Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata göörə, cari ilin yanvar-iyun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 2447 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.
Qeyd olunan şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər - 464 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.
Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə hazırlığına cəlb edilməsi işləri də davam etdirilir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq cari ilin ötən dövründə Bakı şəhərindəki Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində, habelə 6 saylı, 2 saylı, 4 saylı, 7 saylı, 10 və 16 saylı və Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisələrində peşə hazırlığı kursları təşkil edilib. Həmin cəzaçəkmə müəssisələrindəki peşə tədrisi bazalarında elektrik-qaz qaynaqçısı, dülgər-xarrat, avtomobillərin təmiri üzrə çilingər, komputer texnikasının təmiri, inşaat rəngsazı və s. peşələr üzrə təşkil olunan kurslara cəza müddəti başa çatmaqda olan ümumilikdə 164 nəfər şəxs cəlb edilib. Onlardan böyük əksəriyyəti artıq bu kursları başa çatdırıb və onlara peşə şəhadətnamələri təqdim edilib.
Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun təmin edilməsi yönündə də məşğulluq orqanları tərəfindən müvafiq işlər aparılır.