Teleqraf.com "APA-Economics"-ə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan DGK sədri Aydın Əliyev ilk öncə bu gün Şuşanın işğal olunduğu gün olduğunu xatırladıb. O, bu gün Azərbaycan xalqının çoxlu sayda şəhid verdiyi xatırladıb.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
O qeyd edib ki, artıq DGK tərəfindən Heydər Əliyevin doğum gününün qeyd edilməsi ənənə halını alıb. "Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycan olmazdı. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan böyük ərazilərini itirmiş olardı", - deyə A.Əliyev bildirib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, Heydər Əliyevin SSRİ dövründə Azərbaycan SSRİ-yə, ardından isə müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdən danışıb: "Heydər Əliyev Azərbaycanın müstəqilliyə gedən yolun əsaslarını yaradıb. Azərbaycan yenicə müstəqillik qazanan zaman böyük bir dövlətin çökmək təhlükəsi ilə üz-üzə idi. Həmin dövrdə Heydər Əliyev kimi siyasətçi olsaydı, bu gün bəzi tarixi faciələr olmazdı. Lakin Heydər Əliyev sübut etdi ki, o bir məktəbdir. Heydər Əliyev azərbaycançılıq ideyasını yaşadan insandır. İlham Əliyev isə bu ideologiyanın davamçısıdır və bu missiyanı layiqincə davam etdirir".
Tədbirin ikinci hissəsində DGK-nin bir sıra əməkdaşlarına orden və medallar təqdim edilib.
Tədbirin sonunda Heydər Əliyev haqqında qısametrajlı film nümayiş olunub.