Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bir neçə gündür ölkə ərazisində isti hava şəraiti müşahidə olunmaqdadır: “Belə hava şəraiti iyul ayının 6-a kimi davam edəcək. Bir neçə gün ərzində havanın maksimal temperaturu Bakı və Abşeron yarmadasında 35-39, Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 41-43, Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 35-40 və ya 27-42 dərəcə isti olacağı gözlənilir”.
Gülşad Məmmədova qeyd edib ki, havanın temperaturu iyun ayı ilə müqayisədə bir qədər yüksəlib:
“Cənub və cənub-qərb küləyinin üstünlüyü havanın temperaturunun yüksələmsinə şərait yaradır. Hazırda da cənub küləyi davam edir. Havaların isti və yaxud əksinə dəyişməsi barədə məlumat veriləcək”.
Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 34-39 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25 dərəcə,Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.