Teleqraf.com xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti orqanları rəhbərlərinin keçirdiyi üçtərəfli görüşdə çıxış edən Gürcüstan Baş nazirinin birinci müavini və Maliyyə naziri Dimitri Kumsişvili deyib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstana 500 mın. dollar investisiya yatırıb: "Bizim ticarət dövriyyəmiz 600 mln. dollara çatıb. Türkiyə ilə ibu rəqəm 1,5 mlrd. dollar təşkil edir".
Nazir bildirib ki, Bakı-Tbilisi-Qars dəmiyolu xəttinin açılması yük və sərnişin daşınmasında qənaət etməyə imkan yaradacaq.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə bildirib ki, Bakı-Tbilisi-Qars nəqliyyat tranziti gələcəyə hesablanmış yeni layihə hesab oluna bilər.
Onun sözlərinə görə, bu layihə ölkələrin tranzit imkanlarının genişlənməsi, bazar prinsiplərinin dərinləşməsi və qarşılıqlı iqtisadi əlaqələrin güclənməsində xüsusi rol oynayacaq: “Bu dəmir yolu tranzitinin işə salınması gömrük xidməti orqanlarının da üzərinə böyük məsuliyyət qoyacaq”.
Aydın Əliyev qeyd edib ki, ticarətin və sərhədkeçmə prosedurlarının sadələşdirilməsi işin daha da səmərəli qurulmasına yardım edəcək: “İnanıram ki, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfi bu sahədə birgə fəaliyyət göstərəcəklər”.
Tədbirdə çıxış edən Türkiyə Gömrük və Ticarət naziri Bülənt Tüfəkçi bildirib ki, bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmiryolu xətti açılacaq: "Təəssüf ki, bəzi hüquqi səbəblərdən dəmiryolu xətti bu il tamamlanmadı. BTQ dəniz daşımalarından daha sürətli, avtomobil daşımaçılığımdan isə daha sərfəli olacaq. Layihənin artıq 85%-dən çoxu bitib".
Türkiyəli nazir qeyd edib ki, Türkiyədən çıxan malllar ən qısa müddətdə Gürcüstan, Azərbaycan üzərindən Xəzər dənizinə keçərək, oradan Aktau və Türkmənbaşı limanlarına çatdırılacaq: “Oradan isə Azərbaycan, Gürcüstan və Türkiyədə istehsal olunan məhsullar Çin və daha uzaq bazarlara çıxarıla biləcək. Çində istehsal olunan mallar isə Azərbaycan, Türkiyə və Gürcüstan bazarlarına gətiriləcək. Səylərimizi birləşdirməliyik və əl-ələ verib durmadan çalışmalıyıq.”
Tədbirin sonunda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş" imzalanıb.