Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, paytaxtın Yasamal, Nizami, respublikanın Gəncə, Şirvan, Quba, Tərtər şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 10 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.
Həmin şəxslərdən 309 ədəd dini təyinatlı ədəbiyyat, 34 ədəd CD disk aşkar edilərək götürülüb.
Ümumilikdə cari ilin 6 ayı ərzində "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 138 nəfər saxlanılaraq şəhər-rayon polis şöbələrinə gətirilmişdir. Onlardan 1066 ədəd dini ədəbiyyat, 102 ədəd CD və DVD, 16 ədəd audio kaset, 94 ədəd jurnal aşkar edilərək götürülüb.
Görülmüş tədbirlər nəticəsində 1 fakt üzrə cinayət işi başlanılıb.
Götürülmüş dini təyinatlı ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.
DİN-in təmsilçiləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Baş Prokurorluğun və digər dövlət qurumlarının nümayəndələri ilə birlikdə ictimaiyyət arasında radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri, bu sahədə mübarizənin hüquqi əsasları barədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə zonalar üzrə konfranslar keçirmişlər.