da riayət olunacaq. İndi çox söz-söhbətlər gəzir. Aprelin 2-də də Ermənistanda parlament seçkisidir və ümumiyyətlə, cəbhə bölgəsində vəziyyət yenidən gərginləşə bilər. Siz jurnalistlər də mənə tez-tez sual verirsiniz ki, vəziyyət necə dəyişə bilər, apreldə nələr ola bilər? Mənim cavabım belədir ki, atəşkəsin pozulması və toqquşmalar apreldə də, iyunda da, iyulda da, digər aylarda da baş verə bilər. Çünki Ermənistan mərhələli həll planını qəbul etmir. Böyük dövlətlər də Ermənistana təsir və təzyiq etmir, həmsədrlər isə turist səfərindən başqa heç bir işlə məşğul deyillər. Artıq Ermənistan cəmiyyəti də bunu anlamağa başlayıb. Çox yaxşı haldır ki, artıq Ermənistan cəmiyyətində bir diskussiya başlayıb. Müxalifət artıq açıq deyir ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik Ermənistanı uçurma aparır. Əvvəllər bunu demirdilər. Bu, məhz “aprel döyüşləri”nin nəticəsi idi ki, Ermənistanda beyinlərə təsir etdi. Anladılar ki, yenidən bu döyüşlər baş verə bilər. Biz nəyin uğrunda savaşdığımızı, nəyin uğrunda şəhid verdiyimizi bilirik. Onların nəyin uğrunda öldükləri onlara aydın deyil. Erməni gənci Ermənistandan kənarda, hətta Qarabağdan kənarda – Ağdam və Füzulidə niyə ölməlidir?! Bu sualı artıq erməni cəmiyyətində səsləndirməyə başlayıblar. Bu da kitabda var və bu, məhz aprel döyüşlərinin nəticəsi idi.

– Nəşrin neçə nüsxə çap olunması nəzərdə tutulub?
– Kitabı öz məhdud imkanlarım çərçivəsində nəşr etdirdiyim üçün çox böyük saya iddialı deyiləm. Yəqin ki, 300-500 nüsxə olacaq. Amma kitaba maraq olduğunu görsəm, yəqin ki, nəşriyyatla danışıb sayını bir az artıra da bilərəm. Ümumiyyətlə, kitabı pulsuz paylayacam. Srağagün bir nəfər “Feysbuk”da şərh yazdı ki, guya mən bu kitabı qazanc əldə etmək üçün yazmışam. Mənim də həmin şəxsə cavabım bu oldu ki, indiyədək iki kitab yazmışam, heç birindən gəlir götürməmişəm, öz vəsaitim hesabına çap etdirmişəm. Bu kitabı da satış üçün nəzərdə tutmamışam. Simvolik olaraq 3 AZN yazılıb, amma kitabların hamısını özüm götürüb kim istəyirsə ona da bağışlayacam. Bu kitab Qarabağ savaşı ilə bağlıdır və şəhidlərin əziz ruhuna ithaf olunub. Bəlkə də başqa kitab olsaydı, gəlir haqda düşünərdim. Amma bu kitabdan gəlir əldə etməyi düşünməmişəm. Yalnız istəmişəm ki, mənim fikirlərimlə daha geniş oxucu auditoriyası tanış olsun və “aprel müharibəsi”nin səbəbləri, nəticələri haqqında müəyyən düşüncələrə hakim olsunlar.

Kitab özüm üçün də qiymətlidir. Düzdür, mən uzun illərdir ki, Qarabağla bağlı danışıqlar prosesini izləyirəm. Hansı proseslər gedir, bağlı qapılar arxasında hansı söhbətlər ola bilər və sair. Bəzi diplomatlarla da söhbətlərim olub, gedişatı tutmağa çalışıram. Ötən bir il ərzində mən bir az da çox əziyyət çəkdim. O mənada ki, hər gün nəsə baş verirdi. Təkcə informasiya toplamırdım. O informasiyalar əsasında müəyyən analizlər də ortaya qoymağa çalışırdım ki, bu gedişat hara aparır, məntiqlə nə əlaqəsi var və müəyyən nəticələr də əldə edirdim. Məhz kitabı da bu formada yazdım. Bu, təkcə informativ kitab deyil. Yəni, kim gəldi, kim getdi, kim nə dedi... Burda daha çox analitik nəticələr var ki, bu gedişat nədir, aprel döyüşləri niyə baş verdi, gələcəkdə nələr ola bilər, bizi hansı gedişat gözləyir. Yəni, bu suallara da cavab tapmağa çalışmışam.

Çalışacağam ki, kitab bu həftə ərzində hazır olsun və martın 31-də onun təqdimat mərasimini keçirək.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər