Dünyada İslam qaydalarına əməl edən müsəlmanların çoxalması digər sahələrdə olduğu kimi turizmə də təsirsiz ötüşmür.
Çünki müsəlmanların əksəriyyəti istirahət zamanı da həyat tərzlərini İslam qaydalarına uyğunlaşdırırlar. Bununla əlaqədar turizm sahəsinə “halal turizm” termini daxil olub. Son zamanlar müsəlman ölkələrindən Azərbaycana gələn turist axınını nəzərə alsaq, respublikamızda da turizmin bu növünə maraq artmaqdadır.
Bu barədə Azərbaycan Turizm və Menecment Universitetinin turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov deyib.
R.Səfərov diqqətə çatdırıb ki, hazırda “halal turizm”in ən çox yayıldığı və sürətlə inkişaf etdiyi ölkə Türkiyədir. Bu məqsədlə Türkiyənin Kastamonu Üniversitetində I Beynəlxalq Halal Turizm Konqresi keçirilib. Tədbirdə iştirak etdiyini deyən R.Səfərov bildirib ki, konqresin məqsədi “halal turizm” istiqamətində araşdırma aparanları, turizm mütəxəssislərini, potensial müştəriləri bir araya gətirmək və müvafiq sahənin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparmaq olub.
Mədəniyyət və Turizm Nazirliyinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanovun da iştirak etdiyi tədbirdə R.Səfərov “Azərbaycanda turizm sektoru: turizm təhsili və halal turizm perspektivlərinə ümumi bir baxış” mövzusunda məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarına ölkəmizin turizm sektoru, turizm mərkəzləri və respublikamızda turizm təhsili və “halal turizm” sahəsində görülən işlər barədə geniş məlumat verib.
/Azertac/