Teleqraf.com xəbər verir ki, layihənin məqsədi regionlarda məişət zorakılığı və erkən nikah hallarının baş vermə səbəbləri, onların fəsadları, buna qarşı mübarizə yolları, milli və beynəlxalq hüquqi aktlarda, o cümlədən, Ailə və Cinayət Məcəllələrində, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda, BMT-nin “Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında” Bəyannaməsində, habelə digər mühüm əhəmiyyət kəsb edən sənədlərdə təsbit olunmuş müddəalarla bağlı ictimai maarifləndirmə tədbirləri keçirilməsini təşkil etməkdən ibarətdir.
Layihənin icrası məqsədilə Kürdəmir, Ucar, Masallı və Cəlilabad rayonlarında qadınlar, kişilər, gənclər və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə hər rayon üzrə maarifləndirmə tədbirləri keçiriləcək.
Tədbirlərdə ekspert tərəfindən iştirakçılara məişət zorakılığı, onun əsas səbəb və nəticələri, həmçinin, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanuna müvafiq olaraq qəbul edilmiş Nazirlər Kabinetinin Qərarları, ailə münaqişəsi zəminində qadınlara və uşaqlara qarşı törədilmiş cinayətlərin rəsmi statistikası, erkən nikahların baş vermə səbəbləri və fəsadları, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitənin Azərbaycan Hökumətinə təqdim etdiyi son tövsiyələri barədə məlumat veriləcək.
Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq aidiyyatı qurumlara təqdim ediləcək