Feysbuk şirkəti planetin hər bir sakininin onun sosial şəbəkəsinə girişini təmin etmək istəyir. Deyəsən, bu arzu tezliklə reallaşacaq.
"F8" konfransında şirkətin nümayəndələri istifadəçi aktivliyinin monitorinqi zamanı əldə etdikləri məlumatları paylaşıblar. Kənd yerləri və təbii fəlakətlər zamanı internetə qoşulma imkanı araşdırılıb və bunun nəticəsi kimi "Tether-tenna" layihəsinə başlanılması haqda qərar qəbul edilib.
Teleqraf.com "ICTnews"-a istinadən yazır ki, internetə çıxışı asanlaşdıran qurğu kiçik vertolyotdan ibarətdir. Vertolyot internetə qoşulacaq və bortunda enerji mənbəyi quraşdırılacaq. Fövqəladə hallar və işlək şəbəkənin zədələnməsi vaxtı vertolyot fiber-optik kabelə qoşulacaq və azca hündürlüyə qalxaraq bir növ antena rolunu oynayacaq.
"Tether-tenna" layihəsinin sınaqları hələ keçirilməsə də, Feysbuk şirkətinin nümayəndələri bildiriblər ki, sistemin işə salınmasına bir neçə ay kifayətdir. Hazırda "F8" konfransının keçirildiyi San-Xose şəhərində ziyarətçiləri yüksəksürətli internetlə təmin edən oxşar "Terraqraf" kompleksi yoxlanılır.