28 İyul 2017 00:25
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər sürücünün bir neçə ay əvvələ aid cəriməsi sistemdə yoxdura, demək həmin sürücü barəsində yekun qərar qəbul edilməyib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, həmin cəriməni aktivləşdirmək lazımdır ki, cərimə ödənsin: “Vətəndaşa törətdiyi xəta ilə bağlı informasiya verilir. Yəni yol polisi tərəfindən bildiriş vərəqəsi göndərilir. Bildiriş vərəqəsi alan kimi 10 gün müddətində o rəsmiləşdirilməlidir. Özü də bu, onun iştirakı olmadan aktivləşdirilməlidir. Əgər cərimə sistemdə görünmürsə, demək qərar qəbul edilməyib. Təyin edilmiş cərimə məbləği 3 ay müddətində ödənilmirsə, avtomobil sahibinin 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməsi barədə vəsadət qaldırılır. Elə sürücülər var, fikirləşir ki, mənim cərimədən xəbərim yoxdursa, haqlıyam. Ancaq bu onlara haqq vermir ki, cəriməni ödəməsin. Əslində sürücünün cərimədən xəbərsiz olması inandırıcı deyil. Hansı əsrdə yaşayırıq ki, sürücünün xəbəri olmasın? Sürücü polis tərəfindən saxlanaraq, cəriməni ödəmədiyi üçün cərimə meydançasına aparılır. Sürücü yerindəcə cəriməni ödəyərsə, onda sərbəst buraxılır”.

Vaqif Əsədov bildirib ki, cərimə meydançasına aparılan sürücüdən evakuasiya xidmətinin pulu ayrıca alınır: “Pulun məbləği isə avtomobilin nəyə görə evakuasiya edilməsindən asılıdır. Həmin rüsum məbləğlərini Nazirlər Kabineti təyin edir. Cərimə meydançasında qalan avtomobilin növündən asılı olaraq, gününə görə pul ödənilir. Məsələn, minik avtomobilidirsə, gündəlik rüsum 1 manatdır”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər