7 İyul 2017 14:08
1 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa cavablandırır:

- Fazil bəy, deputatlar yayda dincəlmək üçün, adətən, xarici ölkələrə üz tuturlar. Siz sosial şəbəkələrdə Lahıcda olduğunuzu qeyd etmisiniz. Lahıcdan sonra istiqamətiniz haradır?

- Mənim həyatımda istirahət ayrıca bir ritual təşkil etmədiyinə görə nə zaman başlayıb, nə zaman bitirdiyimi söyləməkdə çətinlik çəkirəm. Hər bir iş prosesinin bir fasilə bölümü olduğu kimi, istirahət də gündəlik iş həyatının ayrılmaz tərkib hissəsi kimi anlaşılır. Xaricə zərurət olmadıqca getməyi xoşlamıram, kabab mühitindən uzaq durmağa çalışıram və idman profilli istirahətə xüsusi önəm verirəm.

Futbol, basketbol, stolüstü tennis, bilyard, üzmək kimi vərdişlərin hansısa birinə fürsət düşən kimi məmnuniyyətlə qoşuluram. Ancaq bu istirahətin içində toya-yasa getmək, mütailə, yazı yazmaq, sosial şəbəkəni izləmək kimi prosedurlar da var və əslində çalışmaqla istirahət arasında elə də böyük fərq qalmayıb. Lahıca da ekzotika baxımından görmədiyim məkan kimi baş çəkməyi düşündüm və bu təbiət və insan möcüzəsindən çox zövq aldım. Lahıcdan sonra hansısa planlaşdırmam yoxdur.

- Yeri gəlmişkən, Lahıcla bağlı paylaşımınızda yer adlarının öz mahiyyətinə uyğun gəlmədiyini vurğulamısız. Adlar uyğun olmayanda zaman-zaman addəyişmə ilə bağlı qərarlar da verilir. Bu məsələni necə çözmək olar?

- İnsan adlarından tutmuş yer adlarına qədər, təyinatını, mahiyyətini anlamaq mümkün deyil. Məsələn, insan onsuz da Allahın quludur, bizdə nədənsə bunu Allahqulu adı ilə də təsdiqləyirlər. Moneteizmdən uzaq cəmiyyət olduğumuza görə İmamqulu, Əliqulu, Vəliqulu kimi adların verilməsi adi hal alıb. Elə son dövrlərdə türk adlarının verilməsində də uyğunsuzluq hiss edirsən. Ötən əsrdə hind filmlərindən təsirlənərək övladlarına həmin filmlərin qəhrəmanlarının adının verilməsi bir dəb olmuşdu. İslam dini ilə bağlı adların verilməsində də bu təzadı görürsən.

Üstəlik də hər yan Cənnət bağı, hər su Cənnət bulağı, yemək yerləri Cənnət kafesi, restoranı olanda heç nəyin mahiyyətinə varmadan necə qeyri-ciddi yanaşdığımızı aydın görə bilirsən. 10-15 evdən ibarət olan susuz bir kəndin ortasında taxtadan alababat quraşdırılmış alış-veriş yerinin adının “Okean” olduğunu görəndə sözlə, məna ilə necə dalğa keçdiyimizi anlayırsan. Bu səbəbdən də adı Namazgah adlanan yerdə namaza aid heç bir atributun olmaması məhz bizə məxsus özəllik kimi anlaşılmalıdır.

Bu kimi məsələlərin çözümü var, ancaq düşüncə dəyişimi ilə bağlı olduğuna görə hələ ki gerçəkləşdirmək uzun çəkər. Baxın, biz də deputatlar olaraq bu kimi məsələləri ciddi müzakirə etməyə maraq göstərmirik. Özbəöz türk adı olan Dəvəçinin adını dəyişib Şabran qoyanda, biri də uzaq bir susuz kənddə öz dükanına “Okean” adını qoymağa tamamilə haqq qazandıra bilər.

- Bu günlərin əsas müzakirə mövzusu “bakılı-rayonlu” davası ilə bağlıdır. Sizin bu mübahisələrə münasibətiniz necədir?

- Bu söhbəti ortaya atanlar doğru demoqrafik təhlil aparsalar, müqayisə zamanı modern kültür məsələlərində müəyyən yarımçıqlığımızın səbəblərinin aydınlaşdırılmasına imkan yaranardı. Ancaq bu adamlar daha çox nostalgiya psixozu içində problemə aydınlıq gətirməyə çalışırlar, bu zaman elmi izahın olmaması səbəbinə özlərini xeyli gülünc duruma salırlar.

Ümumiyyətlə, bakılılar deyəndə kosmopolit, İçərişəhərin, yaxud qapalı bir kəndin qapalı insanının obrazı önə çəkilir. Ancaq müstəqil bakılı kültürü deyilən bir təzahürdən söhbət gedə bilməz. Burada rus, erməni və bir sıra azsaylı xalqarın təmsilçilərinin sənayeləşmə erasında formalaşdırdıqları davranış streotiplərindən söhbət gedə bilər.

Əslində XX əsr türklərin Bakı uğrunda mübarizə tarixi kimi də xarakterizə oluna bilər. Təkcə bu mübarizə 1918-ci ildə Qafqaz-İslam Ordusunun Bakını işğaldan azad etməsi ilə buranın bir türk dövlətinin paytaxtına çevrilməsindən deyil, həm də Sovet dövründə süni şəkildə ruslaşan, erməniləşən, yəhudiləşən bir şəhərdən türkləşən bir şəhərə çevrilməsi uğrunda mübarizədən söhbət gedir. XX əsrdə Azərbaycan türklərinin Qərbi Azərbaycandan davamlı sürgünləri nəticəsində Bakıda demoqrafik vəziyətin dəyişməsini sağlam mühakimə ilə təhlil edə bilməyənlər bunu bakılı-gəlmə ziddiyyəti kimi primitiv bir izahla təqdim etməyə çalışırlar.

Halbuki bakılı anlayışı daha çox burada hegemon mövqedə olan erməni-rus-yəhudi kültürünün təmsilçilərinə aid oluna bilərdi, azərbaycanlı kimliyini daşıyanların böyük əksəriyyəti bu kültürün primitiv təqlidçiləri idi. XX-ci əsrin əvvəllərində fars və ya ərəb ibarələri ilə danışan cahillərin yerini Sovet dövründə rus söyüş üslubunu qabardan ceyillərin tutması hələ mədəniyyətin inkişafı sayılmazdı.

Mən türklərin 60-cı illərdə bölgədən tələbə-fəhlə statusunda Bakıya axınını XI əsrdə Oğuz türklərinin Azərbaycana axını qədər həyati əhəmiyyətli hadisə hesab edirəm. Bu türklər Bakını özünü bakılı sayaraq aşağı statusda olan azərbaycanlıların deyil, məhz son bir əsrdə sənayeləşmə dalğasında süni surətdə şəhərə məskunlaşdırılmış ermənilərin, rusların, yəhudilərin hegemonluğundan qurtarmağa nail oldular.

Etiraf etmək lazımdır ki, Bakının türkləşməsində ən böyük xidmət ötən əsrin 70-ci illərində Heydər Əliyevin, 80-ci illərin sonlarında isə Azərbaycan Xalq Cəbhəsinin adına yazılmalıdır. Bir gerçəklik var ki, vicdanlı rus, yəhudi, molokan intilligensiyasının mədəniyyətimizə verdiyi töhfənin yerini tam mənada doldurmaq müstəqillik illərində mümkün olmasa da, tədricən bu mirasın yaxşı ənənələrinin dirçəldilməsi üçün atılan addımlar təqdirəlayiq sayılmalıdır. Bütün hallarda belə bir mövzuda predmetsiz müzakirələrin aparılması kimsəyə fayda gətirməz. Əks təqdirdə ətlə dırnaq ayrılması məsələsinə gətirib çıxarması qaçınılmaz olar.

- Sosial şəbəkələrin aktiv istifadəçilərindən sayılırsınız. Aparılan müzakirələr fonunda nələr sizi qıcıqlandırır?

- Məni sosial şəbəkəyə qıcıqlanma mühiti kimi deyil, faydalanma mühiti kimi baxıram. Reallığı qəbul etməlisən ki, sosial şəbəkə də eyniylə bizim cəmiyyətin virtual məkana köçürülmüş modelidir. Kimi gül paylayacaq, kimi ətir saçacaq, kimi bilgisayarın pəncərəsindən zibil atacaq, kimi dedi-qodu, kimi də faydalı bilgi paylaşımı ilə məşğul olacaq. Bu səbəbdən də başqalarının davranışlarının qiymətləndirməsindən uzaq duraraq özünün bu məkanda lazımlılığını, faydalılığını göstərmək barədə düşünməlisən.

- Feysbukda “blok” siyahınızda neçə nəfər var?

- “Blok” siyahımda onlarla adam var, sadəcə bloka salınmaqla bağlı konkret bir səbəb göstərmək mümkün deyil. Kimini cahilliyə, kimini ədəbsizliyə, kimini siyasi-ideoloji xəstəliyə görə uzaqlaşdırmağa məcbur olmuşam. Burada qətiyyən fərqli fikrə neqativ münasibətdən söhbət getmir, adam mənim görüşlərimi qəbul etmir, bunu siyasi və etik plüralizm çərçivəsində bildirməkdən imtina edir və ən kəsə yol olaraq təhqiri seçir.

