14 İyul 2017 14:46
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gələn dövlət qulluqçuları 6 ay işləyir, sonra ərizə yazıb işdən çıxırlar.

Bu sözləri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev Teleqraf.com-a bildirib.

Sədrin sözlərinə görə, dövlət qulluqçuları regionlarda fəaliyyət göstərməkdə maraqlı deyillər: “Məhkəmə orqanı bir kadr yetişdirmək üçün müəyyən qədər vaxt sərf edir. Sonra onlar işi atıb gedir və sərf olunan əmək nəticəsiz qalır”.

Natiq Əliyev qeyd edib ki, parta arxasında oturub, 80 bal toplayıb gəlmiş bir şəxsi mütəxəssis kimi yetişdirmək üçün vaxt lazım olur: “Biz istəyirik ki, əyalətdə qalmaq istəməyən şəxslər dövlət qulluğuna imtahan verməsinlər”.

Məsələyə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə münasibət bildirib.

DİM sədri deyib ki, imtahanda iştirak edənlər yalnız biliyə əsasən bal toplayırlar: “Dövlət orqanı özü müəyyən edir ki, vəzifədə işləyən adam hansı komputer proqramlarını və ya qanunvericiliyi bilməlidir... İxtisas tələbini də dövlət qurumu özü qoyur.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyi istəyir ki, qurumda işə qəbul olan mütəxəssis latın dilini, kompüter proqramlarını da yaxşı bilsin. Amma Azərbaycanda elə mütəxəssis tapmaq asan deyil.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin tələblərindən biri də odur ki, imtahan verən şəxs mütləq Lənkəranda anadan olsun, orda yaşasın. Bu da qeyri-mümkündür. Azərbaycan vətəndaşı istədiyi bölgədə işləyə bilər. Gənclər üçün kadr çevikliyi lazımdır”.

Məleykə Abbaszadə qeyd edib ki, yeni işçinin kadr olaraq hazırlanması və uzun müddət fəaliyyət göstərməsi rəhbərlikdən də asılıdır: “Rəhbərlik qarşısına işçini yola salamq məqsədi qoysa, əlbəttə, işçi 6 ay sonra ərizəsini yazıb gedəcək”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər