4 İyul 2017 14:05
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının ikinci mərhələsinə start verilib. Kəndə onlarla kran və yük maşınları cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Sabir Əhmədov açıqlamasında Cocuq Mərcanlıda 100 evin tikintisi üçün 17 hektar torpaq sahəsində təmizləmə işlərinin aparılacağını deyib. Kənddə yeni mənzillər, uşaq bağçası, 50 yerlik xəstəxana, inzibati bina, poçt məntəqəsi, eləcə də kommersiya obyektlərinin inşası nəzərdə tutulub.

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov isə bildirib ki, Cocuq Mərcanlıda aparılan tikinti işlərinin ikinci mərhələsi də kənd sakinlərinin bütünlüklə evlə təmin olunmasına yetməyəcək: “Çünki əhalinin sayı kənd sakinlərinin buranı tərk etdikləri dövrlə müqayisədə iki dəfə artıb. Cocuq Mərcanlı ermənilərin nəzarətinə keçəndə ev hesabı ilə kənddə 209 ev, 250 təsərrüfat var idi. Amma bu gün 418 təsərrüfat, yəni ailə mövcuddur. Həmin dövrdə əhalinin sayı 1070 nəfər idisə, bu gün 1500-dək artıb”.

Qeyd edək ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.


Müəllif: Teleqraf.com