Bu haqda Teleqraf.com-a təhsil eksperti Kamran Əsədov məlumat verib.
Ekspert bunun səbəbini abituriyentlərin düzgün ixtisas seçimi etməmələrində görür: “Abituriyentlər ixtisas seçimi zamanı yalnız 2016-cı ilin qəbul imtahanlarında formalaşmış ballar olan “Abituriyent 2” jurnalından istifadə ediblər. Bəzi valideynlər və abituriyentlər ordakı balların bu il də təkrar olunacağını düşünürdü.
Halbuki mən dəfələrlə bəyan etmişdim ki, bu ixtisas qrupları üzrə abituriyentlərin sayı və onların topladıqları ballarda artım müşahidə olunur. Ona görə də, yüksək yerlər yazmaları məsləhət deyil. Keçən il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər az idi. Bu il iki dəfə imtahan olduğu üçün abituriyentlərin nəticələri yüksəlib. Hər zaman valideynlərə deyirdim ki, təkcə ötənilki deyil, 2 il əvvəlki nəticələrə də baxın”.
Kamran Əsədov III ixtisas qrupunda 660-dan yuxarı bal toplayan abituriyentlərin kəsilməsinə belə aydınlıq gətirib: “Hər iki abituriyent hüquq fakültəsi ixtisasını dövlət sifarişi əsasında kodlaşdırıblar. Bu il isə həmin ixtisas üzrə keçid balı 671 oldu. Onlar isə 669 balla kəsildilər. Mən heç bir abituriyentə imkan vermirəm ki, az yer yazsın. Hətta 680 bal toplayan 20-dən çox abituriyentə elektron ixtisas seçimi ərizəsində 15 plan yerlərinin hamısını qeyd etmişdim. Yəni mənə müraciət edənlərin hamısında 15 yer seçilmişdi. Bu, şərt kimi idi”.
Kamran Əsədov daha maraqlı statistika da açıqlayıb: “I ixtisas qrupunda 350 baldan yuxarı 23 nəfər, II ixtisas qrupunda 350 baldan yuxarı 31 nəfər, III ixtisas qrupunda 350 baldan yuxarı 192 nəfər, IV ixtisas qrupunda 350 baldan yuxarı 73 nəfər kəsilib.
I ixtisas qrupunda 500 baldan yuxarı 2 nəfər, 400 baldan yuxarı 4 nəfər, II ixtisas qrupunda 430 baldan yuxarı 3 nəfər, 400-dən yuxarı 16 nəfər, III ixtisas qrupunda 500 baldan yuxarı 14 nəfər, 400 baldan yuxarı 57 nəfər, IV ixtisas qrupunda isə 500 baldan yuxarı 17 nəfər, 400 baldan yuxarı 51 nəfər ali məktəblərə qəbul ola bilməyib. Biabırçı vəziyyətdir”.