11 Aprel 2017 14:08
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Gürcüstanın paytaxtı Tiflisdə keçirilən 48-ci iclasında məruzə ilə çıxış edib. Bu barədə Teleqraf.com-a Mətbuat Şurasından məlumat verilib.

Deputat bildirib ki, Qara dəniz regionu enerji daşıyıcılarının dünya bazarına çıxarıldığı başlıca strateji regiondur. Buna görə də enerji məsələləri bölgənin taleyində mühüm yeri tutur. Regionun təbii imkanları neft və qaz kimi ənənəvi enerji resursları ilə yanaşı alternativ mənbələrə də müraciət üçün yol verir. Bu, həm də ona görə vacibdir ki, iqlim dəyişikliyi, ekoloji problemlər, yaşıllıqların qırılması və sair məsələlər artıq dünya ictimaiyyətini ciddi şəkildə narahat etməyə başlayıb. Mövcud amil Avropa İttifaqı və digər mötəbər təşkilatların hesabatlarında da əksini tapır.

Ə.Amaşov onu da bildirib ki, energetika sahəsindəki qlobal tendensiyalar regionun, ümumilikdə isə Avrasiya materikinin yeni enerji xəritəsinin formalaşmasını zərurətə çevirməkdədir. Ancaq perspektiv planların tam şəkildə reallaşması üçün regionun ekoloji təmizliyinin təminatı da mütləqdir. Bütün bunlar enerji siyasətinin insan rifahına zərər gətirməyən yeni texnologiyalardan bəhrələnməklə həyata keçirməsini mühüm vəzifə kimi müəyyənləşdirməkdədir. Ə.Amaşov çıxışında həmçinin dünyada artan enerji tələbatlarındakı statistik rəqəmlər, Azərbaycanın enerji siyasətindəki rolu və sair məsələlər barədə danışıb.

Qeyd edək ki, deputatın çıxışı yüksək qiymətləndirilib və o, QDİƏT Parlament Assambleyasının iyulda İstanbulda keçiriləcək iclasında əsas məruzəçi kimi təsdiqlənib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər