“Azərbaycanın 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı var. Enerji təhlükəsizlikdə mühüm rol oynayır. Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizlik məsələsidir”.
APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışında deyib. O bildirib ki, tarixi neft-qaz kəmərləri yaradılmasaydı, Azərbaycan resurslarını dünya bazarlarına ixrac edə bilməzdi: “Azərbaycanın neft-qaz layihələri regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təməlidir. Bu layihələrin ölkələr arasında münasibətlərə də çox böyük təsiri var. Bu kəmərlər bizim böyük sərvətimizdir”.
Prezident qeyd edib ki, “Şahdəniz” layihəsinin ikinci mərhələsi də uğurla həyata keçirilir: “Cənub Qaz Dəhlizinə 40 milyard dollar vəsait qoyulması nəzərdə tutulub, bu işlərin böyük əksəriyyəti həyata keçirilib. “Şahdəniz-2” layihəsinin icra səviyyəsi 93 faiz səviyyəsindədir. TANAP-ın icrası 70 faizdən yuxarı, TAP-da icra səviyyəsi 42 faiz səviyyəsindədir. Bu il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda növbəti iclası keçirilib. Azərbaycan bu layihədə lider ölkədir. Bizim tərəfdaş ölkələr - Balkan ölkələri, ABŞ, Böyük Britaniya və Avropa Komissiyasının yüksək səviyyəli rəsmiləri Məşvərət Şurasının iclasında iştirak ediblər. Qəbul edilən qətnamədə Azərbaycanın lider rolu vurğulanıb”.
Dövlət başçısı bəyan edib ki, neft-qaz kəmərlərinin şaxələndirilməsi mühümdür: “Marşrutların və mənbələrin şaxələndirilməsi vacibdir. Mənbələrə gəlincə, Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Azərbaycan böyük və yaxında yerləşən mənbədir. Ən önəmlisi, Azərbaycan dövlətinin güclü iradəsi və maliyyəsi var. Əgər Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində 4 layihəyə sərmayə qoymasaydı, heç bir investor sərmayə qoymazdı. Azərbaycan qazının Avropaya çıxarılması 10 ilin müzakirə mövzusu idi, ancaq heç bir nəticə vermirdi. 2012-ci ildə Azərbaycan Türkiyə ilə TANAP layihəsinə imza atdı və işlər başladı. Azərbaycan həm siyasi iradə ortaya qoyur, həm də maliyyə töhfəsini verir. Cənub Qaz Dəhlizi Azərbaycanın uzunmüddətli inkişafını təmin edəcək. Növbədə Böyük Abşeron qaz yatağı layihəsi var. Paralel olaraq Ümid, Babək layihələri icra edilir. Bu yataqlardan yaxın illərdə hasilat gözlənir. Yaradılan infrastruktur sayəsində Azərbaycanın tranzit rolu da artır. Xəzərin şərqindən resurslar Azərbaycan üzərindən dünya bazarına çıxarılır”.
***
"Təəssüf ki, müstəqilliyin ilk illərində neft-qaz sənayesi tənəzzülə uğradı, Abşeron yarımadası çirkləndirildi".
Bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib.
Dövlət başçısı deyib ki, müstəqilliyin ilk illərində anarxiya, xaos yaşanıb, vətəndaş müharibəsi olub, torpaqlarımız işğal edilib: "Belə olan halda Azərbaycan xarici investorlar üçün təhlükəli ölkəyə çevrilmişdi. Belə bir vəziyyətdə xalqımız Heydər Əliyevi dəvət etdi, prezident seçdi və ölkəmizdə inkişaf başladı. Bir neçə ildə ölkəmizdə sabitlik bərqərar oldu. O zaman iqtisadiyyat dağılmışdı, iqtisadiyyatın inkişafı üçün perspektiv yox idi. İqtisadiyyatı olmayan ölkə müstəqil ola bilməz. Bu gün bizim maliyyə resurslarımız var, müstəqil ölkə kimi səsimizi ucalda bilirik. O vaxt isə Azərbaycan müəyyən dərəcədə asılı ölkə idi, pulumuz yox idi, iqtisadiyyatımız asılı vəziyyətə düşmüşdü. Heydər Əliyevin neft strategiyasının əhəmiyyətini bir daha görürük. 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsi tarixi müqavilədir. Həmin müqavilə imzalanmasaydı, Şahdəniz olmazdı, neft-qaz layihələri olmasaydı, bu gün Cənubi Qaz Dəhlizi olmazdı. Bizim pulumuz olmasaydı, heç kəs Cənub Qaz Dəhlizinə pul qoymazdı. Bu layihəyə 1 milyard dollar vəsait qoymuşuq. Biz neft və qaz sektorundan əldə edilən vəsaiti insan kapitalına yönəltdik".
Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə Azəri-Çıraq-Günəşli üzrə müqavilənin müddətinin uzadılması istiqamətində iş aparılır : "Hazırda xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik. Bu yataqlarda böyük miqdarda ehtiyat qalmaqdadır. Onu da leyim ki, Şahdəniz üzrə müqavilə də məhz bu sərgilərin birində imzalanıb".
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edib.
Prezident İlham Əliyev Robin Danniqana XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında iştirak etdiyinə görə minnətdarlığını bildirdi. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampa sərgiyə ünvanladığı məktubda xoş sözlərə görə təşəkkürünü çatdırmağı xahiş edib.
Dövlət başçısı qeyd edib ki, ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, “Bakı-Tbilisi-Ceyhan” layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləmiş və buğunku sərgiyə ABŞ Prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası da bu layihəyə sadiqdir: "Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu məktubda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərimizin daha bir göstəricisidir".
Dövlət başçısı bildirdi ki, Cənub Qaz Dəhlizi kimi tarixi layihənin, eləcə də Azərbaycanda bütün enerji layihələrinin həyata keçirildiyi bir dövrdə bu, çox önəmlidir və Robin Danniqanın Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin perspektivləri, eləcə də Cənub Qaz Dəhlizi, enerji sahəsində və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Azərbaycan neft və qaz sənayesinin inkişafında yeni səhifə açır, bütün lazımi infrastruktur, boru kəmərləri, peşəkar heyətlər hazırdır. Beləliklə, qarşımızda heç bir maneə yoxdur və çox yaxşı haldır ki, biz ABŞ-ın yeni administrasiyası ilə həm enerji sahəsində, həm də Prezident Trampın məktubda dediyi kimi, bir çox digər sahələrdə də yaxşı əməkdaşlığı davam etdiririk.
Xoş sözlərə görə minnətdarlığını bildirən ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan dedi: “Həm bizim enerji sahəsində əməkdaşlığa, həm də Azərbaycanın regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə verdiyiniz şəxsi dəstəyə görə minnətdarıq. Siz qeyd etdiniz ki, ABŞ Prezidenti Donald Trampın ünvanladığı məktub ABŞ Prezidentinin rəhbərliyi ilə yeni administrasiyanın dəstəyinin davam etdirilməsinin göstəricisidir. Tamamilə haqlısınız. Həm bu məktubda, həm də dövlət katibi Reks Tillersonun Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısına ünvanlandığı məktubda səslənən fikirlər, eləcə də mənim bu sərgidə iştirakım bizim təkcə enerji sahəsində deyil, digər sahələrdə də əməkdaşlığımızın davam etdirilməsinə, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində birgə işimizə sadiqliyimizin çox aydın göstəricisidir”.
Görüş zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Azərbaycan prezidenti İlham Əliyev XXIV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçılarına məktub ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli sərgi və konfrans iştirakçıları! Sizi XXIV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. “Xəzər Neft və Qaz” sərgisinin bünövrəsinin qoyulması və xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan yeni neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf edir. Məhz həmin il bağlanan “Əsrin müqaviləsi” sayəsində Xəzər dənizinin nəhəng enerji potensialının xarici şirkətlərlə birlikdə mənimsənilməsinə başlanılıb və keçən müddətdə Azərbaycan özünün neft sənayesində ardıcıl, məqsədyönlü siyasətinin nəticəsi olaraq regionda enerji təhlükəsizliyinin təminatçısına çevrilib.
Bu gün ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Biz üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetirməklə yanaşı, xarici sərmayədarlar üçün də əlverişli şərait yaratmışıq. Azərbaycanın dünyanın ən iri şirkətləri ilə imzaladığı sazişlərlə başlayan dinamik yüksəliş yolu onun Avrasiyanın enerji təhlükəsizliyi üzrə layiqli tərəfdaş olduğunu sübuta yetirib. Ötən dövr ərzində ölkəmiz neft siyasətində davamlı artan xətt üzrə inkişaf tempi nümayiş etdirərək, həm qlobal transmilli layihələrin təşəbbüskarı, həm də onların əsas icraçısı olub. “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, həmçinin TANAP və TAP layihələri respublikamızın mövqeyini və qlobal tərəfdaşlığı daha da möhkəmləndirən uğurlu addımlardır.
“Xəzər Neft və Qaz” sərgi və konfransı Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələrin beynəlxalq işgüzar dairələrə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Ənənəvi olaraq Bakı şəhərində təşkil edilən bu mötəbər tədbir ölkəmizin neft sənayesinə və ümumən enerji sahəsinə böyük marağın göstəricisidir. Əminəm ki, tədbiriniz çərçivəsində geniş müzakirələr və dolğun təhlillər aparılacaq, faydalı əməkdaşlığımızın bundan sonrakı illərdə də inkişafının təmin olunması üçün yeni layihələr hazırlanacaq və səmərəli təkliflər irəli sürüləcək. Hamınıza gələcək fəaliyyətinizdə nailiyyətlər, ölkələrinizə sülh və əmin-amanlıq arzu edirəm”.