Teleqraf.com-un məlumatına görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində döş nişanı və medallarının təqdimatı mərasimi keçirilib.
Mülki müdafiə sahəsində birgə əməkdaşlıq, ərazilərin və əhalinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin təmin olunması sahəsindəki xidmətlərinə görə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkovun əmri ilə Azərbaycan FHN-in əməkdaşları – Ziya Hacılı, Sabir Əhmədov, Həcər Talıbova və Sabir Hüseynov Rusiya FHN-in “Xilasetmə naminə əməkdaşlıq” medalı, Fərid Abbasov isə “Xidmətlərə görə” döş nişanı ilə təltif olunub.
Mükafatları təqdim edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin bildirib ki, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur və təltif olunan əməkdaşlar bu əlaqələrin möhkəmlənməsinə öz töhfələrini veriblər.
Azərbaycan Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə FHN əməkdaşlarının əməyini yüksək qiymətləndirdiyi üçün Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkova təşəkkürünü bildirib, iki dost ölkənin nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
İlhamə ƏBÜLFƏT