- Fazil bəy, Qafqaz Müsəlmanları İdarəsinin elanına rəğmən Ramazanda hər il bayram günü ilə əlaqədar anlaşılmazlıq olur. Bunun səbəbi nədədir?

- Bu məsələ hər zaman ona görə ziddiyyət yaradır ki, ortada səmimiyyət olmur. Hər şey ay görünmədən öncə Ramazan ayının başlarında bayramın dəqiq gününün təyin edilməsindən başlayır. İlk olaraq bu yanlışdır, burada mütləq ayaq yeri qoymaq vacibdir, çünki təbiətin bu prosesini yüz faiz dəqiqliklə öncədən müəyyənləşdirmək risqlidir.
Digər tərəfdən, başa ölkələrdə görünən ayın milli ay olmadığına görə inkarından doğan bir davranış var. Halbuki rəsədxanadan əgər obyektiv bilgi almağa imkan verilsə, hər kəs görər ki, əksər İslam ölkələri ilə aramızda elə bir fərq yoxdur. Məncə, Ramazan ayında bəzi insanları Allahın nə deyəcəyi yox, İrandan ayətullahların nə deyəcəyi düşündürür. Halbuki biz müstəqil dövlətik və hansısa qonşu ölkənin davranışlarını yamsılamaq yerinə özümüzdə mövcud rəsədxananın elmi dəqiqliklə müəyyən etdiyi fakta hörmətlə yanaşsaq, Ramazan bayramında hansısa ziddiyyətlər yaşanmaz.

- Fitrə və zəkata münasibətiniz necədir? Kimlərə yardım edirsiniz?

- Zəkat dinin Quranda təsbit edilən ibadət formasıdır, fərz olduğu üçün ona hansısa fərqli münasibət bəsləmirəm. Əsasən Ramazan ayını ölçü götürərək zəkatımı ehtiyacı olanlar verirəm. Fitrə isə fərz olmadığına görə, əsasən Ramazan ayında çevrədə tanıdığım yoxsullara ailə üzvlərinin sayını əsas götürərək uyğun miqdarda verirəm.

Yardım edəcəyim insanlar barədə çevrəmdəkilərin rəyini əsas götürürəm ki, həqiqətən də ehtiyacı olan ünvana verdiklərimiz yönəlsin.

- Oğlunuzun və qızınızın təhsil və peşəsini hansı istiqamətdə görürsünüz? Oğlunuz artıq böyüyüb, heç siyasətlə maraqlanır?

- Bu məsələyə xüsusi müdaxiləm yoxdur. Seçimi özlərinə buraxmışam. Oğlum iqtisadiyyat üzrə xaricdə bakalavr təhsili alır. Mənim işim onun təhsil xərclərini ödəmək və çətinlikərini qarşılamaqdır. Qızım isə hələ birinci sinfi tamamlayıb, hansı istiqamətə meyl edirsə, ona şərait yaratmağa çalışıram.

Müzakirələrimiz istənilən mövzuda olur, ancaq oğlum siyasətlə çox az maraqlanır. Qızım isə yeganə şəxsdir ki, hər gün mənim qarşımda tapşırıqlar qoyur, tələb və tövsiyələrini çatdırır.

- Bu yaxınlarda qızınızla birgə Çarli Çaplnin filmlərinə baxdığınızı yazmışdınız...

- İşlərim nə qədər başımdan aşsa da, qızıma ayırdığım vaxtdan ixtisar etməyim mümkünsüzdür. Heç buna hünərim də çatmaz. Dənizə dedi aparmalıyam, gizlənqaç oynamaq dedi oynamalıyam, dondurma dedi almalıyam, əks halda küsməklə hədələyir ki, bunun da nəticələri ağır olur. Film seyr etmək də bu qəbildəndir.

Televiziyada cizgi filminə baxdısa, onu izləməkdən başqa çarəmiz olmur. Sadəcə düşüncəsi aydın uşaq olduğuna görə davranışlarını məhdudlaşdırmağı düşünmürəm. Çünki yersiz qadağaların uşaq üzərində yaratdığı natamamlıq kompleksinin nəticələri böyüdükcə daha ağır olur. Ancaq bütün bu güzəştlərin dərslərinə və müəyyən olunmuş rəsm, şahmat və rəqs çalışmalarına dəxli yoxdur. Bu məsələdə mənim humanizmimi anasının tələbkarlığı əvəzləyir.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər