“Biz çalışırıq ki, sahibkarlar, vətəndaşlar öz pullarını banklarda saxlasın. Mən Mülkü Məcəllənin 967-ci maddəsi ilə bağlı danışmaq istəyirəm. Bu maddə bank sirləri ilə bağlıdır. Əvvəllər belə idi ki, bank sirləri müştərilər və onların nümayəndələrinə verilirdi. İndi biz qanuna dəyişiklik edirik ki, bu sirlər kənar auditorlar və Maliyyə bazarlarına Nəzarət Palatasına verilir. Mənim bankda pulum varsa, bunun maliyyə bazarlarına nəzarət orqanına nə aidiyyəti var? Niyə bu qurum vətəndaşların bank sirlərini bilməlidir? Əlbəttə, qanunvericiliklə bağlı, istintaq aparılan hallarda, məsələn, terrorizmin dəstəklənməsi və ya maliyyələşdirilməsi ilə bağlı ciddi şübhələr olarsa, hüquq-mühafizə orqanları bu məlumatları əldə edə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Hazırda parlamentin plenar iclasında “Banklar haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilir.
Deputat Qüdrət Həsənquliyev deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına ümumi məlumatlar lazımdır ki, hansı bankda vətəndaşların əmanətləri nə qədərdir. Amma konkret kimin bankda nə qədər maliyyəsinin Maliyyə Bazarına Nəzarət Palatasının nə aidiyyəti var? Mən konkret bu suala cavab istəyirəm. Mən Qüdrət Həsənquliyevin banklarda nə qədər maliyyəmin olmasının bu quruma nə aidiyyəti ola bilər?”
Q.Həsənquliyev əlavə edib ki, bu halda vətəndaşların banklarda maliyyə saxlamasını təmin etmək mümkün deyil: “Əksinə, vətəndaşlar maliyyəsini İsveçrə və digər banklara daşıyacaqlar. Harada ki bank sirrləri daha etibarlı qorunur, ora yatıracaqlar. Heç kim gətirib pulunu Azərbaycan banklarında saxlamayacaq. Digər tərəfdən hökumət, cənab Prezident əhaliyə müraciət edib ki, pullarınızı Azərbaycan banklarında saxlayın. Məncə, indi bu cür addımlar ümumi işə xidmət etmir. Biz məhkəmə qərarı olmadan bankın lisenziyasının bağlanması səlahiyyətini də palataya veririk. Biz bank sektorunda nizam-intizam yaratmaq istəyirik, yoxsa nəyə nail olmaq istəyirik?”
Spiker Oqtay Əsədov isə qeyd edib ki, bütün dünyada banklarında eyni sistem tətbiq edilir: “Fikirləşməyin ki, onlarda başqa sistemdir”.
CAVAD